Yaxın Şərq

İraqın Xarici İşlər naziri Fuad Hüseyn ölkəsinin regional münaqişələrdə iştirak etməyəcəyini və heç bir tərəfin maraqları üçün istifadə olunmayacağını bildirib. Fuad Hüseyn qeyd edib ki, İraq öz ərazilərindən qonşu dövlətlərə qarşı hər hansı hücum və ya təcavüz məqsədilə istifadə olunmasına qəti şəkildə qarşıdır. Bu mövqe ölkənin ərazi bütövlüyü və təhlükəsizlik maraqları baxımından əsas prioritet kimi təqdim olunub.

İsrail ordusu Livanın cənubunda quru əməliyyatlarını genişləndirərək strateji əhəmiyyətli Litanı çayı istiqamətində irəliləməyə başlayıb. Livan hərbi mənbələrinin verdiyi məlumata görə, İsrail qüvvələri bir neçə istiqamətdən hücumu dərinləşdirərək mühüm yaşayış məntəqələrinə daxil olublar. İsrail qoşunları Aytarun qəsəbəsini keçərək Vadi əl-Saluki ətrafına çatıb, eyni zamanda qərb sektorunda yerləşən Əl-Bayada qəsəbəsinə daxil olaraq orada hərbi mövqelər qurublar. Ən kritik irəliləyiş isə Qantara qəsəbəsi yaxınlığından Litanı çayı istiqamətində qeydə alınıb. İsrail bölmələrinin artıq çayın şərq sektorundakı qollarından birinə çatdığı bildirilir.

İsrail Baş naziri Binyamin Netanyahunun İrana qarşı müharibənin başlanğıcında etdiyi qətiyyətli çıxışdan bir ay keçir. O vaxt Netanyahu hərbi əməliyyatın məqsədinin Tehran rejiminin təmsil etdiyi "mövcudluq təhlükəsi"ni aradan qaldırmaq olduğunu bildirmiş və İran xalqını rejimi devirmək üçün hərəkətə keçməyə çağırmışdı.

İtalyan filosofu Antonio Qramşi 1930-cu ildə yazırdı: "Köhnə dünya ölür, yenisi isə doğulmaq üçün mübarizə aparır". Qramşinin marksist baxışlarına baxmayaraq, o, özünü "Tramp dövrü"nün ruhuna yaxın hiss edərdi. Burada "köhnə dünya" – ABŞ-ın İkinci Dünya Müharibəsindən sonra Qərbdə qurduğu, Soyuq Müharibədəki qələbəsindən sonra isə dünyaya yaydığı beynəlxalq sistemdir. Bu layihə müəyyən qədər sülh, rifah və azadlıq təmin edərək dünyanı dəyişdirdi. Lakin bu köhnə sistem bu gün öz missiyasını tükəndirib.

Yaxın Şərqdə davam edən genişmiqyaslı gərginlik fonunda ən çox müzakirə olunan suallardan biri İsrailin regionda mütləq hegemonluq qurmaq imkanıdır. Ekspertlərin fikrincə İsrailin hərbi və texnoloji üstünlüyü onu "məhv etmək" iqtidarında etsə də, bu, heç də regiona "nəzarət etmək" mənasına gəlmir. Regionun gələcəyi şahmat taxtasındakı fiqurlarla deyil, milyonlarla insanın iradəsi ilə formalaşacaq.

Livan İsrailin jurnalistləri hədəfə alması ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət etməyə hazırlaşır. Livanın İnformasiya naziri Pol Morkos bildirib ki, onun rəhbərlik etdiyi qurum Xarici İşlər Nazirliyi ilə birlikdə məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət hazırlayır. Nazir həmçinin jurnalistlərin beynəlxalq səviyyədə qorunmasının vacibliyini vurğulayaraq, bu sahədə mövcud təminatların zəiflədilməsinə qarşı xəbərdarlıq edib.

Livanın cənubunda yerləşən Cəzzin yolunda jurnalistlərin olduğu və üzərində "Mətbuat" (Press) nişanı olan avtomobilə İsrail ordusu tərəfindən hava zərbəsi endirilib. Hücum nəticəsində "Al Mayadeen" telekanalının əməkdaşları Fatimə Ftuni və qardaşı Məhəmməd Ftuni, habelə "Al-Manar" telekanalının tanınmış müxbiri Əli Şuaib həyatını itirib.