BAKI, VOA - İsrail Knesseti bazar ertəsi axşam saatlarında 62 naxib (deputat) lehinə, 48 naxib əleyhinə və 1 nəfər bitərəf qalmaqla fələstinli məhbusların edamı qanununu qəbul edib. Qanunun mətninə görə, İsrail hər hansı bir İsrail vətəndaşını öldürən istənilən Fələstin vətəndaşına ölüm hökmü tətbiq edə bilər, lakin bu hökm heç bir halda fələstinlini öldürən israilliyə tətbiq oluna bilməz.
Aşağıdakı suallar qanunun detalları, tətbiq mexanizmi və "irqçi" motivləri barədə məlumat verir:
Layihəni kim təklif edib?
Bu qanunu Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin rəhbərlik etdiyi sağçı radikal "Yəhudi Gücü" partiyası və Likud partiyasından Knesset üzvü Nissim Vaturi təqdim edib.
Knesset tərəfindən təsdiqlənən layihənin ən mühüm bəndləri hansılardır?
Asılaraq edam: Cəzanın icrası edam icaraçısının anonimliyini təmin etmək və onu qorumaq üçün üzü maskalı bir həbsxana zabiti tərəfindən asılmaqla həyata keçirilir.
Mütləq toxunulmazlıq: Edamı icra edənlərə tam cinayət və mülki toxunulmazlıq verilir ki, bu da onu eyni zamanda həm "hakim", həm də "cəllad"a çevirir.
Apelyasiyasız edam: Hökm çıxarıldıqdan sonra onun hər hansı şəkildə yüngülləşdirilməsi və ya ləğv edilməsi qadağandır. Ölüm hökmü Baş prokurorun tələbi olmadan da çıxarıla bilər və yekun qərardan sonra 90 gün ərzində icra olunmalıdır.
Tam təcrid: Məhkumlar dar ağacına çıxan ana qədər yeraltı təkadamlıq kameralarda saxlanılır və onlara bütün ziyarətlər qadağan edilir.
Qanunun əsas mənzərəsi hansıdır?
Tətbiq dairəsi: Qanun, tətbiqinin yalnız İsrailin nəzarəti altında olan ərazilərdə yaşayan Fələstin vətəndaşlarına şamil ediləcəyini nəzərdə tutur.
Cəzanın verilməsi: İordaniyanın qərb sahilində (İordan çayının qərb sahili) yaşayan və "terror aktları" çərçivəsində qəsdən adam öldürməkdə təqsirli bilinən qeyri-israillilərə ölüm hökmü verilir; ömürlük həbs variantı isə yalnız çox müstəsna hallarda saxlanılır.
Hərbi məhkəmənin səlahiyyəti: Hərbi məhkəmənin ölüm hökmü çıxarması üçün prokurorluğun tələbi şərt deyil və hakimlər heyətinin yekdil qərarı tələb olunmur. Həmçinin hakimlərin rütbəsinin polkovnik-leytenantdan aşağı olmaması məcburiyyəti də yoxdur.
Hərbi komandanın səlahiyyəti: Müvafiq bölgədəki İsrail qüvvələrinin komandanının ölüm hökmünü əfv etmək, yüngülləşdirmək və ya ləğv etmək hüququ yoxdur.
Cəza qanununa düzəliş: Qanun cəza qanununa düzəliş edilməsini nəzərdə tutur ki, buna əsasən "terror aktı şəraitində İsrail dövlətinin mövcudluğunu inkar etmək məqsədilə hər kim bir şəxsin ölümünə səbəb olarsa, o, yalnız ölüm və ya ömürlük həbslə cəzalandırılır".
Hökmün icrası: Ölüm hökmü yekun qərar tarixindən sonra 90 gün ərzində asılmaqla icra olunur. Baş nazir xüsusi səbəblərlə icranı məhkəmədən ümumi müddəti 180 günü keçməmək şərtilə təxirə salmağı xahiş edə bilər.
Hökumətin səlahiyyətləri: Hökumətə ölüm cəzası ilə cəzalandırılan, şübhəli bilinən və ya ittiham olunan şəxsin azadlığa buraxılması barədə əmr vermək hüququ verilmir.
Həbsxana vəziyyəti: Həbsxanalar qanunu ölüm hökmü almış şəxsin təkadamlıq kamerada saxlanma şəraiti, onunla təmasın məhdudlaşdırılması və icranın məxfiliyini müəyyən etmək üçün dəyişdirilir.
Qanun kimlərə tətbiq olunacaq?
İsrailin "Haaretz" qəzeti qeyd edib ki, qanun mətni ölüm cəzasının "İsrail dövlətinin mövcudluğunu inkar etmək məqsədilə" adam öldürənlərə tətbiq ediləcəyini bildirməklə "Fələstin terroru ilə yəhudi terroru arasında fərq qoyur". Qəzet əlavə edib ki, qanun hazırda İsrailin faktiki nəzarət etdiyi hər bir ərazidə, o cümlədən Qərb sahilində və Qəzza zolağının 53%-də (hansı ki, hələ də geniş əraziləri işğal altındadır) tətbiq olunur.
"Sülh və Bərabərlik Naminə Demokratik Cəbhə" partiyasından Knesset üzvü Ofer Kassif bildirib ki, "layihə faktiki olaraq yalnız ərəb vətəndaşlarına, qətl hadisələrində təqsirli bilindikləri halda tətbiq olunmasını nəzərdə tutur". O əlavə edib ki, layihəni dəstəkləyənlər "yəhudi terroru" deyilən bir anlayışı inkar edir, fələstinliləri (o cümlədən uşaqları) isə ümumi şəkildə "terror" çərçivəsində görürlər.
"Dəyişiklik Naminə Ərəb Cəbhəsi" blokundan olan Knesset üzvü Aida Touma isə bildirib ki, qanun hərbi ədliyyəni dərhal ölüm hökmü çıxarmağa məcbur edir, humanitar vəziyyəti və ya apelyasiya imkanını istisna edir ki, bu da beynəlxalq qanunlara və insan haqlarına ziddir. O, qanunun hazırkı məhbuslara geriyə doğru şamil edilməyəcəyini, lakin bundan sonra işlərinə hərbi məhkəmələrdə baxılan təxminən 250-300 fələstinlinin bu yeni qanunla üzləşəcəyini qeyd edib.
Niyə bu qanun irqçi hesab olunur?
Qanun mətni tətbiq dairəsini yalnız "ideoloji və ya milli" zəmində olan hallarla məhdudlaşdırır ki, bu da praktiki olaraq fələstinliləri hədəf almaq kimi yozulur; çünki məskunlaşanlar və ya yəhudi vətəndaşlar üçün bənzər bir bənd yoxdur. Ekspertlər və hüquqşünaslar qanunun yaşamaq hüququ ilə bağlı beynəlxalq müqavilələri pozduğunu və qanunla dəstəklənən bir aparteid modeli olduğunu hesab edirlər.
Fələstin Milli Təşəbbüsünün Baş katibi Mustafa Barquti qanunun İsrailin faşizmə doğru dönüşünün davamı olduğunu və irqi ayrı-seçkiliyi rəsmiləşdirdiyini bildirib. O qeyd edib ki, bu, yalnız fələstinlilərdən siyasi qisas almağa çalışan bir sistemin məhsuludur. "New York Times" isə yazıb ki, bu qanun sağçı radikalların qələbəsidir və 7 oktyabr hücumlarından sonra ölkənin daha da sərtləşdiyini göstərir.
"Torpaq Günü" ilə üst-üstə düşməsi təsadüfdür?
Fələstinlilərin 30 mart "Torpaq Günü"nün 50-ci ildönümünü qeyd etdiyi bir vaxtda bu qanunun qəbulu təsadüf hesab edilmir. Torpaq Günü 1976-cı ildə İsrail qüvvələri tərəfindən torpaqları müsadirə edilən fələstinlilərin keçirdiyi tətil və baş verən toqquşmalarda 6 şəhid verdiyi tarixi gündür. Sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, bu, xalqımıza qarşı aparılan müharibənin tərkib hissəsidir.
Fransanın "Le Monde" qəzeti isə yazıb ki, bu qanun hakimlər üçün çox dar bir manevr sahəsi qoyur və qərar məhkəmənin yekdilliyi əvəzinə, hakimlərin sadə səs çoxluğu ilə qəbul edilə bilər. Qanunun səsverməsi həmçinin ordunun Qərb sahilində əməliyyat qaydalarını (rules of engagement) dəyişdiyi — əsgərlərə təhdid hiss etdikləri an fələstinliləri öldürmək üçün silah istifadə etməsinə icazə verildiyi bir vaxta təsadüf edir.