Bakı. AzerPress:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kirman vilayətində baş verən partlayışlarla bağlı İrana başsağlığı verib.
AzerPress xəbər verir ki, o bu barədə öz rəsmi X sosial media hesabında paylaşım edib.
"İranın Kirman vilayətində törədilən dəhşətli terror aktları bizi dərindən kədərləndirdi. Hücumlarda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm", - deyə o bildirib.
Qeyd edək ki, bu gün İranın cənub-şərqində Kirman vilayətində iranlı general Qasim Süleymaninin ildönümü ilə əlaqədar keçirilən yürüşdə iki ardıcıl partlayış baş verib. Hadisə nəticəsində indiyədək azı 103 nəfərin öldüyü, 141 nəfərin yaralandığı bildirilib.