BAKI,VOA
1920-ci illərin sonlarına doğru Almaniya Avropanın “xəstə adamı”na çevrilmişdi və “Uoll-Strit”in çökməsindən sonra başlayan Böyük Depressiyadan ən çox zərər görən Avropa dövləti idi. ABŞ kreditlərinin qəfil geri çəkilməsi Almaniya iqtisadiyyatını iflic etmişdi. Zavodlar bağlanır, bankirlər mümkün qədər çox likvid vəsaiti geri qaytarmağa çalışır, nəticədə işsizlik rekord həddə yüksəlir, yoxsulluq və ümidsizlik daha da dərinləşirdi.
Alman vətəndaşları üçün həyat gündəlik cəhənnəmə çevrilmişdi. Fabriklər fəaliyyətini dayandırır, banklar iflas etdiyini elan edir və pullarını çıxarmaq üçün uzun növbələrdə gözləyən əmanətçilərin üzünə qapıları bağlayırdı. İşsizlik sürətlə artırdı. Yoxsulluq və ümidsizliklə dolu bu atmosferdə radikal düşüncələr üçün münbit zəmin yaranmışdı. Alman cəmiyyəti çörək və ləyaqət vəd edən istənilən “xilaskar”ı qəbul etməyə psixoloji baxımdan hazır idi.
Britaniyanın “The Guardian” qəzeti həmin dövrdə Almaniyanın yaşadığı hiperinflyasiya dövrünü fəlakətin simvolik nümunəsi kimi təsvir edir. O dövrdə oğrular paltaryuyan səbət dolusu kağız pul oğurlayanda pulları yerə tökür, səbəti götürüb qaçırdılar. Çünki səbət artıq dəyərsizləşmiş pullardan daha qiymətli idi. Bu gün İkinci Dünya müharibəsinin 55-80 milyon insanın ölümünə səbəb olan dəhşətlərini araşdıran heç bir tarixçi həmin iqtisadi böhranı nəzərə almadan hadisələri izah edə bilmir.
Çöküşün coğrafiyası
“Britannica” ensiklopediyasının məlumatına görə, 1929-cu ilin sonundan nasistlərin hakimiyyətə gəlməsinə qədər Almaniyanın iqtisadi və sosial vəziyyəti təsvir olunacaq səviyyədə deyildi. Əhalinin maaşları minimum yaşayış həddinə enmişdi. Şirkət və müəssisələrin iflası gündəlik xəbərə çevrilmişdi. Xarici ticarət tarixdə görünməmiş dərəcədə azalmışdı.
Ən ağır zərbə isə 1931-ci ilin yayında Almaniyanın ən böyük maliyyə dayaqlarından biri hesab olunan “Darmştadt Milli Bankı”nın çökməsi oldu. Bu hadisə bütün bank sisteminə olan etimadı sarsıtdı.
1932-ci ilin qışına gəldikdə vəziyyət tam fəlakət səviyyəsinə çatmışdı. Altı milyondan çox alman işsiz idi ki, bu da ölkənin əmək qabiliyyətli əhalisinin 25 faizinə bərabər idi. Bundan əlavə milyonlarla insan aclıq və qida çatışmazlığının astanasında yaşayırdı.
Xammal ehtiyatları tükənmişdi. Almaniya Birinci Dünya müharibəsindən sonra üzərinə qoyulan təzminat borcları altında əzilirdi. Xarici valyuta və qızıl ehtiyatları isə demək olar ki, sıfıra enmişdi. Almaniya sözün tam mənasında müflis dövlət idi.
Nasist rejiminin sonradan törətdiyi vəhşiliklər insanlıq tarixinin ən qaranlıq səhifələrindən biri kimi yadda qalsa da, bir sual uzun illərdir iqtisadçılar və siyasətçilər arasında səssiz şəkildə müzakirə olunur: Bu rejim Almaniyanı necə oldu ki, iqtisadi çöküşdən çıxarıb qısa müddətdə güclü sənaye dövlətinə çevirə bildi? İşsizlik necə aradan qalxdı? Zavodlar necə tam gücü ilə işləməyə başladı?
Bu sualın cavabı çoxlarının tanımadığı bir iqtisadçının adı ilə bağlıdır — Yalmar Şaxt.
Yalmar Şaxt — gizli iqtisadiyyat sehrbazı
1970-ci il iyunun 4-də “New York Times” qəzeti qısa nekroloq yayımladı: “Adolf Hitlerin iqtisadi siyasətinə rəhbərlik edən doktor Yalmar Şaxt bu gün Münhen xəstəxanalarından birində 93 yaşında vəfat etdi”.
Bu qısa xəbər “maliyyə sehrbazı” adlandırılan bir şəxsin həyatını yekunlaşdırırdı. Şaxt Almaniya Mərkəzi Bankının rəhbəri və daha sonra Hitlerin iqtisadiyyat naziri olmuşdu.
Yalmar Şaxt 1877-ci il yanvarın 22-də o zaman Almaniyaya aid olan, sonradan Danimarkanın tərkibinə keçən Tinglef şəhərində anadan olub. Alman-danimarka mənşəli ailədə böyüyən Şaxt Hamburq və Münhendə təhsil alıb. O, Almaniyanın Kil Universitetində iqtisadiyyat oxuyub və sürətlə yüksələn karyeraya başlayıb.
Şaxt 1903-cü ildə “Dresdner Bank”da işləməyə başlayıb. İki ildən az müddət sonra bank rəhbərliyi ilə birlikdə ABŞ-a ezam olunub və burada məşhur bankir Con Pyerpont Morqan və ABŞ Prezidenti Teodor Ruzvelt ilə görüşüb.
1908-ci ildə “Dresdner Bank”ın direktor müavini vəzifəsinə yüksəlib. Daha sonra Almaniya Milli Bankının idarə heyətində çalışıb. Sonradan “Darmştadt Milli Bankı” ilə birləşərək yaradılan “Danatbank”ın rəhbərliyinə daxil olub.
Birinci Dünya müharibəsi dövründə Şaxt Almaniyanın işğal etdiyi Belçikada maliyyə əməliyyatlarını təşkil etmək üçün xüsusi komissiyada çalışıb. Lakin bir müddət sonra vəzifəsindən uzaqlaşdırılıb.
Onun ulduzu 1923-cü il iqtisadi böhranı zamanı yenidən parladı. Həmin vaxt Almaniyada inflyasiya milli valyutanı tamamilə məhv etmişdi. İnsanlar kağız pulları kömürdən daha ucuz olduğu üçün yandıraraq isinirdilər.
Şaxt valyuta komissarı təyin edildi və sərt pul siyasəti həyata keçirdi. O, qızıl ehtiyatlarına deyil, kənd təsərrüfatı və sənaye torpaqlarının girovuna əsaslanan “Rentenmark” adlı yeni valyuta yaratdı. Bu addım qısa müddətdə inflyasiyanı dayandırdı və ona “iqtisadiyyat sehrbazı” şöhrəti qazandırdı.
1930-cu illərin əvvəllərində Şaxt liberal-mühafizəkar baxışlarına baxmayaraq, Almaniyada parlament demokratiyasının zəifliyindən narazı olduğu üçün getdikcə ifrat sağa yaxınlaşmağa başladı. O, Hitleri Almaniyanın əvvəlki gücünü bərpa edə biləcək vasitə kimi görürdü.
Şaxt nasist liderini sənaye və maliyyə elitasına təqdim etməkdə mühüm rol oynadı. Hitler hakimiyyətə gəldikdən sonra 1934-cü ildə iqtisadiyyat naziri oldu və nasist iqtisadiyyatının əsas memarına çevrildi.
Şaxt işsizliyin azaldılması və silahlanma proqramlarına rəhbərlik edirdi. Lakin Hitlerlə fikir ayrılıqları və nasist rəhbərlərindən Herman Görinqlə rəqabəti nəticəsində vəzifəsindən uzaqlaşdırıldı. 1944-cü ildə Hitlerə qarşı uğursuz sui-qəsd cəhdindən sonra müxalifətlə əlaqədə şübhəli bilinərək həbs edildi və toplama düşərgəsində saxlanıldı.
Bir çoxları Şaxtı nasist iqtisadiyyatını gücləndirməklə rejimin cinayətlərinə dolayısı ilə yardım etməkdə ittiham edirdi. Almaniya məhkəməsi onu 1946-cı ildə həbs cəzasına məhkum etdi və 1948-ci ilə qədər həbsdə saxladı.
Bununla belə, Nürnberq Beynəlxalq Hərbi Tribunalı onu bəraətə layiq gördü. Həmin tribunal ABŞ, Böyük Britaniya, Sovet İttifaqı və Fransa tərəfindən nasist Almaniyası rəhbərlərini mühakimə etmək üçün yaradılmışdı. Şaxtın iqtisadi təcrübəsi isə beynəlxalq iqtisadi çevrələrdə uzun müddət qəbul edilmədi.
“Möcüzə” yaradan maliyyə hiyləsi
Nasistlər hakimiyyətə gəldikləri ilk gündən anlayırdılar ki, onların siyasi taleyi çörək və işlə bağlıdır. İdeologiya ac insanları doyura bilməzdi. Problem isə çox mürəkkəb idi: Xəzinəsi boş olan və beynəlxalq kreditlərdən məhrum edilmiş bir dövlət böyük layihələri necə maliyyələşdirə bilərdi?
Burada Şaxtın “MEFO” planı ortaya çıxdı. Bu plan əsl maliyyə illüziyası idi.
Adi pul çapı yeni hiperinflyasiya yarada bilərdi. Bundan başqa, Versal müqaviləsinə görə Almaniyanın silahlanması qadağan edilmişdi və hər şey gizli aparılmalı idi.
Şaxt “Metallurgiya Araşdırmaları Alman Şirkəti” adlı formal bir şirkət yaratdı. “MEFO” adlanan bu şirkətin nə fabriki vardı, nə məhsul istehsal edirdi, nə də işçiləri vardı. Onun yeganə funksiyası dövlət zəmanətli istiqrazlar buraxmaq idi.
Hökumət “Krupp” kimi hərbi şirkətlərlə tank, top, döyüş gəmisi və silah istehsalı üçün müqavilə bağlayanda ödəniş nağd pulla deyil, “MEFO” istiqrazları ilə edilirdi.
Şirkətlər bu istiqrazları bir-birilərinə ödəmə vasitəsi kimi istifadə edə və ya lazım gəldikdə mərkəzi bankda pula çevirə bilirdilər. Dövlət zəmanəti və yüksək faiz səbəbindən şirkətlər istiqrazları nağd pula çevirmək əvəzinə dövriyyədə saxlayırdılar.
Şaxtın məqsədi iqtisadiyyata istehsalı hərəkətə gətirmək üçün kifayət qədər pul daxil etmək idi. Buraxılan hər istiqraz real istehsalla təmin olunurdu. Yəni pul emissiyası yeni məhsul istehsalı ilə əlaqələndirilirdi.
Bu üsulla Şaxt eyni vaxtda üç hədəfə nail oldu:
Birincisi, Almaniyanın gizli silahlanmasını dövlət büdcəsindən kənarda maliyyələşdirdi.
İkincisi, hiperinflyasiya yaratmadan iqtisadiyyata böyük həcmdə likvidlik daxil etdi.
Üçüncüsü, zavodlar yenidən işləməyə başladı və işsizlik sürətlə azaldı.
1936-cı ilə qədər Almaniyada işsizlik ciddi şəkildə azalmışdı və ölkə fasiləsiz işləyən nəhəng sənaye mərkəzinə çevrilmişdi.
Tarixi yanlış təsəvvürlərdə işsizliyin azalması əsasən “Autobahn” magistral yolları layihəsi ilə əlaqələndirilir. Nasist təbliğatı Hitlerin ilk qazmanı vurduğu görüntüləri geniş yayırdı. Lakin əslində bu layihələr hələ Veymar Respublikası dövründə hazırlanmışdı.
Şaxt və Hitler sadəcə onların icrasını sürətləndirmiş və hərbi-logistik məqsədlərlə istifadə etmişdilər.
Əsl təsir isə hərbi sənayenin genişləndirilməsi və məcburi əmək xidməti ilə bağlı idi. Maaşlar aşağı səviyyədə saxlanılır, həmkarlar ittifaqları qadağan edilir, tətil hüququ ləğv olunur, işçilər məcburi əmək sisteminə cəlb edilirdi.
Əvəzində insanlar iş təhlükəsizliyi və sabit maaş əldə edirdilər. Xaosdan bezmiş Almaniya cəmiyyəti iqtisadi sabitlik müqabilində siyasi azadlıqlardan imtina etdi.
İqtisadiyyat sehrbazı Hitlerlə toqquşur
Şaxtın planı ilk mərhələdə böyük uğur qazandı. Almaniya Versal müqaviləsini pozmadan və dərhal inflyasiya yaratmadan təxminən 12 milyard reyxsmark həcmində xərc çəkə bildi. Sənaye istehsalı iki dəfədən çox artdı.
Lakin planın gizli riskləri vardı. Qızıl ehtiyatı ilə təmin olunmayan bu sistem sonradan böyük borc yükü yaratdı. Bundan əlavə, bu model yalnız hərbi iqtisadiyyat üçün nəzərdə tutulmuşdu və uzunmüddətli mülki iqtisadi sistem kimi davamlı deyildi.
1936-cı ildə Şaxt hesab edirdi ki, onun missiyası başa çatıb. O, Hitleri xəbərdar edərək “MEFO” proqramının dayandırılmasını, normal iqtisadiyyata qayıdışı və beynəlxalq ticarətə inteqrasiyanı təklif etdi.
Lakin Hitler artıq iqtisadi bərpa deyil, Avropa və dünya üzərində hökmranlıq istəyirdi. Onun üçün iqtisadiyyat gələcək müharibənin xidmətçisi idi.
Beləliklə, Hitler Şaxtı tədricən kənarlaşdırdı və onun yerinə iqtisadiyyatdan anlayışı olmayan Herman Görinqi gətirdi. Görinqin əsas vəzifəsi Almaniyanı tam hərbi iqtisadiyyata çevirmək idi.
Şaxtın uzaqlaşdırılmasından sonra Almaniya tam şəkildə müharibə iqtisadiyyatına keçdi. Dövlət və özəl sektor silah sənayesinə milyardlarla reyxsmark sərmayə yatırdı.
İşçi qüvvəsinə olan ehtiyac səbəbindən nasist rejimi qadınların evdə qalması ilə bağlı ideoloji mövqeyindən geri çəkilməli oldu. Qadınlar fabriklərə cəlb edildi və onların əmək bazarındakı payı 37,3 faizə çatdı. Bu göstərici həmin dövrdə İngiltərədən belə yüksək idi.
Şaxt 1937-ci ildə iqtisadiyyat naziri postundan istefa verdi, 1939-cu ildə isə Mərkəzi Bank rəhbərliyindən uzaqlaşdırıldı.
Müharibə başlayandan sonra o, qapalı görüşlərdə rejimi tənqid etməyə başladı. 1944-cü ildə Hitlerə qarşı uğursuz sui-qəsd cəhdindən sonra həbs edildi və toplama düşərgəsinə göndərildi. Müharibənin son günlərində edamdan möcüzə nəticəsində xilas oldu.
Üçüncü Reyxin süqutundan sonra Şaxt Nürnberq məhkəməsində nasist müharibə cinayətkarları ilə birlikdə mühakimə olundu.
Sovet ittihamçıları onun edamını tələb edirdilər və onu “canavarı qidalandıran damar” adlandırırdılar. Şaxt isə özünü soyuqqanlı şəkildə müdafiə edərək sadəcə ölkəsini dirçəltmək istəyən iqtisadçı olduğunu bildirdi.
Nəticədə məhkəmə onu bəraətə layiq gördü. Həbsdən çıxdıqdan sonra yenidən iqtisadi məsləhətçi kimi fəaliyyət göstərdi. 1950-60-cı illərdə xüsusilə Qoşulmama Hərəkatına daxil olan ölkələr üçün iqtisadi məsləhətlər verirdi.
Lakin nasist Almaniyası ilə əlaqəli keçmişi onun iqtisadi fikirlərinin geniş qəbul edilməsinə mane oldu və Yalmar Şaxt ömrünün sonuna qədər həmin mirasın kölgəsindən xilas ola bilmədi.