BAKI,VOA,Yusif Şərifzadə
İranın İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətində silahlı qrupun zərərsizləşdirildiyini açıqlayıb.
VOA xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata əsasən, İslam İnqilabı Keşikçiləri Korpusunun Həmzə Seyid əş-Şühəda qərargahı əməliyyatın Mahabad və Piranşəhr şəhərləri yaxınlığındakı dağlıq ərazilərdə həyata keçirildiyini bildirib.
Məlumata görə, təhlükəsizlik qüvvələri ağır silahlardan istifadə etməklə silahlı qrupla toqquşmaya giriblər.
Açıqlamada bildirilir ki, əməliyyat zamanı silahlı qrupun dörd üzvü öldürülüb.
Həmçinin onların istifadə etdiyi silah və digər avadanlıqların ələ keçirildiyi qeyd olunub.
İran rəsmiləri qrupu "silahlı terrorçu-separatçı dəstə" kimi təqdim ediblər.