"MBC Group" Almaniyanın Köln şəhərində keçirilən "Gamescom" sərgisində özünün ilk video oyunu olan "1001 Threads of Mizan"ı təqdim edərək "MBC Game Studio"nun fəaliyyətə başladığını və media qrupunun qlobal oyun sənayesinə genişlənməsini elan edib.
Ərəb fantaziyası janrında hazırlanan döyüş-macəra oyunu "Min bir gecə" nağıllarının süjet ənənələrindən ilhamlanaraq tədqiqat, döyüş və kooperativ (birgə) oyun mexanizmini xüsusi işlənmiş fantaziya dünyasında birləşdirir.
Qədim ərəb folklorunun ən qaranlıq təsvirləri - Kitab əl-Bülhan
Oyun istənilən vaxt qoşulub-çıxma imkanı verən kooperativ rejimdə 3 nəfərə qədər oyunçunu dəstəkləyir. Əsas oyun elementlərindən biri olan uçan xalçalar vasitəsilə oyunçular həm yerdə, həm də səmada səyahət edə, dünyanı kəşf edə və nəhəng mistik məxluqlara qarşı birlikdə döyüşə bilirlər.
Layihə 25 avqust çərşənbə axşamı günü "Gamescom Opening Night Live" tədbirində nümayiş etdirilib və sərgi ziyarətçilərinə bu həftə pre-alfa demo versiyasını oynamaq imkanı yaradılıb.
"MBC Game Studio" baş icraçı direktor Deniel Enqelhardt və əməliyyat direktoru Trevor Uilyamsın rəhbərliyi altında fəaliyyət göstərir və "BioWare", "Hi-Rez", "Ubisoft Montreal" və "Bungie" kimi studiyalarda təcrübə qazanmış beynəlxalq komandanı bir araya gətirir. Studiya qlobal auditoriya üçün maraqlı hekayələrə və mədəniyyət elementlərinə əsaslanan orijinal, yüksək istehsal dəyərinə malik layihələr və əqli mülkiyyət formalaşdırmağa fokuslanıb.
Oyunun süjeti əfsanəvi nağılçı Şəhrizad tərəfindən bir araya gətirilən üç qəhrəmanın - Yüsra, Malik və Süfyanın ətrafında cərəyan edir. Üçlük "Mizan"ın itirilmiş gücünü yenidən kəşf etməli və qisas almaq istəyi ilə bəşəriyyəti təhdid edən qədim cinlər padşahına qarşı mübarizə aparmalıdır.
Oyunun mühüm elementi olan uçan xalça sistemi istifadəçilərə oyun dünyasında sürətlə hərəkət etmək və hava döyüşlərində iştirak etmək imkanı verir.
"Min bir gecə və zəngin ərəb folklorundan ilhamlanan '1001 Threads of Mizan' layihəsini elan etməkdən böyük qürur duyuruq. Həm quruda, həm də səmada idarəetməni, nəhəng cinlərə qarşı irimiqyaslı döyüşləri və təsirli tədqiqat imkanlarını özündə birləşdirən bu oyun dostlarla paylaşıla bilən qəhrəmanlıq təcrübəsində bu hekayələrin gözəlliyini və ruhunu çatdırmaq üçün hazırlanıb".-deyə "MBC Game Studio"nun baş icraçı direktoru Deniel Enqelhardt bildirib.
Kreativ direktor Lars Bonde qeyd edib ki, studiya ənənəvi təkoyunçulu macəra oyunlarının miqyasını və dərinliyini kooperativ təcrübəyə necə uyğunlaşdırmağı hədəfləyib.
"Bu oyunla biz fantastikanı zəngin tarix və mədəniyyətlə birləşdirən bu inanılmaz folklorun dərinliyini kəşf edən oyunçuların gözləntilərini sürətli və döyüş yönümlü oyun təcrübəsinə çeviririk"-deyə Lars Bonde bildirib.
"1001 Threads of Mizan" "PlayStation 5", "Xbox Series X/S", "Nintendo Switch 2" və "PC" platformaları üçün hazırlanır. Oyunun təqdimat treyleri artıq internetdə yayımlanıb, "Gamescom" ziyarətçiləri isə sərgi məkanında pre-alfa demosunu sınaqdan keçirə bilirlər.