BAKI,VOA
1492-ci il avqustun 3-də italiyalı səyyah Kristofer Kolumb İspaniyanın Palos limanından Çinə, Hindistana və Asiyanın əfsanəvi qızıl və ədviyyat adalarına qərb dəniz yolu tapmaq məqsədilə tarixi ekspedisiyaya yola düşüb.
Kolumb "Santa Mariya", "Pinta" və "Ninya" adlı üç gəmidən ibarət ekspedisiyaya rəhbərlik edirdi. Səfər təxminən iki ay davam etdikdən sonra, 1492-ci il oktyabrın 12-də ekspedisiya Baham adalarında yerləşdiyi ehtimal edilən Vatlinq adasına çatdı.
Daha sonra Kolumb Kubaya çatdı və buranı materik Çin hesab etdi. Həmin ilin dekabrında isə Hispaniola adasına (indiki Haiti və Dominikan Respublikasının yerləşdiyi ada) endi və buranın Yaponiya ola biləcəyini düşündü. O, burada 39 nəfərlik kiçik məskən yaratdı.
Kolumb 1493-cü ilin martında qızıl, ədviyyatlar və yerli sakinlərdən götürülmüş əsirlərlə İspaniyaya qayıtdı. O, kral sarayında böyük ehtiramla qarşılandı.
Tarixçilərin fikrincə, Kolumb X əsrdə Qrenlandiya və Nyufaundlenddə məskunlaşan vikinqlərdən sonra Amerika qitəsinə çatan ilk avropalı səyyah olub.
Kristofer Kolumb həyatı boyu Amerikaya ümumilikdə dörd ekspedisiyaya rəhbərlik edib. O, Karib hövzəsində bir sıra adaları, Meksika körfəzini, həmçinin Cənubi və Mərkəzi Amerikanın bəzi sahillərini tədqiq etsə də, əsas məqsədi olan Asiyaya qərb dəniz yolunu tapa bilməyib.
Kolumb 1506-cı ildə İspaniyada vəfat edib. O, Avropa üçün "Yeni Dünya" adlandırılan qitənin kəşfinin miqyasını tam dərk etməsə də, onun səfərləri sonrakı əsrdə İspaniyanın dünyanın ən varlı və ən güclü dövlətlərindən birinə çevrilməsində mühüm rol oynayıb.