Mavritaniyanın paytaxtı Nouakşotda iki elektrik yarımstansiyasında baş verən yanğınlar şəhərin geniş hissəsində elektrik enerjisinin kəsilməsinə səbəb olub və hadisənin səbəbləri ilə bağlı araşdırma tələblərini artırıb.
Şənbə günü 33/15 kilovoltluq yarımstansiyada baş verən yanğın Tifariq-Zeynə, Ləksər və Səbxa rayonlarının böyük hissəsində, həmçinin bəzi hava limanı və liman istiqamətlərində elektrik təchizatını dayandırıb. Bundan əvvəl isə paytaxtın şərqindəki yarımstansiyada yanğın qeydə alınıb və şimal rayonları ilə yanaşı Ərəfatın bəzi ərazilərində də elektrik enerjisi kəsilib.
Elektrik enerjisinin kəsilməsi su təchizatına, xəstəxanalara, dövlət müəssisələrinə, mağazalara və əhalinin gündəlik həyatına ciddi təsir göstərib. İsti hava səbəbindən bəzi sakinlərin gecəni evlərin damında və açıq ərazilərdə keçirdiyi, digərlərinin isə generatorla işləyən hotellərə üz tutduğu bildirilib.
Mavritaniya Elektrik Şirkəti (“Somelec”) yanğınların səbəbi barədə hələlik rəsmi açıqlama verməyib. Baş nazir Muxtar Uld Əcay məzuniyyətini yarımçıq dayandıraraq paytaxta qayıdıb, energetika naziri Məhəmməd Uld Xalid isə Vaşinqtona səfərini yarıda kəsib.
Hadisə ölkədə prezident Məhəmməd Uld əl-Ğəzvaninin 2029-cu ildən sonra hakimiyyətdə qalmasına imkan verəcək konstitusiya dəyişikliyi ilə bağlı siyasi kampaniyanın gücləndiyi vaxta təsadüf edib. Hakim “Əl-İnsaf” partiyasının bir sıra nümayəndələri prezidentin üçüncü müddətə namizədliyinin mümkün olması üçün konstitusiyanın dəyişdirilməsini açıq şəkildə dəstəkləyirlər.
Mülki “Şəffaflıq Hərəkatı” təşkilatı isə ilkin məlumatlara əsasən, yanğınların Nouakşotun inkişaf proqramı çərçivəsində alınmış texniki tələblərə uyğun olmayan elektrik kabelləri ilə əlaqəli ola biləcəyini iddia edib. Təşkilat müqavilənin parlamentdəki nüfuzlu şəxslərlə bağlı kommersiya maraqları ilə əlaqəsinin ola biləcəyini də bildirib.
Müxalifət nümayəndələri və bəzi hakimiyyət tərəfdarları hadisənin səbəblərinin hərtərəfli araşdırılmasını, məsul şəxslərin müəyyənləşdirilməsini və avadanlıqların satın alınması ilə bağlı müqavilələrin yoxlanılmasını tələb ediblər.
Rəsmi qurumlar isə elektrik təchizatının bərpası istiqamətində təcili tədbirlərin görüldüyünü açıqlayıb. Bununla belə, iki yarımstansiyada ardıcıl yanğınların baş verməsi ilə bağlı əsas sual – hadisələrin texniki nasazlıq, səhlənkarlıq, korrupsiya, yoxsa qəsdən törədilmiş əməl nəticəsində baş verməsi – hələ də açıq qalır.