Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış ediblər

    14 İyul 2026 11:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış ediblər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış ediblər.

    Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

    Prezident İlham Əliyevin bəyanatı

    - Hörmətli cənab Prezident.

    Hörmətli xanımlar və cənablar.

    İlk növbədə, cənab Prezident, Sizi bir daha Azərbaycanda, Qarabağda salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

    Şadam ki, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. Keçən ilin sonunda Slovakiyaya rəsmi səfərimi məmnunluqla xatırlayıram və mənə göstərilən qonaqpərvərliyə görə bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm.

    Doğrudan da belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq gedir və təkcə dialoq yox, praktiki işlər.

    Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. 2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir.

    Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və biz bu gün cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkəti "Ağıllı kənd" layihəsini icra edir və bu layihə ilə tanış olacağıq. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.

    Müzakirə edilən məsələlər arasında, təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi. İqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır. Nümayəndə heyətlərinin üzvləri də bu gün və sabah - daim təmasdadırlar.

    Prezidentin səfəri sabah Bakıda davam edəcək. Mənim dəvətimi qəbul etdiyi və o cümlədən səfərini Qarabağa etdiyi üçün cənab Prezidentə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, bir daha münasibətlərimizin nə qədər səmimi və mehriban olduğunu göstərir.

    Əminəm ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq. Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır.

    Onu da bildirməliyəm ki, Prezident Pelleqrini Azərbaycana ilk dəfə səfər etmir. Deyə bilərəm ki, o, Slovakiyadan olan yüksəkvəzifəli şəxslər arasında birinci insan idi, hələ əvvəlki vəzifədə Azərbaycana səfər etmişdir - həm parlamentin sədri, həm də Baş nazir kimi. Prezident kimi bizim beynəlxalq iqlim konfransında iştirak etmişdir və bu gün də Azərbaycanda rəsmi səfərdədir.

    Bir daha cənab Prezident, Sizi salamlayıram və Sizə xoş səfər arzulayıram.

    x x x

    Sonra Slovakiya Prezidenti bəyanatla çıxış etdi.

    Prezident Peter Pelleqrininin bəyanatı

    -Hörmətli cənab Prezident.

    İcazə verin, Azərbaycana rəsmi səfərimin burada, Qarabağda, Şuşa şəhərində təşkil etmək təşəbbüsünüzə, həmçinin səmimi qəbula görə bütün nümayəndə heyəti adından səmimi təşəkkürümüzü bildirim.

    Keçmişdəki görüşlərimiz əsnasında biz Qarabağ və onun gələcək inkişafı barədə xeyli danışmışıq. Bu səbəbdən bu gün nümayəndə heyətindəki həmkarlarımla birgə burada olmaq, bu bölgənin inkişafında əldə edilmiş böyük tərəqqini öz gözlərimizlə görmək böyük şərəfdir.

    Mən bu ərazinin azad edilməsindən sonra qısa müddət ərzində burada əldə olunmuş nailiyyətləri ehtiramla və iftixarla qeyd etmək istərdim. Eyni zamanda, mən olduqca şadam və fərəhlənirəm ki, slovak şirkətləri Qarabağın yenidən qurulmasında iştirak edirlər. Qəti şəkildə inanıram ki, onlar burada gələcəkdə icra olunacaq bir çox digər mühüm layihələrə davamlı şəkildə töhfə verəcəklər. Cənab Prezident, Sizin sözlərinizin təsdiqi olaraq qeyd edim ki, Slovakiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sadə formal bəyannamə deyil. Ölkələrimiz arasında münasibətlər standart diplomatik əlaqələrin hüdudlarını keçir. Biz, həqiqətən, dost ölkələrik. Biz bir-birimizə xeyli kömək edən və əla münasibətlərimizi konkret layihələrə, əyani əməkdaşlığa çevirən dostlarıq.

    Mən, həmçinin şadam ki, nümayəndə heyətimdə Slovak Respublikası Hökumətinin yüksəkrütbəli nümayəndələri var. Bu gün və sabah onlar öz azərbaycanlı həmkarları ilə görüşə biləcəklər və cənab Prezident, Sizin vurğuladığınız əməkdaşlığın konkret sahələrini müzakirə edəcəklər. Mən, həmçinin şadam ki, nazirlərimizlə yanaşı, mərkəzi banklarımızın rəhbərləri də buradadır. Onların da müzakirə olunacaq bir çox mühüm məsələləri var.

    Cənab Prezident, mən səmimiyyətinizə, həmçinin aramızda olan açıq və ürəkdən gələn dialoqa görə Sizə dərin təşəkkürümü bildirmək istərdim, çünki iki dost ölkənin dövlət başçıları məhz bu cür çalışmalıdırlar. Slovakiya praqmatik münasibətlər qurur, dünyanın istənilən yerində özünə tərəfdaş və dost axtarır. Çox məmnunam ki, Azərbaycan onların sırasındadır.

    Azərbaycan mühüm regional iştirakçıdır. O, sabitliyin və inkişafın qarantıdır, Şərqlə Qərbi birləşdirən logistika və nəqliyyat marşrutlarının əsas qovşağı rolunu oynayır. Azərbaycan bu baxımdan mühüm əhəmiyyətə malikdir.

    Cənab Prezident, mən, həmçinin enerji böhranı zamanı Azərbaycanın operativ cavabına görə Sizə və Azərbaycana təşəkkürümü bildirmək istərdim. Həmin vaxt Siz öz hazırlığınızı və arzunuzu bildirdiniz ki, ölkəmizə təbii qaz təchiz olunsun. Bütün bunlar qazın Ukrayna vasitəsilə tranziti dayandırıldıqdan sonra boşluğun doldurulmasına böyük töhfə idi. Şadam ki, nazirlərimiz 2027-ci ildən sonra enerji təchizatı üçün sabit, uzunmüddətli həll variantının tapılmasında müzakirələri davam etdirəcəklər. Cənab Prezident, mən çox məmnunam ki, bu gün günorta biz yenicə tikilmiş kəndi ziyarət edəcəyik. Mən, həmçinin səmimi minnətdarlığımı bildirmək istərdim ki, bu kənddə yaşayacaq uşaqlar üçün məktəb və ətraf sahə görkəmli tarixi şəxsiyyət, slovak generalı Milan Rastislav Ştefanikin adını daşıyacaq.

    Beləliklə, Slovakiyanın irsi uzun müddət burada, Qarabağda olacaq və həmin məktəbə gedəcək bütün uşaqların, valideynlərin və müəllimlərin, həmçinin Slovakiyaya bağlılığı olacaq. Biz şadıq ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər iqtisadiyyatın və diplomatiyanın hüdudlarını keçir. Hər iki ölkənin vətəndaşları get-gedə daha çox səfərlər edirlər. Oktyabrdan etibarən birbaşa uçuşlar başlayacaq. Cənab Prezident, çox məmnunam ki, Sizin Bratislavaya səfərinizdən sonra biz bu fürsəti elan etdik. Lakin indi - 2026-cı ildə bu, artıq reallıqdır. Bununla da, iki ölkə bir-birinə daha yaxın olacaq, təhsil, insanlar arasında təmaslar və əlbəttə ki, biznes sahəsində əməkdaşlıq daha da asanlaşacaq.

    Eyni zamanda, şadam ki, Azərbaycana səfərim zamanı məni böyük işgüzar nümayəndə heyəti müşayiət edir və sabah iqtisadiyyat nazirimiz öz azərbaycanlı həmkarı ilə birgə növbəti Azərbaycan-Slovakiya biznes-forumunu açacaqlar. Bununla da, Slovakiya ilə Azərbaycan şirkətləri bir araya gələcək və ümid edirəm ki, onlar əməkdaşlıq üçün yeni imkanlar tapacaqlar. Bu, bizim Sizinlə ümumi tutduğumuz mövqeyə tam uyğundur. Yəni münasibətlərimiz yalnız birtərəfli ticarətə - bir tərəfin satdığına, digər tərəfin aldığına söykənməli deyil. Əksinə, biz mümkün qədər çox birgə layihələr istəyirik. Biz əməkdaşlığın qarşılıqlı şəkildə faydalı olacağı sahələrdə birgə işləmək istəyirik. Mümkün olan sahədə birgə istehsal etməyi, texnologiyanın ötürülməsini asanlaşdırmağı və birtərəfli deyil, hər iki ölkəyə fayda gətirəcək birgə layihələri həyata keçirməyi arzulayırıq.

    Slovakiya Respublikası üçün təhlükəsizlik və sülh fundamental əhəmiyyət kəsb edir. Buna görə mən regionumuza təsir göstərən gərginliyin aradan qaldırılması, istər Rusiya ilə Ukrayna müharibəsi, istərsə də Yaxın Şərqdəki çətin vəziyyətin diplomatik həlli istiqamətində Prezident Əliyevin və Azərbaycanın bütün səylərini alqışlamaq istərdim.

    Biz Slovakiyada qəti şəkildə inanırıq ki, müdafiə imkanlarının gücləndirilməsi, cari münaqişələrin qarşısının alınmasına maliyyə dəstəyinin göstərilməsi ilə yanaşı, Avropa liderləri danışıqlar masası arxasında diplomatik həll variantlarının tapılmasına daha çox vaxt ayırmalıdırlar ki, biz müharibəni öz qitəmizdən mümkün qədər tez çıxaraq və bütün regionların rifaha layiq inkişafına yenidən diqqət göstərək.

    Mən, həmçinin təsdiqləmək istərdim ki, 2027-ci və 2028-ci illərdə Slovakiya Bakıdakı səfirliyi vasitəsilə NATO-nun Azərbaycanda Əlaqələndirici Səfirliyi kimi işini davam etdirəcək. Çox şadam ki, müdafiə nazirlərimiz təhlükəsizlik və müdafiə imkanları sahəsində əla əməkdaşlıq edirlər. Həmçinin şadam ki, Slovakiya birgə əməkdaşlığımızın və razılaşmalarımızın ilk nəticələrini bu ilin sentyabrında Bakıda keçiriləcək əsas müdafiə sərgisində göstərə biləcək.

    Cənab Prezident, bizə vaxtımızı burada - Qarabağda və Bakıda keçirmək fürsəti yaratdığınıza görə Sizə olduqca minnətdaram. Bu günə qədər göstərdiyiniz dostluğa və əməkdaşlığa görə təşəkkür edirəm. Çox şadam, biz dialoq və birgə fəaliyyət nəticəsində davamlı olaraq, göstərəcəyik ki, Azərbaycan ilə Slovakiya arasında münasibətlər boş sözlərə əsaslanmır. Münasibətlər formal xarakter daşımır. Onlar konkret layihələrə və tutarlı tədbirlərə əsaslanır.

    Gələcək görüşlərimizi səbirsizliklə gözləyirəm. Mən, həmçinin məmnunam ki, Siz mənim Azərbaycana etdiyim səfərləri xatırlayarkən bildirdiniz ki, hər dəfə yüksək siyasi vəzifədə olmuşam. Bununla, çıxışı daha şən notla bitirim. Görünür, hər dəfə Azərbaycana səfər edəndə hər işim yaxşı gedir və siyasi karyeram növbəti mərhələyə keçir. Buna görə də Sizə minnətdaram. Hər ikimizə daha çox yaxşı və dost görüşləri, ölkələrimizə isə davamlı rifah və əla münasibətlər arzu edirəm.

    Çox sağ olun, cənab Prezident.

    Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış ediblər
    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər

    31 Avqust 2026 18:52

    Bişkekdə Prezident İlham Əliyevin Məsud Pezeşkianla görüşü olub

    31 Avqust 2026 17:00

    Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər

    31 Avqust 2026 15:39

    Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib

    31 Avqust 2026 15:35

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    31 Avqust 2026 13:08

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    31 Avqust 2026 11:57

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

    31 Avqust 2026 11:29

    Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

    31 Avqust 2026 11:27

    Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

    31 Avqust 2026 11:21

    Prezident İlham Əliyev Sadır Japarovu ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib

    31 Avqust 2026 11:09

    Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb

    29 Avqust 2026 13:05

    Prezident İlham Əliyev “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzalayıb

    27 Avqust 2026 15:42
    XƏBƏR LENTİ

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.