İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib ki, ABŞ və İsrailin İran ərazisinə hücumları ilə başlayan müharibədə Livanadakı atəşkəs, müharibənin sonlandırılmasına yönəlmiş hər hansı bir razılaşmanın ayrılmaz hissəsidir.
İran
Nazirin sözlərinə görə, danışıqlar hələ yekun nəticəyə çatmayıb və hazırda yayılan hər hansı məlumat yalnız ehtimallar hesab olunmalıdır. İran və ABŞ arasında diplomatik danışıqlar və mesaj mübadiləsi davam edir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Niderland polisi tərəfindən hamilə Fələstinli qadına qarşı zorakılıq törədilməsini pisləyib. O bildirib ki, yayılan videoda Niderland polis əməkdaşı hamilə qadını yerə atır və onu zorla sürüyür, bu zaman onun ərinin saxlanıldığı qeyd olunub.
İran parlamentinin sədri və danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ ilə davam edən danışıqlarla bağlı ölkəsinin mövqeyini açıqlayıb. Onun sözlərinə görə, diplomatiyanın əsas məqsədi qarşıdurma meydanında əldə olunan nəticələri siyasi müstəvidə möhkəmləndirməkdir.
Mövcud şəraitdə Rusiya və İran ənənəvi mənada müttəfiq deyil. Onlar daha çox xarici təzyiqlərə qarşı dayanıqlılığı artırmağa yönəlmiş yeni strateji modelin tərəfdaşlarıdır. Bu modelin məqsədi beynəlxalq sistemə hakim olmaq deyil, hər hansı bir gücün tam hakimiyyət qurmasını çətinləşdirməkdir.
Ana, oğlunun üzünü sıralarda görür, eyni zamanda əvvəllər tanış olmayan marşları və şüarları eşidir. Səssizcə dərk edir ki, buradakıların çoxu eyni yolu keçə bilər, amma heç nə demir. İki il əvvəl Ummu Amir 17 yaşlı yeganə oğlunu itirdi. Oğlu ona cansız bir meyit kimi, şəkli bir qutunun üzərinə bərkidilmiş halda qayıtdı. Ona dedilər: "Sevin, o, şəhidlik zirvəsinə ucalıb". Xanım danışarkən oğlunun həmin yay düşərgəsinə qoşulduqdan sonra necə tədricən dəyişdiyini xatırlayır. O, daha səssizləşmiş, bəzən daha aqressiv olmuşdu; sanki yeganə yolu imiş kimi "cihad" və "qələbə" haqqında öyrəşmədiyi ifadələr işlədirdi. Nələr baş verdiyini anlamırdı, lakin oğlunun gözlərində onu özündən uzaqlara aparan bir baxış görmüşdü. Bu gün o, yalnız göz yaşlarını gizlicə silir və ailəni dolandıran oğlunu itirdikdən sonra, üç qızını saxlamaq üçün "şəhid anası" sifəti ilə aldığı süpürgəçi işinə davam edir.
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, İran limanına doğru hərəkət edən Qambiya bayraqlı "Lian Star" yük gəmisi ABŞ qüvvələrinin müdaxiləsi nəticəsində dayandırılıb. Rəsmi məlumata görə, gəmi beynəlxalq sularda hərəkət edərkən ona 20-dən çox xəbərdarlıq edilib, lakin ekipaj bu çağırışlara əməl etməyib. Nəticədə ABŞ hərbi təyyarəsi gəminin mühərrik bölməsinə raket zərbəsi endirib və gəmi hərəkətsiz vəziyyətə salınıb. Vaşinqton eyni zamanda bildirib ki, İranla qüvvədə olan atəşkəs dövründə tətbiq edilən blokada tədbirlərinin icrası çərçivəsində indiyədək bir neçə ticarət gəmisi dayandırılıb və çoxsaylı gəmilər marşrutlarını dəyişməyə məcbur edilib.
Həməd bin Xəlifə Universitetinin ictimai siyasət üzrə professoru Sultan Bərakətin fikrincə, Vaşinqton və Tehran arasında davam edən danışıqlar mürəkkəb mərhələyə daxil olub. Ekspert hesab edir ki, Donald Tramp xüsusilə qarşıdan gələn Dünya Kuboku ərəfəsində İranla genişmiqyaslı hərbi qarşıdurmaya girmək istəmir. Onun sözlərinə görə, Ağ Ev bir tərəfdən diplomatik həll yolu axtarır, digər tərəfdən isə regiondakı hərbi və siyasi reallıqları nəzərə almağa məcburdur. Bərakət həmçinin İsrailin Livandakı əməliyyatlarının və Livanda atəşkəs məsələsinin ABŞ-İran danışıqlarının gələcəyinə birbaşa təsir etdiyini bildirib.
Doha Ali Təhsil İnstitutunun tədqiqatçısı Mühənnəd Səllum hesab edir ki, Vaşinqton və Tehran arasında aparılan danışıqlarda ən mürəkkəb məsələlərdən biri ABŞ-da saxlanılan milyardlarla dollarlıq İran aktivləridir. Ekspertin fikrincə, İran yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı güzəştlərə gedəcəyi təqdirdə, bunun qarşılığında konkret iqtisadi fayda əldə etmək istəyir. Səllum qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp hərbi qarşıdurmadan daha çox təzyiq yolu ilə razılaşmaya nail olmağa üstünlük verir. Bununla yanaşı, ekspert Tehranın ABŞ administrasiyasına tam etibar etməməsinin müəyyən tarixi səbəblərinin olduğunu da vurğulayıb.
İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı Hörmüz boğazında bütün keçid proseslərinin İran Silahlı Qüvvələrinin nəzarəti altında həyata keçirildiyini bəyan edib. Rəsmi açıqlamada ticarət və hərbi gəmilərin yalnız müəyyən edilmiş marşrutlarla hərəkət etməli olduğu vurğulanıb. Eyni zamanda bildirilib ki, qaydaların pozulması bölgədə gəmiçiliyin təhlükəsizliyini risk altına qoya bilər. İran İslam İnqilabı Keşikçiləri Korpusu isə xarici hərbi qüvvələrin boğazdakı fəaliyyətinə və ya gəmiçilik proseslərinə müdaxiləsinə qarşı cavab tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edib. Açıqlama Hörmüz boğazında təhlükəsizlik məsələlərinin beynəlxalq gündəmdə ön plana çıxdığı bir vaxtda səsləndirilib.
İran hökuməti ABŞ ilə aparılan danışıqlarda müəyyən irəliləyişlərin əldə olunmasına baxmayaraq, yekun razılaşma üçün əsas maneənin sanksiyalar məsələsi olaraq qaldığını açıqlayıb. Tehran tərəfi hələlik hər hansı saziş üçün konkret vaxt çərçivəsinin müəyyən edilmədiyini və tələsik qərar qəbul etmək niyyətində olmadığını vurğulayıb. İran rəsmilərinin sözlərinə görə, ölkənin milli maraqlarını və hüquqlarını təmin etməyən heç bir razılaşma qəbul olunmayacaq. Eyni zamanda bildirilib ki, etimad quruculuğu istiqamətində ilkin addımlar atılmadan nüvə proqramı ilə bağlı daha geniş müzakirələrə keçid mümkün deyil.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazından 20 gəminin keçidinin İran qüvvələrinin koordinasiyası ilə həyata keçirildiyini bildirib. Açıqlama boğazın idarə olunması ilə bağlı Tehran və Vaşinqton arasında davam edən müzakirələr fonunda verilib.