Bakı. AzerVoice:
Fələstin Brləşmiş Millətlər Təşkilatında (BMT) tamhüquqlu üzv statusu almalıdır.
AzerVoice xəbər verir ki, Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur beynəlxalq ictimaiyyəti Fələstini tanımağa çağırıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında ABŞ-ın Fələstinin BMT-yə üzvlüyünü tələb edən qətnamə layihəsinə veto qoyması müzakirə edilib.
Mənsur Qəzzada həm BMT Baş Assambleyasının, həm də BMT Təhlükəsizlik Şurasının tələb etdiyi atəşkəsin dərhal həyata keçirilməli olduğunu vurğulayıb.
O bildirib ki, bir tərəfdən iki dövlətli həll dəstəklənsə də, digər tərəfdən də İsrailin Fələstin dövlətini məhv etməyə çalışmasına səssiz qalmaq olmaz.
Mənsur mayın 10-da Baş Assambleyada fövqəladə iclas keçiriləcəyini və orada Fələstinin BMT-yə üzvlüyünün yenidən gündəmə gətiriləcəyini açıqlayıb.
Xatırladaq ki, aprelin 19-da ABŞ BMT Təhlükəsizlik Şurasında Fələstinin BMT-yə tam üzvlüyünü tələb edən qətnamə layihəsinə veto qoyub.
İngiltərə və İsveçrə səsvermədə “bitərəf” qaldığı halda, Rusiya, Çin, Fransa, Əlcəzair, Malta, Ekvador, Qayana, Sloveniya, Sierra Leone, Mozambik, Cənubi Koreya və Yaponiya “hə” deyə səs verib.
Fələstin 2011-ci ildə BMT-yə tamhüquqlu üzv olmaq üçün müraciət etsə də, BMT Təhlükəsizlik Şurasında lazımi dəstəyi ala bilməyib, 2012-ci ildə isə BMT-də "daimi müşahidəçi" statusu alıb.
Hafiz Rufizoğlu