BAKI,VOA Orxan Qədirzadə
İraq Baş naziri Əli Falih əz-Zeydi Türkiyə şirkətlərini ölkədəki strateji infrastruktur və enerji layihələrinə investisiya yatırmağa dəvət edib.
İraq hökumətinin məlumatına görə, Zeydi Kalyon Holdinqin İdarə Heyəti sədrinin müavini Lütfi Elvan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, həmçinin Türkiyə şirkətlərinin İraqın inkişaf layihələrində iştirakı müzakirə olunub.
Baş nazir Türkiyə şirkətlərini ölkədə mövcud investisiya imkanlarından yararlanmağa çağırıb. İraqda hava limanlarının tikintisi və idarə olunması, İnkişaf Yolu layihəsi çərçivəsində dəmir yolu xətlərinin inşası, Nəcəf-Kərbəla metro xətti, elektrik enerjisi, istilik elektrik stansiyaları və günəş enerjisi layihələri əsas investisiya sahələri kimi göstərilib.
Bundan başqa, bəndlərin tikintisi və kənd təsərrüfatının inkişafı istiqamətində də geniş imkanların olduğu bildirilib.
Lütfi Elvan isə iri türk şirkətlərinin İraq bazarına daxil olaraq investisiya yatırmağa hazır olduğunu deyib. Onun sözlərinə görə, ölkədə investisiya mühitinə inam artır və hökumətin təqdim etdiyi güzəştlər investorların marağını gücləndirir.