BAKI,VOA, Orxan Qədirzadə
İsrail ordusu Livanın "Hizbullah" hərəkatını tərksilah etmək hədəfinə nail olmağın çətinliyini qəbul edərək, bunun üçün bütün Livan ərazisinin tam işğalının lazım olduğunu bildirib.
VOA xəbər verir ki, "Haaretz" qəzetinin məlumatına görə, ordu rəsmiləri müharibənin Hizbullahın silahlı gücü qalmaqla başa çata biləcəyi ehtimalını dəstəkləyiblər. Yüksək rütbəli zabitlərdən birinin qeyd etdiyi kimi, qruplaşmanın tərksilah edilməsi hazırkı hərbi əməliyyatların birbaşa hədəfi deyil, bu, uzun zaman və siyasi gedişlər tələb edən bir prosesdir.
İsrail hərbi rəhbərliyi yaxın günlərdə siyasi rəhbərliyə Livanın cənubunda, sərhəddən 2-3 kilometr dərinlikdə "təhlükəsizlik qurşağı" yaradılmasını nəzərdə tutan plan təqdim etməyə hazırlaşır. Plana əsasən, həmin zonada daimi hərbi postlar qurulmayacaq, lakin mülki əhali ilə hərbçilər arasında qarşıdurmanın qarşısını almaq üçün kəndlərin boşaldılması nəzərdə tutulur.
İsrailin müdafiə naziri İsrail Kats isə Livanın sərhəd kəndlərindəki evlərin Qəzza zolağındakı Rəfah və Xan Yunis şəhərlərində olduğu kimi dağıdılacağını bəyan edib. O, bu evlərin Hizbullah tərəfindən hərbi məqsədlərlə istifadə edildiyini iddia edir. Buna cavab olaraq Hizbullahın parlament fraksiyası bəyan edib ki, Litani çayının cənubunda yaradılacaq hər hansı "bufer zona" işğalçılar üçün məzarlığa çevriləcək və müqavimətin raketləri həmin zonanı asanlıqla keçəcəkdir.
Qeyd edək ki, hazırda Livanın cənubunda İsrailin 4 hərbi diviziyası fəaliyyət göstərir. Martın 2-dən bəri davam edən əməliyyatlarda Livan Səhiyyə Nazirliyinin son məlumatına görə, 1368 nəfər həlak olub, 4138 nəfər isə yaralanıb. İsrail tərəfi isə indiyədək 10 hərbçisinin öldüyünü etiraf edib.