Qazaxıstanın iki palatadan ibarət mövcud parlament sistemi ləğv edilir və ölkə birpalatalı qanunverici orqan sisteminə keçir. Qızılorda şəhərində keçirilən Milli Qurultayın 5-ci iclasında çıxış edən Prezident Kasım-Jomart Tokayev yeni yaradılacaq parlamentin "Qurultay" adlandırılacağını rəsmi şəkildə elan edib. Dövlət başçısı bu adın xalq üçün dərin tarixi mənaya malik olduğunu və ölkənin siyasi sistemində mühüm dövlət rəmzi kimi qalmasının vacibliyini vurğulayıb.
Türk Dövlətləri
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri və eyni zamanda Suriyanın xüsusi nümayəndəsi olan Tom Barrak ilə görüş keçirib. Diplomatik mənbələrdən verilən məlumata görə, Ankarada baş tutan görüşdə Türkiyə–ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, regional təhlükəsizlik məsələləri və Suriya ilə bağlı proseslər müzakirə olunub. Tərəflər regionda sabitliyin təmin olunması, siyasi proseslərin irəlilədilməsi və diplomatik səylərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüş zamanı qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıldığı bildirilib.
MHP sədri Devlet Bahçeli partiyasının TBMM-dəki qrup toplantısında çıxış edərək Suriyadakı son hadisələr və daxili təhlükəsizlik məsələləri ilə bağlı mühüm bəyanatlar verib. Bahçeli Dəməşq və Ankara arasındakı təhlükəsizlik əlaqəsinin strateji əhəmiyyətini vurğulayaraq Suriya xalqının birliyinin Türkiyə üçün vacib olduğunu bildirib. MHP lideri Suriyada baş verən son siyasi və hərbi dəyişikliklərin həm bölgə ölkələri, həm də Türkiyə üçün son dərəcə əhəmiyyətli olduğunu qeyd edib. "Dəməşqin təhlükəsizliyi Ankaranın təhlükəsizliyidir. Suriya xalqının səadəti, rifahı və birliyi Türk milləti ilə birdir və eynidir" deyən Bahçeli regiondakı sabitliyin birbaşa Türkiyənin milli maraqlarına təsir etdiyini vurğulayıb.
2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 944 daşınmaz əmlak satın alıblar ki, bu da 2024-cü ilin ilin eyni dövrü ilə müqayisədə 78 obyekt çoxdur. Məlumata görə, keçən ilin dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 113 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 3 obyekt çoxdur. Qeyd edək ki, 2025-ci ilin dekabr ayında Türkiyədə 254 min 77 mənzil satın alınıb ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 19,8 faiz çoxdur.
Türkiyənin Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb. Bu barədə Türkiyə XİN-nin rəsmi “X” səhifəsində paylaşım edilib.
Türkiyənin xarici siyasət aparatında genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirilib. Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan bir sıra səfirliklər və daimi nümayəndəliklər üzrə yeni təyinatları təsdiqləyib. Qərara əsasən, Türkiyənin 16 ölkədəki səfiri dəyişdirilib və diplomatik nümayəndəliklərdə yeni vəzifə bölgüsü aparılıb. Yeni təyinatlara əsasən, Konsulluq Baş direktoru səfir Gülsün Erkul Budapeştə səfiri, İkitərəfli Münasibətlər (Suriya) üzrə Baş direktor səfir İhsan Mustafa Yurdakul UNESCO yanında Türkiyənin daimi nümayəndəsi, San-Paulu baş konsulu Özgür Uludüz Luanda səfiri təyin olunub.
Suriyada baş verən proseslər fonunda Türkiyənin dəstəyi ilə Suriya ordusu tərəfindən İŞİD terrorçularının azad edilməsi ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirmədiyi bildirilib. Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi yayımladığı rəsmi açıqlamada sözügedən iddiaları tamamilə əsassız adlandırıb. Bildirilib ki, İŞİD terror təşkilatına qarşı bölgədə ən güclü və ardıcıl mübarizəni aparan, bu quruma indiyədək ən ağır zərbələri endirən ölkə məhz Türkiyədir.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın təşəbbüsü ilə irəli sürülən Qəzza barış planı çərçivəsində Türkiyə və Qətər hərbçilərinin bölgədə yerləşdirilməsinə qarşı çıxıb. Netanyahu İsrail parlamentində keçirilən xüsusi iclasda çıxışı zamanı Qəzza zolağında təhlükəsizliyin təmin edilməsi üçün yaradılması nəzərdə tutulan Beynəlxalq Sabitlik Qüvvəsində Türkiyə və Qətər ordularının iştirakına icazə verilməyəcəyini iddia edib. Onun sözlərinə görə, sözügedən qüvvəyə ABŞ-li general-mayor Cəsper Ceffersin komandanlıq edəcəyi planlaşdırılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada əldə edilən atəşkəs və “tam inteqrasiya” razılaşmasının tezliklə icra olunmasının vacibliyini vurğulayıb. Ərdoğan bunu Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Suriyada “tək dövlət, tək ordu” prinsipinin möhkəmləndirilməsi ölkədə sabitliyin əsas şərtlərindən biridir və Türkiyə bu istiqamətdə atılan addımları dəstəkləyir.
Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən olan ROKETSAN milli raket və strateji silah sistemləri sahəsində yeni mərhələyə daxil olur. ROKETSAN-ın baş direktoru Murat İkinci bildirib ki, uzun illər ərzində həyata keçirilən iri həcmli investisiyalar 2026-cı ildən etibarən real nəticələr verməyə başlayacaq, istehsal gücləri kəskin şəkildə artırılacaq və bir sıra strateji layihələrdə mühüm mərhələlər geridə qoyulacaq. Murat İkinci vurğulayıb ki, 2025-ci il ROKETSAN üçün rekord göstəricilərlə yadda qalıb. Şirkətin dollar ifadəsində dövriyyəsi 50 faiz artaraq 2 milyard ABŞ dollarını ötüb, ixrac həcmi isə eyni artım tempi ilə 750 milyon dollara yaxınlaşıb. Onun sözlərinə görə, 2025-ci il bir çox layihələrin seriya istehsalına keçdiyi, 200-dən çox məhsul üzrə elmi-tədqiqat və inkişaf işlərinin aparıldığı il olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həyata keçirilən layihələrlə Türkiyənin həm bölgədə, həm də dünyada seçkin bir mövqeyə yüksəldiyini bəyan edib. Ankara Esenboğa Hava Limanında yeni obyektlərin açılış mərasimində çıxış edən dövlət başçısı Türkiyənin artıq nə deyəcəyi və necə mövqe tutacağı maraqla gözlənilən bir ölkəyə çevrildiyini vurğulayıb. Ərdoğan son 23 ildə əsər və xidmət siyasətindən güzəştə getmədiklərini, səhiyyədən xarici siyasətə, təhsildən nəqliyyata qədər hər sahədə nəhəng investisiyalara imza atdıqlarını diqqətə çatdırıb. O Türkiyənin artıq digər ölkələri təqib edən deyil, özü təqib edilən bir güc mərkəzi olduğunu bildirib.
ROKETSAN 2026-cı ildə strateji raket sistemləri və kosmik texnologiyalar sahəsində mühüm yenilikləri istifadəyə verməyə hazırlaşır. Baş direktor Murat İkinci yeni ildə istehsal güclərinin ciddi şəkildə artacağını və bir çox layihənin seriyalı istehsal mərhələsinə qədəm qoyacağını açıqlayıb. Xüsusilə "TAYFUN BLOK-4" ballistik raketi, "GÖKBORA" hava-hava raketi və hipersəs sistemləri ilə bağlı yeni müjdələrin yaxın zamanda ictimaiyyətlə paylaşılacağı gözlənilir.