Yaxın Şərq

Paytaxt Beyrutda raket və digər hərbi silahların qanunsuz dövriyyəsi və daşınması ittihamı ilə dörd nəfər barəsində məhkəmə prosesi başlayıb. "Şərq əl-Avsat" qəzetinin yaydığı məlumata görə, hərbi müstəntiq Qada Əbu Əlvan tərəfindən dindirilən iki "Hizbullah" üzvü barəsində həbs qərarı çıxarılıb. Sözügedən şəxslər iki həftə əvvəl Cəbəl-Livan bölgəsinin Kəfrahuna kəndində Bəqaa vadisindən ölkənin cənubuna 21 ədəd raket daşıyarkən saxlanılıblar.

İsraildə qalmağa davam edən Çin vətəndaşlarına aeroportlar, dəniz limanları, elektrik stansiyaları, neft emalı zavodları, eləcə də digər mühüm infrastruktur obyektləri və hərbi zonalardan uzaq durmaq tövsiyə olunub. Qeyd edək ki, Çin rəhbərliyi daha əvvəl İrandakı vətəndaşlarına da bənzər çağırış edərək ölkəni tərk etmələrini istəmişdi. İndiyədək İsraildəki Çin vətəndaşlarına yalnız yüksək riskli zonalardan qaçmaq tövsiyə olunsa da, hücumların intensivləşməsi bu qərarın sərtləşdirilməsinə səbəb olub.

Livan, İranın Beyrut şəhərinə təyin etdiyi səfiri “arzuolunmaz şəxs” elan edərək, 29 Mart tarixinə qədər ölkədən çıxmasını tələb edib. Açıqlamada qeyd olunur ki, Şeybaninin akkreditasiya sənədləri ləğv edilib, “arzuolunmaz şəxs” statusu verilib və ölkə ərazisini tərk etməsi üçün ona 29 Mart tarixinə qədər vaxt verilib.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkə ərazisini hədəf alan 39 İran pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb. Rəsmi açıqlamada qeyd olunub ki, pilotsuz aparatların ölkə ərazisinə çatmasının qarşısı alınıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Bəhreyn Daxili İşlər Nazirliyi İrandan təşkil edilən pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində bir şirkətə məxsus obyektdə yanğın baş verdiyini açıqlayıb. Nazirlikdən edilən yazılı bəyanatda mülki müdafiə qruplarının dərhal hadisə yerinə cəlb olunduğu, yanğının nəzarətə alınaraq söndürüldü bildirilib. PUA hücumunun hansı şəhərdə baş verdiyi və hadisənin digər təfərrüatları barədə hələlik rəsmi məlumat paylaşılmayıb.

Çərşənbə axşamı günü səhər saatlarında təhlükəsizlik və səhiyyə mənbələrinin "Reuters" agentliyinə verdiyi məlumata görə, İraqın qərbindəki Ənbar vilayətində şiə "Həşdi-Şabi" (Xalq Səfərbərlik Qüvvələri - PMF) qüvvələrinə məxsus obyektə endirilən hava zərbələri nəticəsində azı 14 döyüşçü həlak olub, 30 nəfər isə yaralanıb. Həlak olanlar arasında qruplaşmanın Ənbar üzrə əməliyyat komandiri də var.

Suriya ordusu bazar ertəsi günü ölkənin şimal-şərqindəki hərbi bazalarından birinin qonşu İraq ərazisindən raket atəşinə tutulduğunu açıqlayıb. İraq rəsmiləri isə hücumun arxasında yerli silahlı qruplaşmanın dayandığını bildiriblər. Suriya ordusunun bəyanatında qeyd olunur ki, Haseke əyalətinin Əl-Yarubiya qəsəbəsi yaxınlığındakı hərbi baza raket zərbələrinə məruz qalıb. Adının açıqlanmasını istəməyən İraq rəsmisi isə bildirib ki, yerli qruplaşmalardan biri Haseke bölgəsindəki bazaya doğru "Qrad" raketinin təkmilləşdirilmiş versiyası olan yeddi ədəd "Arash-4" raketi atıb.