BAKI,VOA
16 aprel 1917-ci ildə Bolşeviklər Partiyasının lideri Vladimir Lenin on illik mühacirətdən sonra Rusiya inqilabının cilovunu ələ almaq üçün Petroqrada qayıdır.
1870-ci ildə Vladimir İliç Ulyanov olaraq doğulan Lenin, 1887-ci ildə qardaşının Çar III Aleksandra qarşı sui-qəsd planlaşdırdığına görə edam edilməsindən sonra inqilabçı hərəkata cəlb olunmuşdu. O, hüquq təhsili almış və Petroqradda (indiki Sankt-Peterburq) hüquqşünaslıq fəaliyyətinə başlamışdı; burada o, inqilabçı marksist dairələrə qoşulmuşdu. 1895-ci ildə paytaxtdakı marksist qrupları fəhlələri marksizm ideyalarına cəlb etməyə çalışan "Fəhlə Sinfinin Azadlığı uğrunda Mübarizə İttifaqı"nda birləşdirməyə kömək etdi. 1895-ci ilin dekabrında Lenin və İttifaqın digər liderləri həbs olundu. Lenin bir il həbsxanada qaldı, sonra isə üç illik müddətə Sibirə sürgün edildi.
1900-cü ildə sürgün müddəti bitdikdən sonra Lenin Qərbi Avropaya getdi və burada inqilabi fəaliyyətini davam etdirdi. Məhz bu dövrdə o, "Lenin" təxəllüsünü qəbul etdi. 1902-ci ildə o, Rusiyaya sosializmi yalnız peşəkar inqilabçılardan ibarət intizamlı bir partiyanın gətirə biləcəyini müdafiə edən "Nə etməli?" adlı broşürünü nəşr etdirdi. 1903-cü ildə Londonda digər rus marksistləri ilə görüşərək Rusiya Sosial-Demokrat Fəhlə Partiyasını (RSDFP) təsis etdi. Lakin elə başlanğıcdan Leninin militarizmi (hərbiləşməni) müdafiə edən Bolşevikləri (çoxluq) ilə sosializmə doğru demokratik hərəkatı müdafiə edən Menşeviklər (azlıq) arasında parçalanma yarandı. Bu iki qrup RSDFP çərçivəsində getdikcə bir-birinə qarşı çıxdı və Lenin 1912-ci ildə Bolşeviklər Partiyasının konfransında bu parçalanmanı rəsmiləşdirdi.
1905-ci il Rusiya inqilabı başladıqdan sonra Lenin Rusiyaya qayıtdı. Əsasən bütün Rusiya imperiyası boyu tətillərdən ibarət olan inqilab, II Nikolayın islahatlar vəd etməsi (Rusiya konstitusiyasının qəbulu və seçilmiş qanunverici orqanın yaradılması daxil olmaqla) ilə sona çatdı. Lakin asayiş bərpa olunduqdan sonra çar bu islahatların çoxunu ləğv etdi və 1907-ci ildə Lenin yenidən mühacirətə getməyə məcbur oldu.
Lenin 1914-cü ildə başlayan Birinci Dünya müharibəsinə imperialist münaqişə kimi qarşı çıxdı və proletar əsgərləri öz silahlarını onları qanlı səngərlərə göndərən kapitalist liderlərə tərəf çevirməyə çağırdı. Rusiya üçün Birinci Dünya müharibəsi görünməmiş bir fəlakət idi: Rusiyanın itkiləri hər hansı bir dövlətin əvvəlki müharibələrdə verdiyi itkilərdən daha çox idi. Bu arada, iqtisadiyyat bahalı müharibə səyləri səbəbindən ümidsiz şəkildə pozulmuşdu və 1917-ci ilin martında Petroqradda ərzaq qıtlığına görə iğtişaşlar və tətillər başladı. Ruhdan düşmüş ordu qoşunları tətilçilərə qoşuldu və 15 mart 1917-ci ildə II Nikolay taxtdan imtina etməyə məcbur oldu ki, bu da əsrlərlə davam edən çar hakimiyyətinə son qoydu. Fevral inqilabından (Rusiyanın Yuli təqvimidən istifadə etməsi səbəbindən belə adlanır) sonra hakimiyyət Müdafiə naziri Aleksandr Kerenskinin rəhbərlik etdiyi səmərəsiz Müvəqqəti hökumət ilə əsgər və fəhlə komitələrinin sovetləri (şuraları) arasında bölündü.
Fevral inqilabı başladıqdan sonra Almaniya rəhbərliyi Lenin və onun köməkçilərinə İsveçrədən İsveçə gedərkən möhürlənmiş vaqonda Almaniyadan keçməyə icazə verdi. Berlin haqlı olaraq ümid edirdi ki, müharibə əleyhdarı olan sosialistlərin Rusiyaya qayıtması Müvəqqəti hökumət dövründə davam edən Rusiya müharibə səylərini sarsıdacaq. Lenin Müvəqqəti hökumətin sovetlər tərəfindən devrilməsinə çağırdı; bundan sonra hökumət liderləri tərəfindən "Alman agenti" kimi damğalandı. İyul ayında o, Finlandiyaya qaçmağa məcbur oldu, lakin onun "sülh, torpaq və çörək" çağırışı getdikcə artan xalq dəstəyi ilə qarşılandı və Bolşeviklər Petroqrad sovetində çoxluq qazandılar. Oktyabr ayında Lenin gizlicə Petroqrada qayıtdı və 7 noyabrda Bolşeviklərin rəhbərlik etdiyi Qırmızı Qvardiya Müvəqqəti hökuməti devirdi və sovet hakimiyyətini elan etdi.