Türkiyə

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, 2025-ci ildə ölkədə yol hərəkətində qeydiyyatda olan elektrikli avtomobillərin sayı 370 mini ötüb. Elektrikli avtomobillərin ümumi avtomobillər içindəki payı 2,1 faizə yüksəlib, hibrid avtomobillərdə isə əhəmiyyətli artım qeydə alınıb. Türkiyədə yol hərəkətində qeydiyyatda olan elektrikli avtomobillərin sayı 2025-ci ildə əvvəlki illə müqayisədə təxminən 102 faiz artaraq 370 min 591-ə çatıb. Ölkədə ötən il trafiqdə qeydiyyatda olan avtomobillərin ümumi sayı isə 17 milyon 373 min 581 olub.

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya ölkəyə 17 axtarılan şəxsin gətirildiyini açıqlayıb. Yerlikayanın bildirdiyinə görə, bu şəxslər arasında 12 nəfər qırmızı bültenlə, 5 nəfər isə milli səviyyədə axtarılan cinayətkardır. Onların ölkəyə gətirilməsi bir neçə beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilib.

Kahramanmaraş şəhərinin Göksun rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Yeraltı təkanlar bu gün saat 14:09-da baş verib. Zəlzələnin yerin təxminən 7,1 kilometr dərinliyində baş verdiyi bildirilib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.

Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) tərəfindən hazırlanan və istehsal edilən tam elektrikli zirehli personal daşıyıcısı E-ZPT-nin bütün kalifikasiya testləri tamamlanıb. M113 seriyalı zirehli vasitələrin modernləşdirilməsi ilə ərsəyə gələn E-ZPT 376 gün davam edən aramsız sınaqlardan sonra istifadəyə tam hazır vəziyyətə gətirilib. Layihə rəhbəri Halil Çelik bildirib ki, vasitə 3 min kilometrlik dözümlülük yürüşü, 60 dərəcəlik dik eniş-yoxuş və mənfi 32-dən müsbət 49 dərəcəyədək temperatur sınaqlarını uğurla başa vurub. Yeni nəsil texnologiyalarla təchiz edilən E-ZPT 0-dan 50 kilometr/saat sürəti cəmi 8 saniyəyə yığmaq qabiliyyətinə malikdir.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ABŞ-ın Ankara səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak ilə görüşüb. Milli Müdafiə Nazirliyində baş tutan qəbulda regiondakı son təhlükəsizlik vəziyyəti və Suriya ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu da iştirak edib.

Pakistanın müdafiə istehsalı naziri Rza Həyat Hərəc bildirib ki, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə təxminən bir il davam edən danışıqlardan sonra üçtərəfli müdafiə sazişinin layihəsini hazırlayıblar. Bu, son iki ildə bölgədə zorakılığın artması fonunda mümkün təhlükələrə qarşı möhkəmlənmək cəhdinin göstəricisi kimi qiymətləndirilir.

Türkiyə Bakırköy Respublika Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu narkotik vasitələrin istehsalı və ticarətində ittiham olunan 23 nəfərin saxlanılması barədə qərar çıxarıb. Baş Prokurorluğun açıqlamasına əsasən, əksəriyyəti küçə satıcıları olan şübhəlilərin tutulması üçün İstanbulun müxtəlif rayonlarında və Muş şəhərində genişmiqyaslı əməliyyat başladılıb. İstanbul İl Jandarma Komutanlığı Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinə verilən təlimat çərçivəsində Esenyurt, Fatih, Avcılar, Büyükçekmece, Güngören və Beylikdüzü daxil olmaqla ümumilikdə 33 ünvanda axtarışlar aparılır.

Suriya Prezidenti Əhməd əş-Şaraa ölkədə yaşayan kürdlərin təhlükəsizliyinin terror təşkilatı PKK ilə əlaqə qurmaq yolu ilə təmin edilə bilməyəcəyini bəyan edib. Əhməd əş-Şara bu fikirləri Suriyanın dövlət televiziya kanalı olan “Əl-İxbariyə”yə verdiyi müsahibədə səsləndirib. Prezident bildirib ki, onilliklərdir Türkiyə ilə silahlı münaqişə yaşayan, xaricdən idarə olunan hərbi strukturun Suriyada təhlükəsizlik təminatçısı kimi təqdim edilməsi qəbuledilməzdir. Onun sözlərinə görə, Suriya öz ərazisində əlavə təhlükəsizlik problemi yaradacaq strukturlara yol verə bilməz.

ABŞ-ın keçmiş rəsmisi Coş Pol İsrailin Türkiyəyə qarşı “Keyfiyyətə əsaslanan hərbi üstünlük” siyasətini genişləndirməyə çalışmasını əsassız və məntiqsiz adlandırıb. Coş Pol açıqlamasında Türkiyənin NATO üzvü olduğunu xatırladaraq, İsrailin hərbi üstünlüyünün ABŞ və NATO-nun ümumi hərbi üstünlüyündən üstün tutulmasının qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, bu yanaşma bütün NATO ölkələri üçün ciddi narahatlıq doğurmalıdır.

İstanbul-Barselona reysini həyata keçirən Türk Hava Yolları (THY) təyyarəsi bir sərnişinin internet şəbəkə adını bomba təhdidi ehtiva edəcək şəkildə dəyişməsi səbəbindən təcili eniş edib. THY-nin yaydığı rəsmi məlumata görə, TK1853 nömrəli uçuş Barselonaya yaxınlaşdığı vaxt sərnişinlərdən birinin mobil cihazında yaratdığı internet giriş nöqtəsinin (hotspot) adını təhlükəsizlik qaydalarına zidd şəkildə adlandırdığı müəyyən edilib. Uçuş təhlükəsizliyi protokolları dərhal işə salınıb və təyyarənin təhlükəsiz enişi təmin olunub.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında yeni görüşün planlaşdırıldığını açıqlayıb. nazir Fidan tərəflərin bu görüşü fevral ayında, Ramazan ayı başlamazdan əvvəl reallaşdırmaq niyyətində olduqlarını bildirib. Hazırda Prezident Ərdoğanın proqramına uyğun olaraq bir neçə mümkün tarix üzərində iş aparılır. Nazir qeyd edib ki, Türkiyə tərəfi Ege dənizindəki ərazi suları və kontinental şelf məsələləri başda olmaqla bütün mövcud problemlərin köklü həlli üçün masaya oturmağa hazırdır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan media nümayəndələri ilə keçirdiyi qiymətləndirmə görüşündə İran ətrafında yaranmış vəziyyətə və rəsmi Ankara üçün bu ölkənin əhəmiyyətinə dair mühüm açıqlamalar verib. Hakan Fidan Türkiyənin İrana qarşı hər hansı hərbi müdaxiləyə qəti şəkildə qarşı olduğunu bildirib. O qeyd edib ki, İran öz daxili problemlərini özü həll etməli və bölgənin qaldıra bilməyəcəyi genişmiqyaslı qeyri-sabitlik ssenarilərindən qaçınılmalıdır. Nazir Türkiyənin İranla əsrlərə dayanan sabit sərhədə və sıx ticari-sosial əlaqələrə malik olduğunu xatırladaraq bu ölkədə baş verən hər bir hadisənin Türkiyəni birbaşa maraqlandırdığını vurğulayıb.