BAKI,VOA Analitik Təhlil Mərkəzi
2014-cü ildə Yəməndə hakimiyyətə gəldikdən sonra Husilərin "Ənsarullah" qruplaşması təhsil strukturunda möhkəmlənməyə, tədris proqramlarını, məktəb adlarını dəyişdirməyə və xüsusi təhsil sistemləri yaratmağa başlayıb. Bu yolla təhsil müəssisələri şəxsiyyət və şüur formalaşdıran mübarizə meydanına, eləcə də gənclərin hərbi xidmətə cəlb edilməsi üçün stansiyaya çevrilib.
Qruplaşma dövlət məktəblərini qəsdən baxımsız qoyaraq və onlara qarşı hər vəclə mübarizə apararaq, məktəbi və ya təhsil müəssisəsini hərbi düşərgəyə çevirmək ideyasına əsaslanan yeni bir sistem qurmağa başlayıb. Bu sistemin əsasını "Şəhid əl-Quran məktəbləri" adlı alternativ şəbəkə təşkil edir.
Qəsb və genişlənmə
Bu proses bir çox dövlət məktəbi binalarının qəsb edilməsi və adlarının dəyişdirilməsi ilə müşayiət olunub. Məsələn, İbb şəhərindəki "Kamran" məktəbi "Şəhid əl-Quran" məktəbinə çevrilib. Digər məktəblərə isə qruplaşma ilə bağlı rəmzlərin və liderlərin adları verilib. Təhsil ekspertləri bunu rəsmi təhsilin yerinə yeni bir “təhsil” kimliyi gətirmək cəhdi kimi qiymətləndirirlər.
Bu fəaliyyət yalnız məktəblərlə məhdudlaşmayıb, həm də Zəmardakı Böyük Məscid (əl-Cami əl-Kəbir) və "Şəmsiyyə" məktəbi kimi tanınan yerlərə, Sənadakı "əl-Firdovs" məscidinə və digər ibadət yerlərinə də yayılıb. Bütün bu məkanlar eyni — "Şəhid əl-Quran məktəbi" adı altında husi mərkəzlərinə çevrilib.
Cəmi üç il ərzində qruplaşmanın nəzarətindəki vilayətlərdə bu adda çoxsaylı məktəblər yaradılıb. Bu məktəblər o qədər geniş yayılıb ki, artıq yalnız şəhər mərkəzləri ilə məhdudlaşmır. Qapalı və mütəşəkkil səfərbərlik layihəsinə əsaslanan bu sistemdə şaqirdlər yataqxana, qida və digər ehtiyaclarla təmin olunduqları daxili mühitdə yaşayırlar. Eyni zamanda onlara qruplaşmanın qurucusu Hüseyn Bədrəddin əl-Husi ilə əlaqəli olan ideologiya aşılanır.
3 mart 2024-cü ildə Husi səlahiyyətliləri "Şəhid əl-Quran" daxili məktəblər şəbəkəsindən 3000 şagirdin məzun olduğunu elan ediblər. İlk baxışdan bu rəqəm adi görünə bilər, lakin bu sayın cəmi iki illik qapalı fəaliyyətin nəticəsi olduğunu nəzərə alsaq, 2022-ci ildə təməli qoyulmuş layihə üçün bu çox böyük göstəricidir.
Qruplaşmanın mediası bu məktəblərin qurulmasına 2022-ci ildə paytaxtda bir məktəblə başlandığını, sonra hər vilayətdə bir məktəb açıldığını və rekord müddətdə yayıldığını bildirir. Bəzi məlumatlara görə, bu təcrübə Livanın "Hizbullah" qruplaşmasının təhsil sistemindən ilhamlanıb. Hüseyn əl-Husinin çıxışlarında bu təhsil layihəsinin konturları aydın görünür. Qruplaşma rəsmiləri bu məktəblərin "Şəhid lider Hüseyn Bədrəddin əl-Husinin layihəsinin bir hissəsi olduğunu və Quranı dərk edən, mədəni çağırışlara qarşı dura bilən nəsillər yetişdirməyi hədəflədiyini" təsdiqləyirlər.
Qeyri-rəsmi idarəetmə strukturları
Məktəblər rəsmi olaraq "Şəhid əl-Quran Şəriət Elmləri Liseyləri" adlandırılsa da, yaradılma qərarı və tənzimləyici qurum haqqında məlumatlar gizli saxlanılır. Məsələn, Səbeyn rayonu təhsil idarəsinin "Facebook" səhifəsində bu məktəblərin "Prezident fərmanı" ilə yaradıldığı iddia olunsa da, digər mənbələrlə qarşılaşdırdıqda belə bir rəsmi fərmanın olmadığı üzə çıxır.
Həmçinin, bu məktəblərin idarə heyətlərinin olduğu bildirilir. Həccə vilayətindəki məktəbin açılışında o zamankı təhsil naziri Yəhya Bədrəddin əl-Husi və idarə heyətinin üzvü Sair əl-Razihinin iştirakı buna misaldır. "Şəriət Elmləri Ali Liseyi" adı altında fəaliyyət göstərən bəzi müəssisələrin də əslində elə "Şəhid əl-Quran" məktəbi olduğu məlum olur.
Təhsil Nazirliyində yeni yaradılmış və Məhəmməd ət-Toqi tərəfindən idarə olunan "Şəriət Elmləri Liseyləri Baş İdarəsi"nin də bu məktəblərlə birbaşa əlaqəsi var. Lakin bütün bunların fövqündə "Ümumi Səfərbərlik" (ət-Təbiə əl-Amma) adlı cihaz dayanır. Bu aparat cəmiyyəti səfərbər etmək, gəncləri toplamaq və hərbi-ideoloji kurslar təşkil etmək funksiyasını daşıyır və birbaşa qruplaşma rəhbərliyinə tabedir. Bu model həm "Hizbullah", həm də İrandakı oxşar qurumların nümunəsi əsasında qurulub.
Rəsmi nəzarətin olmaması
Səna vilayətində fəaliyyət göstərən və təhlükəsizlik səbəbindən adını gizli saxlayan bir müəllim "Şərq əl-Əvsət" nəşrinə bildirib ki, bu məktəblər heç bir pedaqoji nəzarətə və ya rəsmi korporativ nəzarətə tabe deyil. Onların tədris proqramları ictimaiyyətə açıqlanmır ki, bu da məzmunun qiymətləndirilməsini qeyri-mümkün edir. Məktəblərin idarəetməsi rəsmi təhsil idarələrindən deyil, birbaşa "Ənsarullah"ın mədəni-təhsil ofislərindən asılıdır. O qeyd edib ki, bu təhsil “sistemi” əvvəllər heç vaxt Yəməndə olmayıb, lakin husilərin ölkədə möhkımıənməsindən sonra İranın xüsusi “təhsil ekspertləri” tərəfindən hazırlanıb. Onun sözlərinə görə, İran tərəfindən təlqin edilən “təhsil sistemində” dinin əsasları adı altında sünnilərin təcrid olunması eləcə də onların müqəddəs saydığı şəxslərin ( Xəlifə Əbu Bəkr, Ömər, Osman və Aişə bint Əbu Bəkr) təhqir olunması da aşılanır.
“Bu Yəmən cəmiyyətində əvvəllər görünməz hal olsa da , İranın ölkəyə husilərin simasında hakim olmasından sonra, xüsusi məddahlar tərəfində mərsiyə və təziyə məclislərində tərənnüm edilməyə başladı”-deyə o qeyd edib.
Maliyyələşmə isə birbaşa qruplaşma tərəfindən təmin olunur. Bu vəsaitlər məcburi yığımlar, "Zəkat fondu" və "Ümumi Səfərbərlik Heyəti" tərəfindən ayrılır ki, bu da məktəblərin birbaşa qruplaşmanın maliyyə və ideoloji strukturlarına bağlılığını göstərir.
Qəbul şərtləri və cəlbetmə üsulları
Hər tədris ilinin əvvəlində (Husilərin tətbiq etdiyi hicri təqviminə görə) 15-17 yaşlı, əsas təhsilini bitirmiş şagirdlər üçün qəbul elan edilir. Şagirdlər iki il ərzində kəsilmədən tam vaxtlı təhsilə və ideoloji bağlılığa hazır olmaq üçün ciddi müsahibələrdən və testlərdən keçməlidirlər.
Cəlbedici vədlər sırasına tam dövlət təminatı, pulsuz yataqxana, qida, geyim və təhsil haqqından azad olma daxildir. Hazırda bu layihə yalnız orta təhsil (3 illik lisey) səviyyəsində işləyir, lakin gələcəkdə digər mərhələləri də əhatə etməsi planlaşdırılır. Məzunlar "Ali Quran Elmləri Akademiyası"ndan (bu da qruplaşmaya məxsusdur) birbaşa tanınan sertifikatlar alırlar ki, bu da onlara media, idarəetmə, islam elmləri, şəriət və hüquq kimi sahələrdə işləmək, həmçinin hərbi və təhlükəsizlik kolleclərinə qəbul olmaq imkanı verir.
Sərt proqram və müəllimlərin şirnikləndirilməsi
Bəni əl-Haris rayonundakı məktəbin mədəniyyət üzrə rəhbəri Əhməd əl-Kərşəmi bildirir ki, şagirdin günü səhər saat 04:00-da ibadət və birgə dua ilə başlayır. Saat 06:00-a qədər Quran oxunur, sonra səhər yeməyi və saat 13:30-a qədər adi dərslər keçilir. Saat 15:00-dan etibarən isə Hüseyn əl-Husinin "Məlazim" (dərslik) kitablarının öyrənilməsi, dini mühazirələr və qruplaşmanın istehsal etdiyi sənədli filmlərin izlənməsini əhatə edən intensiv ideoloji proqram başlayır. Şagirdlər ailələrindən uzaq, qapalı mühitdə iki il keçirirlər.
Müəllimlər üçün də vəziyyət oxşardır. Dövlət müəllimlərinin maaş almadığı bir vaxtda, bu məktəblər müntəzəm ödəniş edən yeganə yerdir. Müəllimlər qəbul olunduqdan sonra mütləq şəkildə "səfərbərlik kursları"ndan keçməlidirlər.
Dərsdənkənar təbliğat və hərbi nümayişlər
Məktəblərdə şagirdlərin Hüseyn əl-Husinin və Saleh əs-Sammadın qəbirlərinə, həmçinin müharibədə ölmüş digər liderlərin məzarlarına mütəmadi səfərləri təşkil olunur. Bu, şagirdlərdə qruplaşma tarixinə sadiqlik yaratmaq məqsədi güdür. Həmçinin "Şəhid günü" kimi tədbirlərdə şagirdlər saxta silahlarla döyüş səhnələrini canlandırır və "cihad" ideologiyasını mənimsəyirlər.
Paytaxt Sənadakı məktəbin direktoru Abdullah Səminə bildirir ki, Riyaziyyat, Fizika və Kimya kimi fənlərlə yanaşı, "mənəvi və iman inkişafı" əsas üstünlükdür. Keçmiş müəllimlərdən biri isə şagirdlərin natiqlik, kamera qarşısında çıxış və "casus aşkar etmə" kimi təhlükəsizlik dərsləri keçdiyini, hər şeyin təhsildən öncə bağlılıq yaratmağa xidmət etdiyini deyir.
Sinifdən hərbi parada
Hərbi təlimlər proqramın mühüm hissəsidir. Şagirdlərə müxtəlif növ silahlar tanıdılır. 12 fevral 2025-ci ildə Rayma vilayətində olduğu kimi, bəzən şagirdlərin hərbi paradları təşkil edilir. Siniflər və həyətlər liderlərin şəkilləri və sektant şüarları ilə doludur.
Təzyiq altında təhsili tərk edənlər
Səna vilayətindən olan şagird Sadıq (şərti ad) atasının tələbi ilə məktəbi tərk etməli olub. O bildirir ki, artıq gündə altı saat deyil, yalnız üç saat dərs keçilir, qalan vaxt isə məsciddə mühazirələrə sərf olunur. Əgər şagird mühazirənin məzmunu barədə suala cavab verə bilmirsə, ağır şəkildə döyülür. Bu səbəbdən bir çox şagird təhsili yarımçıq qoyur.
Bu məktəblərin mövcudluğu rəsmi təhsil ilə paralel təhsil arasında dərin uçurum yaradır. Qruplaşmanın mediası şagirdlərin digər məktəbləri "həqiqi elm verməməkdə" günahlandıran bəyanatlarını yayır. Bu, rəsmi təhsili tamamilə sıradan çıxarmaq məqsədi güdür. Belə ideoloji formalaşma məzunları sadəcə tələbə deyil, radikal kadrlara çevirir ki, bu da gələcəkdə bütün Yəmən üçün çox baha başa gələcək bir bədəldir. Təhsil tənqidi təfəkkür məkanı olmaqdan çıxıb, nəsillərin şüurunu müəyyən bir qəlibə salan səfərbərlik platformasına çevrilib.