BAKI, VOA
1899-cu il avqustun 15-də amerikalı ixtiraçı və sənayeçi Henri Ford avtomobil istehsalına fokuslanmaq üçün Detroitdə yerləşən Edison Illuminating Company şirkətində baş mühəndis vəzifəsindən istefa verib.
Ford Edison şirkətində 8 il çalışdığı müddətdə əsas məqsədi benzinlə işləyən avtomobil yaratmaq olub. O, 1893-cü ildə ilk işlək benzin mühərrikini, 1896-cı ildə isə “Quadricycle” adlandırdığı ilk avtomobilini hazırlayıb.
1899-cu ilin avqustunda investorların təxminən 150 min dollar dəstəyi ilə Detroit Automobile Company yaradılıb. Ford şirkətdə mexaniki rəhbər vəzifəsini tutmaq üçün Edisonun təklif etdiyi daha yüksək maaşdan imtina edib.
İlk şirkətin fəaliyyəti uğursuz nəticələnsə də, Ford avtomobil istehsalından vaz keçməyib. 1903-cü ildə Ford Motor Company-ni yaradıb. Şirkətin 1908-ci ildə “Model T” modelini təqdim etməsi isə Fordun avtomobil sənayesində dünya miqyasında tanınmasına səbəb olub.