Türk Dövlətləri

Türkiyənin müdafiə sənayesi nəhəngi olan ROKETSAN 2025-ci ili maliyyə baxımından böyük uğurlarla başa vuraraq dövriyyəsini 2 milyard dollardan yuxarı qaldırıb. Şirkətin baş direktoru Murat İkinci keçən il ərzində gəlirlərin dollar bazında 50 faiz artdığını bildirib. Onun sözlərinə görə ROKETSAN hazırda dünyanın ən sürətlə böyüyən müdafiə şirkətləri arasında yer alır. Şirkətin ixrac göstəriciləri də rekord həddə çataraq 750 milyon dolları ötüb ki bu da bir il əvvəlki göstəricidən 50 faiz çoxdur.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampın təklif etdiyi "Sülh Şurası"na daxil olmaq barədə dəvəti qəbul edib. Bu barədə bazar ertəsi dövlət başçısının mətbuat katibi Ruslan Jeldibay məlumat yayıb. Məlumata görə Tokayev Yaxın Şərqdə sabit sülhün bərqərar olmasına töhfə vermək niyyətindədir. Qazaxıstan lideri Donald Trampa ünvanladığı cavab məktubunda yeni birliyə qoşulmağa razılıq verdiyini və ölkəsinin qlobal sabitliyin gücləndirilməsi istiqamətində üzərinə düşən öhdəliyi yerinə yetirəcəyini təsdiqləyib. Qeyd olunub ki Tokayev bu təklifi alan ilk dünya liderlərindən biri olub.

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Türkmənistana sement ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,9 faiz artaraq, 140 milyon 460 min 79 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Türkmənistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz artaraq, 12 milyon 158 min 35 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 4 milyard 499 milyon 901 min dollara bərabər olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəqəmsal transformasiyanın cəmiyyət, ailə və dəyərlər sistemi üçün yaratdığı risklərə diqqət çəkib. Ərdoğan İstanbulda “Birlik” Fondunun yaradılmasının 40 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı dünyanın sürətli dəyişiklik mərhələsindən keçdiyini bildirib. Prezidentin sözlərinə görə, texnologiyanın inkişafı ilə yanaşı mədəniyyət, ənənələr və dəyərlər sistemi də ciddi təzyiq altındadır.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanettin Duran BMT Təhlükəsizlik Şurasının 2803 saylı qərarı ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən açıqlanan Qəzza münaqişəsinə son qoymaq üçün Kompleks Planın dəstəklənməsinə qərar verildiyini xatırladıb. Bu çərçivədə Qəzzada təhlükəsizliyin təmin edilməsi və bölgənin yenidən qurulmasından məsul olacaq Sülh Şurası və müvafiq qurumların təsis edildiyi bildirilib.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, 2025-ci ildə ölkədə yol hərəkətində qeydiyyatda olan elektrikli avtomobillərin sayı 370 mini ötüb. Elektrikli avtomobillərin ümumi avtomobillər içindəki payı 2,1 faizə yüksəlib, hibrid avtomobillərdə isə əhəmiyyətli artım qeydə alınıb. Türkiyədə yol hərəkətində qeydiyyatda olan elektrikli avtomobillərin sayı 2025-ci ildə əvvəlki illə müqayisədə təxminən 102 faiz artaraq 370 min 591-ə çatıb. Ölkədə ötən il trafiqdə qeydiyyatda olan avtomobillərin ümumi sayı isə 17 milyon 373 min 581 olub.

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya ölkəyə 17 axtarılan şəxsin gətirildiyini açıqlayıb. Yerlikayanın bildirdiyinə görə, bu şəxslər arasında 12 nəfər qırmızı bültenlə, 5 nəfər isə milli səviyyədə axtarılan cinayətkardır. Onların ölkəyə gətirilməsi bir neçə beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilib.

Kahramanmaraş şəhərinin Göksun rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Yeraltı təkanlar bu gün saat 14:09-da baş verib. Zəlzələnin yerin təxminən 7,1 kilometr dərinliyində baş verdiyi bildirilib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.

Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) tərəfindən hazırlanan və istehsal edilən tam elektrikli zirehli personal daşıyıcısı E-ZPT-nin bütün kalifikasiya testləri tamamlanıb. M113 seriyalı zirehli vasitələrin modernləşdirilməsi ilə ərsəyə gələn E-ZPT 376 gün davam edən aramsız sınaqlardan sonra istifadəyə tam hazır vəziyyətə gətirilib. Layihə rəhbəri Halil Çelik bildirib ki, vasitə 3 min kilometrlik dözümlülük yürüşü, 60 dərəcəlik dik eniş-yoxuş və mənfi 32-dən müsbət 49 dərəcəyədək temperatur sınaqlarını uğurla başa vurub. Yeni nəsil texnologiyalarla təchiz edilən E-ZPT 0-dan 50 kilometr/saat sürəti cəmi 8 saniyəyə yığmaq qabiliyyətinə malikdir.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ABŞ-ın Ankara səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak ilə görüşüb. Milli Müdafiə Nazirliyində baş tutan qəbulda regiondakı son təhlükəsizlik vəziyyəti və Suriya ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu da iştirak edib.