İraqın Süleymaniyə şəhərində neft məhsullarının saxlanıldığı müəssisədə baş verən güclü yanğın nəticəsində, əsasən müəssisə əməkdaşları olmaqla, təxminən 30 nəfər yaralanıb.
Yanğın Tancro Sənaye Bölgəsindəki yanacaq istehsalı müəssisəsində gecə saatlarında başlayıb. Alovun neft məhsullarının saxlanıldığı çənlərə keçməsindən sonra ərazidə partlayış səsləri eşidilib.
Sivil Müdafiə qüvvələri yanğının söndürülməsi üçün səfərbər edilib və alov təxminən 4 saat sonra tam nəzarətə götürülüb. Müdaxilə zamanı 4 yanğınsöndürən də yaralanıb və onlara hadisə yerində tibbi yardım göstərilib.
Yaralananların əksəriyyətinin xəstəxanalardan buraxıldığı, ağır xəsarət alan İran vətəndaşı bir işçinin isə müalicəsinin davam etdiyi bildirilib.
Süleymaniyə vali müavini Şaho Osman şəhərdə yanacaq və neft məhsullarının təchizatında fasilə və qıtlıq yaranmayacağını açıqlayıb.