BAKI,VOA, Fərid Mikayılov
Səudiyyə Ərəbistanı Fransanın paytaxtı Paris yaxınlığında üç böyük əyləncə parkının tikintisinə 6 milyard avro sərmayə qoyacaq. Layihənin həyata keçirilməsi nəticəsində 22 min yeni iş yerinin yaradılması nəzərdə tutulur.
VOA xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanının Paris yaxınlığında üç əyləncə parkının inşasına sərmayə yatıracağını açıqlayıb. Layihə Fransa turizm sektoruna son illərin ən böyük sərmayələrindən biri kimi qiymətləndirilir.
Layihəyə dair razılaşma Emmanuel Makron və Səudiyyə Ərəbistanının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman arasında imzalanıb. Yelisey Sarayının məlumatına görə, tərəflər görüş zamanı əsas iqtisadi və strateji məsələlərlə yanaşı, mühüm regional mövzuları da müzakirə ediblər.
Makron sosial şəbəkədəki paylaşımında 6 milyard avroluq sərmayəni mühüm hadisə adlandıraraq, yeni əyləncə parklarının gələcəkdə qlobal turizm məkanlarından birinə çevriləcəyini bildirib.
Fransa Prezidentinin sözlərinə görə, layihənin reallaşdırılması nəticəsində təxminən 22 min nəfər işlə təmin olunacaq.
Əyləncə parklarının Parisin şimal-qərbində, keçmiş “Mirapolis” əyləncə parkının yerləşdiyi Serji-Pontuaz ərazisində inşa edilməsi planlaşdırılır. Layihə çərçivəsində müxtəlif mövzulu əyləncə məkanlarının, o cümlədən yapon təsvirli hekayələrinə həsr olunmuş xüsusi parkın yaradılması nəzərdə tutulur.
Layihənin həyata keçirilməsində Səudiyyə Ərəbistanının “Qiddiya” investisiya şirkətinin əsas rol oynayacağı gözlənilir.
Makron Səudiyyə Ərəbistanına və “Qiddiya” şirkətinə Fransaya göstərdikləri etimada görə təşəkkür edib. O bildirib ki, Fransa əyləncə sənayesində “Disneylend Paris” layihəsindən sonra bu miqyasda sərmayə qoyuluşu qeydə alınmayıb.
İl-de-Frans Regional Şurasının sədri Valeri Pekres də layihəni yüksək qiymətləndirib. Onun sözlərinə görə, regional hakimiyyət son 18 ay ərzində layihənin həyata keçirilməsinə dəstək göstərib.
Pekres vurğulayıb ki, Fransa dünyanın aparıcı turizm istiqamətlərindən biridir və ölkənin yeni iş yerlərinə, eləcə də iri xarici sərmayələrə ehtiyacı var.
Səudiyyə Ərəbistanının milyardlarla avroluq sərmayəsinin Paris ətrafında yeni turizm və əyləncə mərkəzinin formalaşmasına, bölgəyə turist axınının artmasına və minlərlə yeni iş yerinin yaradılmasına təkan verəcəyi gözlənilir.