#Qəzzada müharibədən sonrakı vəziyyət

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatorunun müavini Ramiz Ələkbərov, Qəzzada İsrailin hərbi əməliyyatlarını tənqid edərək bölgədəki vəziyyətin əxlaqi, siyasi və hüquqi baxımdan qəbuledilməz olduğunu bəyan edib. Ramiz Ələkbərov bu fikirləri BMT Təhlükəsizlik Şurasının “Fələstin məsələsi də daxil olmaqla Yaxın Şərqdəki vəziyyət” mövzusunda keçirilən iclasında səsləndirib. “Qəzza zolağında İsrailin hərbi əməliyyatlarının intensivləşməsi məni dəhşətə salır,” – deyə Ələkbərov bildirib və əlavə edib ki, İsrailin hücumları fələstinlilərə görünməmiş miqyasda ölüm və dağıntı gətirməyə davam edir.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu gün, bazar ertəsi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı Qahirədə qəbul edib.Görüşdə regional məsələlər, xüsusilə də Qəzza zolağındakı vəziyyət müzakirə olunub. Misir Prezidentliyinin açıqlamasına görə, iki lider ABŞ Prezidenti Donald Trampın bölgədə müharibəni dayandırmaq üçün irəli sürdüyü təşəbbüsü alqışlayıb və bu sülh təşəbbüsünün dəstəklənməsinin bölgədə hərtərəfli və davamlı sülhün bərqərar olması yolunda mühüm addım olduğunu vurğulayıblar.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi son hücumlar nəticəsində daha 23 fələstinli həlak olub. Səhiyyə mənbələrinin və hadisə şahidlərinin verdiyi məlumata görə, İsrail ordusu bu gün səhər saatlarında Qəzzanın mərkəzi, şimal və cənub hissələrində hücumlar həyata keçirib. İsrail hərbçiləri, həmçinin Qəzza və Xan Yunis şəhərlərində yerləşən məhəllələrə pilotsuz və bombalı quru vasitələri ilə hücum edib.

İsrail ordusu, işğal məqsədilə başladığı quru hücumlarına paralel olaraq, Qəzza zolağına hava bombardmanlarını da intensivləşdirib. Son 24 saat ərzində 140-dan çox hava hücumu həyata keçirilib. Hücumlar, aclıq və qırğınlara baxmayaraq, torpaqlarını tərk etmək istəməyən fələstinlilərin sığındığı Qəzza şəhərində xüsusilə sıxlaşıb. İsrail ordusu, bölgədə yaşayan fələstinliləri qırğınlarla şimala və cənuba doğru köçməyə məcbur edir. Qəzza şəhəri həm hava, həm də quru əməliyyatları ilə bombalanır. Buna baxmayaraq, yüz minlərlə fələstinli şəhərdə qalmağa davam edir. İsrailin hücumları yalnız Qəzza şəhəri ilə məhdudlaşmayıb, həmçinin Qəzza zolağının orta və cənub hissələrində də davam etməkdədir.

Fələstin İqtisadiyyat Nazirliyi, İsrailin işğal altındakı İordan çayının qərb sahilində yerləşən və "dünyaya açılan yeganə qapı" kimi tanınan Kral Hüseyn (Allenby) körpüsünü bağlama qərarına kəskin reaksiya verib. Nazirlik bildirib ki, sərhədin bağlanması iqtisadi, sosial və humanitar fəlakətə yol aça bilər. Yazılı açıqlamada qeyd olunub ki, Kerame adlandırılan bu sərhəd keçidi Fələstin xalqının ixrac və idxal əməliyyatları üçün həyati əhəmiyyət daşıyır. Fələstin istehsalçılarının dünya bazarına çıxışı, ərzaq təhlükəsizliyi və humanitar yardımların çatdırılması bu keçid məntəqəsindən asılıdır.

İsrail ordusu işğal altında olan İordan çayının qərb sahilinin şimalında bir evi mühasirəyə alaraq 2 fələstinlini qətlə yetirib. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, İsrail əsgərləri gecə saatlarında qərb sahilində yerləşən Tuba şəhərinə bağlı Tammun qəsəbəsində bir evi mühasirəyə alıblar. Əsgərlərin bölgəyə snayperlər yerləşdirdiyi və mühasirəyə aldıqları evə atəş açdığı bildirilir. Hücum nəticəsində iki fələstinli həyatını itirib.

Dünən səhər saatlarından etibarən İsrail ordusunun Qəzza Zolağının müxtəlif bölgələrinə endirdiyi hücumlarda 99 fələstinli həyatını itirib. Xəstəxana mənbələrinin və hadisə şahidlərinin bildirdiyinə görə, İsrail ordusu Qəzzanın müxtəlif bölgələrində fələstinlilərin yaşadığı evləri, çadırları və yardım gözləyən mülki şəxsləri hədəf alıb. İsrail ordusunun Qəzza Zolağının şimalına endirdiyi hücumlarda 77 fələstinli həyatını itirib.

Tramp tez-tez dünyanın diqqətini çəkən təxribatçı açıqlamalar verməyi sevir. Məsələn, ABŞ-ın Qəzza zolağına tam nəzarət edəcəyi və orada “Qəzza Rivyerası” adlı cazibədar bölgə quracağı fikri kimi. Digər tərəfdən isə o, çox vaxt nümayişkaranə addımlar atır: iyun ayında İrana qarşı həyata keçirilən qəfil hücum və ya bu ay Venesuelalı narkotik tacirlərinə qarşı təşkil edilən əməliyyat kimi. Lakin bu addımları strateji nəticələr doğuran ardıcıl siyasət kimi qəbul etmək düzgün olmaz.

Ərdoğan bu gün İslam Əməkdaşlıq Təşkilatı–Ərəb Liqası Fövqəladə Zirvə Toplantısında iştirak etmək üçün Qətərə gedir. Prezident Ərdoğan İsrailin qətliam xarakterli hücumlarının dayandırılması ilə bağlı mesajlarını paytaxt Dohada keçiriləcək zirvə toplantısında verəcək. Türkiyə Prezidenti Ərdoğan Qətərə yola düşəcək. İsrail təxminən 2 ildir Qəzzanı qan içində qoyur. Region ölkələri İsrailin sərhəd tanımayan hücumlarından narahatdır.

İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 62 nəfər həlak olub. Bu barədə fələstinli mənbələr məlumat yayıb. Bildirilib ki, İsrailin Qəzza şəhərinin cənub-şərqində yerləşən Sabra məhəlləsinə endirdiyi zərbələrdə aralarında yardım paylama məntəqələrində çalışan 7 nəfərin də olduğu azı 62 mülki şəxs həyatını itirib, çoxlu sayda insan yaralanıb. İsrail ordusu həmçinin Qəzza şəhərinin cənub-qərbində yerləşən Baş Prokurorluq binasına üç hava zərbəsi endirib. Nəticədə bina tamamilə dağılıb. Hücumlar zamanı fələstinlilərin evləri, əvvəlki bombardmanlardan evsiz qalanların sığındığı məkanlar da hədəfə alınıb. Bu səhərə qədər Qəzza şəhərində bir yaşayış evi, üç sığınacaq və 20-dən çox bina yerlə-yeksan edilib.

Qəzza əhalisi uzun müddətdir gigiyenik şəraitin olmaması səbəbindən müxtəlif dəri xəstəliklərindən əziyyət çəkirdi. İndi isə eyni infeksiyalar İsrail ordusunun əsgərlərinə də yayılıb. Cümə günü ön cəbhəyə göndərilən yüzlərlə nizami və ehtiyat hərbçi qaşınmadan şikayətlənib, bədənlərində yaralar əmələ gəlib. “Yedioth Ahronoth” qəzetinin dərc etdiyi fotolarda əsgərlərin bədənində açıq yaralar görünür. Onların sözlərinə görə, səbəb bit, taxtabiti, digər həşərat sancmaları, üfunətli qoxu və dayanıqsız sularla bağlıdır. Bir əsgərin atası deyib: “Oğlum əvvəlcə bu əziyyəti gizlətmişdi. Ailəlikcə istirahətə çıxanda təsadüfən bədənindəki yaraları gördük. Bu dəhşətli idi. Övladlarımız qaşınmadan yata bilmir. Bu, Qəzzanın başqa bir lənəti kimi geri dönür.”