Türkiyə

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın təşəbbüsü ilə irəli sürülən Qəzza barış planı çərçivəsində Türkiyə və Qətər hərbçilərinin bölgədə yerləşdirilməsinə qarşı çıxıb. Netanyahu İsrail parlamentində keçirilən xüsusi iclasda çıxışı zamanı Qəzza zolağında təhlükəsizliyin təmin edilməsi üçün yaradılması nəzərdə tutulan Beynəlxalq Sabitlik Qüvvəsində Türkiyə və Qətər ordularının iştirakına icazə verilməyəcəyini iddia edib. Onun sözlərinə görə, sözügedən qüvvəyə ABŞ-li general-mayor Cəsper Ceffersin komandanlıq edəcəyi planlaşdırılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada əldə edilən atəşkəs və “tam inteqrasiya” razılaşmasının tezliklə icra olunmasının vacibliyini vurğulayıb. Ərdoğan bunu Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Suriyada “tək dövlət, tək ordu” prinsipinin möhkəmləndirilməsi ölkədə sabitliyin əsas şərtlərindən biridir və Türkiyə bu istiqamətdə atılan addımları dəstəkləyir.

Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən olan ROKETSAN milli raket və strateji silah sistemləri sahəsində yeni mərhələyə daxil olur. ROKETSAN-ın baş direktoru Murat İkinci bildirib ki, uzun illər ərzində həyata keçirilən iri həcmli investisiyalar 2026-cı ildən etibarən real nəticələr verməyə başlayacaq, istehsal gücləri kəskin şəkildə artırılacaq və bir sıra strateji layihələrdə mühüm mərhələlər geridə qoyulacaq. Murat İkinci vurğulayıb ki, 2025-ci il ROKETSAN üçün rekord göstəricilərlə yadda qalıb. Şirkətin dollar ifadəsində dövriyyəsi 50 faiz artaraq 2 milyard ABŞ dollarını ötüb, ixrac həcmi isə eyni artım tempi ilə 750 milyon dollara yaxınlaşıb. Onun sözlərinə görə, 2025-ci il bir çox layihələrin seriya istehsalına keçdiyi, 200-dən çox məhsul üzrə elmi-tədqiqat və inkişaf işlərinin aparıldığı il olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həyata keçirilən layihələrlə Türkiyənin həm bölgədə, həm də dünyada seçkin bir mövqeyə yüksəldiyini bəyan edib. Ankara Esenboğa Hava Limanında yeni obyektlərin açılış mərasimində çıxış edən dövlət başçısı Türkiyənin artıq nə deyəcəyi və necə mövqe tutacağı maraqla gözlənilən bir ölkəyə çevrildiyini vurğulayıb. Ərdoğan son 23 ildə əsər və xidmət siyasətindən güzəştə getmədiklərini, səhiyyədən xarici siyasətə, təhsildən nəqliyyata qədər hər sahədə nəhəng investisiyalara imza atdıqlarını diqqətə çatdırıb. O Türkiyənin artıq digər ölkələri təqib edən deyil, özü təqib edilən bir güc mərkəzi olduğunu bildirib.

ROKETSAN 2026-cı ildə strateji raket sistemləri və kosmik texnologiyalar sahəsində mühüm yenilikləri istifadəyə verməyə hazırlaşır. Baş direktor Murat İkinci yeni ildə istehsal güclərinin ciddi şəkildə artacağını və bir çox layihənin seriyalı istehsal mərhələsinə qədəm qoyacağını açıqlayıb. Xüsusilə "TAYFUN BLOK-4" ballistik raketi, "GÖKBORA" hava-hava raketi və hipersəs sistemləri ilə bağlı yeni müjdələrin yaxın zamanda ictimaiyyətlə paylaşılacağı gözlənilir.

Türkiyənin müdafiə sənayesi nəhəngi olan ROKETSAN 2025-ci ili maliyyə baxımından böyük uğurlarla başa vuraraq dövriyyəsini 2 milyard dollardan yuxarı qaldırıb. Şirkətin baş direktoru Murat İkinci keçən il ərzində gəlirlərin dollar bazında 50 faiz artdığını bildirib. Onun sözlərinə görə ROKETSAN hazırda dünyanın ən sürətlə böyüyən müdafiə şirkətləri arasında yer alır. Şirkətin ixrac göstəriciləri də rekord həddə çataraq 750 milyon dolları ötüb ki bu da bir il əvvəlki göstəricidən 50 faiz çoxdur.

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Türkmənistana sement ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,9 faiz artaraq, 140 milyon 460 min 79 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Türkmənistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz artaraq, 12 milyon 158 min 35 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 4 milyard 499 milyon 901 min dollara bərabər olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəqəmsal transformasiyanın cəmiyyət, ailə və dəyərlər sistemi üçün yaratdığı risklərə diqqət çəkib. Ərdoğan İstanbulda “Birlik” Fondunun yaradılmasının 40 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı dünyanın sürətli dəyişiklik mərhələsindən keçdiyini bildirib. Prezidentin sözlərinə görə, texnologiyanın inkişafı ilə yanaşı mədəniyyət, ənənələr və dəyərlər sistemi də ciddi təzyiq altındadır.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanettin Duran BMT Təhlükəsizlik Şurasının 2803 saylı qərarı ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən açıqlanan Qəzza münaqişəsinə son qoymaq üçün Kompleks Planın dəstəklənməsinə qərar verildiyini xatırladıb. Bu çərçivədə Qəzzada təhlükəsizliyin təmin edilməsi və bölgənin yenidən qurulmasından məsul olacaq Sülh Şurası və müvafiq qurumların təsis edildiyi bildirilib.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, 2025-ci ildə ölkədə yol hərəkətində qeydiyyatda olan elektrikli avtomobillərin sayı 370 mini ötüb. Elektrikli avtomobillərin ümumi avtomobillər içindəki payı 2,1 faizə yüksəlib, hibrid avtomobillərdə isə əhəmiyyətli artım qeydə alınıb. Türkiyədə yol hərəkətində qeydiyyatda olan elektrikli avtomobillərin sayı 2025-ci ildə əvvəlki illə müqayisədə təxminən 102 faiz artaraq 370 min 591-ə çatıb. Ölkədə ötən il trafiqdə qeydiyyatda olan avtomobillərin ümumi sayı isə 17 milyon 373 min 581 olub.