Süni intellekt texnologiyalarının analoqsuz bir sürətlə inkişaf etdiyi bir dövrdə "Antropik" (Anthropic) şirkəti yeni "Klod Mitos" (Claude Mythos) modeli ilə qeyri-ənənəvi bir yol seçib. Şirkət böyük modellər üçün vərdiş olunmuş ümumi ictimai təqdimat yerinə, modelin imkanlarının geniş kütlələrə açılacağı təqdirdə "təhlükəli" ola biləcəyini əsas gətirərək onun istifadəsini məhdud tərəfdaşlar dairəsi ilə çərçivələndirmək qərarına gəlib.
Bu qərar texnologiya dünyasında sıradan bir addım kimi qarşılanmayıb; əksinə, bunun həqiqi ehtiyat tədbiri, yoxsa süni intellekt yarışında nüfuzu idarə etmək üçün hesablanmış strateji gediş olması barədə geniş müzakirələrə yol açıb. "Mitos" proqramlaşdırma, təhlil və mühakimə yürütmə sahələrində qabaqcıl imkanları, eləcə də tapşırıqları icra edərkən nümayiş etdirdiyi müəyyən muxtariyyəti özündə birləşdirən çoxməqsədli model kimi təsnif edilir.
Lakin modeli xüsusi edən əsas cəhət onun təhlükəsizlik boşluqlarını (vulnerabilities) aşkar etmək və hətta onları istismar etmək sahəsindəki üstünlüyüdür. Şirkətin bəyanatına görə, model əsas əməliyyat sistemlərində və brauzerlərdə onilliklər boyu gizli qalmış minlərlə təhlükəsizlik boşluğunu üzə çıxarmağı bacarıb. Bu qabiliyyət bir tərəfdən modelin kibertəhlükəsizlik sahəsində inqilab edə biləcək bir vasitə kimi görülməsinə, digər tərəfdən isə bədniyyətli istifadə halında misilsiz təhdid yaradacağı narahatlığına səbəb olub.
Əməliyyat imkanları və "Qlass Vinq" layihəsi
Narahatlıq yalnız modelin səhvləri tapmaq imkanı ilə məhdudlaşmır, həm də bu bilikləri demək olar ki, avtonom şəkildə istismar vasitələrinə çevirmək bacarığından qaynaqlanır. Hesabatlar göstərir ki, "Mitos" insan müdaxiləsi olmadan kiberhücum vasitələri hazırlaya, hətta daha mürəkkəb hücumlar həyata keçirmək üçün bir neçə boşluğu zəncirvari şəkildə bir-birinə bağlaya bilir. Bu o deməkdir ki, modeldən istifadə artıq dərin texniki bilik tələb etmir və əvvəllər yalnız dar mütəxəssis dairəsinə məxsus olan imkanların daha geniş kütlələr üçün əlçatan olması riskini yaradır.
Bu narahatlıqları nəzərə alaraq "Antropik" şirkəti "Qlass Vinq" (Project Glasswing) layihəsinə start verib. Bu layihə çərçivəsində modelin məhdud versiyası "Eppl" (Apple), "Maykrosoft" (Microsoft) və "Amazon Veb Servises" (Amazon Web Services) kimi nəhəng şirkətlərdən ibarət seçilmiş tərəfdaşlar qrupuna təqdim edilib.
Məqsəd modelin imkanlarından kibermüdafiəni gücləndirmək, boşluqları bədniyyətli tərəflər aşkar etmədən öncə tapıb aradan qaldırmaq üçün istifadə etməkdir. Şirkət mühüm və açıq kodlu proqram təminatı tərtibatçılarının kodu yoxlamasını və təhlükəsizlik boşluqlarının aradan qaldırılmasını sürətləndirmək məqsədilə 100 milyon dollar dəyərində istifadə krediti ayırıb.
Gizli boşluqların üzə çıxarılması
"Mitos"un əhəmiyyəti onun kibertəhlükəsizliyə məlum səhvlərin axtarışı ilə məhdudlaşan ənənəvi yoxlama kimi yanaşmamasından, proqramın məntiqini və hissələrinin qarşılıqlı əlaqəsini anlamaq bacarığından irəli gəlir.
Modelin birinci üstünlüyü uzun illər gizli qalmış qədim boşluqları tapmaq qabiliyyətidir. Şirkətin məlumatına görə, "Mitos" yüksək təhlükəsizliyi ilə tanınan əməliyyat sistemində 27 il boyunca diqqətdən yayınmış bir boşluğu, həmçinin geniş istifadə olunan media emalı proqramında milyonlarla avtomatlaşdırılmış fərdi yoxlamaya baxmayaraq 16 il gizli qalmış digər bir səhvi müəyyən edib.
İkinci üstünlük modelin fərdi boşluq çərçivəsini aşaraq bir neçə zəif nöqtəni tək bir zəncirdə birləşdirmək bacarığıdır. Məsələn, modelin açıq kodlu əməliyyat sisteminin nüvəsində (kernel) bir neçə boşluğu müəyyən edərək onları məhdud səlahiyyətlərdən sistem üzərində tam nəzarətə keçməyə imkan verəcək şəkildə əlaqələndirdiyi bildirilir.
Üçüncü məqam isə qlobal rəqəmsal infrastrukturun əsasını təşkil edən, lakin məhdud resurslarla idarə olunan açıq kodlu proqram təminatının qorunmasındakı roludur. "Mitos" təhlükəsizlik qruplarının analizdən həll mərhələsinə keçidini sürətləndirərək müdafiə imkanlarını artırır.
Strategiya, maliyyə sektoru və dövlətlə ziddiyyətlər
"Mitos"un təsiri sırf texniki çərçivəni aşaraq milli təhlükəsizlik və maliyyə sektoruna qədər uzanır. Model elan edildikdən dərhal sonra böyük banklar onu daxili sistemlərində sınaqdan keçirməyə tələsiblər. Rəsmi qurumlar bu məsələyə milli maliyyə təhlükəsizliyi dərəcəsində yanaşdıqları üçün aparıcı bank müəssisələrinə modelə çıxış səlahiyyəti verilib. Yüksək səviyyəli dövlət və maliyyə rəsmilərinin iştirakı ilə keçirilən iclaslarda "Mitos"un hücum və müdafiə balansına təsiri müzakirə olunub.
Bu inkişaf "Antropik" şirkəti ilə ABŞ Prezidenti Donald Trampın administrasiyası arasında süni intellekt modellərinin hərbi və həssas sahələrdə, xüsusən də muxtar silahlar və müşahidə texnologiyalarındakı istifadə şərtləri ilə bağlı yaşanan gərginlik fonuna təsadüf edir. Şirkətin texnologiyalarının kütləvi izləmə və ya muxtar döyüş sistemlərində tətbiqinə qoyduğu məhdudiyyətlər dövlət qurumları ilə fikir ayrılığı yaradıb. Hətta şirkətin tədarük zənciri üçün potensial risk kimi təsnif edilməsi cəhdinə qarşı "Antropik" hüquqi müstəvidə mübarizə apararaq qərarın icrasını müvəqqəti dayandırmağa müvəffəq olub.
Əslində "Mitos" tam mənada Ümumi Süni İntellekt (AGI) modeli deyil, kibertəhlükəsizlik sahəsində ekspert səviyyəsinə çatan və işləmə sürəti ilə insan imkanlarını üstələyən xüsusiləşdirilmiş bir sistemdir. Bu da göstərir ki, rəqəmsal məkanda transformasiya yaradan risklər üçün universal sistemlərin yaranması şərt deyil; xüsusiləşdirilmiş modellər də strategiya, maliyyə, müdafiə və infrastruktur sahələrində köklü dəyişikliklərə səbəb ola bilər.