Yaxın Şərq

İsrailin Baş naziri Benyamin Netanyahu hökuməti ölkə ordusunun (SAXAL) döyüş qabiliyyətini gücləndirmək məqsədilə 400 minə qədər ehtiyatda olan hərbçinin xidmətə çağırılmasına yaşıl işıq yandırıb. "The Times of Israel" qəzetinin yaydığı məlumata görə, bu qərar regional müharibənin miqyasının genişlənməsi fonunda qəbul edilib.

"Hizbullah" hərəkatının rəhbəri Naim Qasim İsrail ordusunun Livana qarşı həyata keçirdiyi hava və quru əməliyyatları fonunda ölkədə milli birliyə çağırıb. Çərşənbə günü verdiyi bəyanatda Qasim İsrailin hücumlarına qarşı "limit tanımadan" mübarizəni davam etdirəcəklərini vurğulayıb. Naim Qasim Livanın hazırda iki seçim qarşısında olduğunu bildirib: "Ya torpaqlarımızdan imtina edib təslim olmalı, ya da qaçılmaz müqaviməti seçməliyik".

İsrail ordusu, atəşkəs elan olunmasına baxmayaraq, Qəzza zolağına hücumlarını davam etdirir. Qəzzadakı Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabr ayından bu yana davam edən hərbi əməliyyatlarda yaşanan itkilərlə bağlı son rəsmi məlumatları paylaşıb. Nazirliyin yazılı açıqlamasında bildirilir ki, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara daha 2 meyit və 11 yaralı gətirilib. Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 689 nəfərin öldürüldüyü, 1860 nəfərin yaralandığı, dağıntılar altından isə 756 cənazənin çıxarıldığı qeyd edilib.

Səudiyyə Ərəbistanında gecə saatlarında ölkənin şərq bölgəsini hədəf alan 27 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Bundan əvvəl yayılan açıqlamada isə ölkənin şərq istiqamətinə yönəlmiş bir ballistik raketin də hava müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilmişdi.

"Hizbullah"ın Baş katibi Naim Qasım 30 iyul 2025-ci ildə, qrup liderlərindən Fuad Şükürün sui-qəsdinin ildönümündə bu ifadəni yüksək tonla işlədərək, təşkilatın İsrailə qarşı mövqeyinin sarsılmazlığını və müqavimət seçimini vurğulamışdı. ABŞ-ın bölgədəki hərbi yığınağının artması və Prezident Trampın İranın Ali Rəhbəri Əli Xameneyini hədəf alan sui-qəsd təhdidləri fonunda Naim Qasımın 26 yanvar 2026-cı il tarixindəki mövqeyi aydın idi: "Hizbullah Trampın təhdidlərinə qarşı bütün tədbirlər və hazırlıqlarla müqavimət göstərəcək, çünki İmam Xameneyiyə toxunmaq bölgədə və dünyada sabitliyin sui-qəsdi deməkdir".

İsrail Knessetinin keçmiş sədri Abraham Burq amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə radikal yəhudi qruplarının Məscidül-Əqsa və Qübbətüs-Səhranı məhv etmək üçün həyata keçirdiyi gizli planların üstünü açıb. Burq 1967-ci ildən bu yana məscidin yerində "Məbəd" inşa etmək istəyən qruplar tərəfindən ən azı 5 ciddi partlayış cəhdinin edildiyini təsdiqləyib.

Fələstin Futbol Assosiasiyası (PFA) FİFA-nın son hesabatında İsrail Futbol Assosiasiyasının (IFA) anti-ayrı-seçkilik öhdəliklərini "çoxsaylı şəkildə pozduğunu" müəyyən etməsindən sonra İsrailin beynəlxalq futboldan kənarlaşdırılması üçün çağırış edib. PFA rəhbəri Cibril Racub İordan çayının qərb sahilində yerləşən Əl-Birə şəhərində keçirdiyi mətbuat konfransında İsrailin bütün beynəlxalq idman institutlarından qovulması üçün səyləri davam etdirəcəklərini bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində regional gərginliklər, xüsusilə ABŞ-İsrail və İran arasındakı müharibə fonunda ölkəsinin strateji mövqeyini və daxili təhlükəsizlik məsələlərini şərh edib. Dövlət başçısı Türkiyənin heç bir provokasiyaya yol verməyəcəyini və "Terrorçusuz Türkiyə" hədəfinə doğru qətiyyətlə irəlilədiyini vurğulayıb.

Paytaxt Beyrutda raket və digər hərbi silahların qanunsuz dövriyyəsi və daşınması ittihamı ilə dörd nəfər barəsində məhkəmə prosesi başlayıb. "Şərq əl-Avsat" qəzetinin yaydığı məlumata görə, hərbi müstəntiq Qada Əbu Əlvan tərəfindən dindirilən iki "Hizbullah" üzvü barəsində həbs qərarı çıxarılıb. Sözügedən şəxslər iki həftə əvvəl Cəbəl-Livan bölgəsinin Kəfrahuna kəndində Bəqaa vadisindən ölkənin cənubuna 21 ədəd raket daşıyarkən saxlanılıblar.

İsraildə qalmağa davam edən Çin vətəndaşlarına aeroportlar, dəniz limanları, elektrik stansiyaları, neft emalı zavodları, eləcə də digər mühüm infrastruktur obyektləri və hərbi zonalardan uzaq durmaq tövsiyə olunub. Qeyd edək ki, Çin rəhbərliyi daha əvvəl İrandakı vətəndaşlarına da bənzər çağırış edərək ölkəni tərk etmələrini istəmişdi. İndiyədək İsraildəki Çin vətəndaşlarına yalnız yüksək riskli zonalardan qaçmaq tövsiyə olunsa da, hücumların intensivləşməsi bu qərarın sərtləşdirilməsinə səbəb olub.