#Nəbətiyyə

İsrailə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda yaşayış binasını hədəfə alıb. Hücum Nəbətiyyə əl-Fovqa qəsəbəsində baş verib. Zərbələr nəticəsində mənzildə yanğın baş versə də, ilkin məlumata görə, itki qeydə alınmayıb. Livan rəsmilərinin məlumatına əsasən, martın 2-dən bəri İsrailin hücumları nəticəsində 4 332 nəfər həlak olub, 12 236 nəfər yaralanıb. Hadisə ABŞ-nin vasitəçiliyi ilə əldə olunan İsrail-Livan razılaşmasından sonra baş verib. Razılaşma İsrail qüvvələrinin Livan ərazilərindən mərhələli çıxarılmasını nəzərdə tutur. İsrail tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

İsrail ordusu Livanın Beyt Yəhun qəsəbəsinin şərq hissəsinə daxil olub. Əraziyə üç tank və bir neçə buldozer cəlb edilib. Livanın Milli Xəbər Agentliyi bu barədə məlumat yayıb. İsrail qüvvələrinin Hula yaşayış məntəqəsində yanğın törətdiyi bildirilir. Hadisə nəticəsində evlərə və zeytun bağlarına ziyan dəyib. Bundan əvvəl Əl-Mənsuriyə hava zərbəsi endirilmişdi. Nəbatiyyə bölgəsində də yaşayış evlərinin partladıldığı bildirilir. Livanın cənubunda gərginlik davam edir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu Livanda azı 100 min uşağın yeni dərs ilindən kənarda qala biləcəyi barədə xəbərdarlıq edib. Məlumata görə, İsrailin hücumları nəticəsində 340 məktəb zədələnib, 17 məktəb isə tamamilə dağılıb. Ən çox zərər Nəbətiyyə, Bəqaa vadisi, Bəlbək-Hirmil, Beyrut və Cəbəl-Livan bölgələrində qeydə alınıb. Təşkilat məktəblərin sentyabr ayına qədər təmir olunmasının vacibliyini vurğulayıb. Bildirilib ki, uzunmüddətli təhsil fasiləsi uşaqların psixi sağlamlığına və gələcəyinə mənfi təsir göstərə bilər. Məktəblərin bərpası üçün təcili maliyyə dəstəyi tələb olunur. Livanda yeni tədris ili öncəsi vəziyyət narahatlıq doğurur.