#Suriya ərazi bütövlüyü

Suriyada siyasi və hərbi gərginlik pik həddə çatıb. "Suriya Demokratik Qüvvələri" (SDQ - PKK terror təşkilatının Suriya qolu) rəsmi olaraq "ümumi səfərbərlik" (nəfir) elan edərək bütün tərəfdarlarını silahlı müqavimətə çağırıb. Bu qərar SDQ rəhbəri Məzlum Abdinin Dəməşqdə Suriya hökuməti ilə apardığı danışıqların iflasa uğramasından dərhal sonra verilib.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyanın rəsmi müraciəti olacağı halda Ankaranın lazımi dəstəyi göstərməyə hazır olduğunu bəyan edib. Açıqlamada Suriya ordusunun Hələb şəhərində başladığı antiterror əməliyyatına da toxunulub. Bildirilib ki, terror təşkilatlarının mülki əhali və təhlükəsizlik qüvvələrini hədəfə alması nəticəsində 4 nəfər həlak olub, 18 nəfər yaralanıb. Bu səbəbdən Suriya hökuməti ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə əməliyyata başlayıb.

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və Kəşfiyyat Direktoru Hossein Salame Fransanın paytaxtı Parisdə İsrailin strateji işlər naziri Ron Dermer ilə görüşüblər. Xarici mənbələr bildirir ki, görüş zamanı tərəflər Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini və ölkəni parçalamaq məqsədi daşıyan layihələrə qarşı olduqlarını bir daha təsdiqləyiblər. Sveydanın Suriyanın ayrılmaz hissəsi olduğu və druz vətəndaşlarının milli toxumanın vacib elementi olduğu vurğulanıb. Görüşdə Suriyanın cənubunda humanitar vəziyyət müzakirə olunub, tərəflər Sveyda və Bədəvi xalqlarına yardımı artırmaq və onların çətin həyat şəraitini yüngülləşdirmək barədə razılığa gəliblər. Həmçinin 1974-cü il atəşkəs razılaşmasının yenidən aktivləşdirilməsi və İsrailin Suriya ərazilərinə müdaxiləsinin dayandırılması üçün mexanizmin yaradılmasının zəruriliyi qeyd olunub.

Suriya hökuməti Parisdə Kürd qüvvələrinin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) ilə keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirak etməyəcəyini açıqlayıb. Rəsmi Dəməşq mart ayında əldə olunmuş birlik razılaşmasının SDQ tərəfindən pozulduğunu bildirərək, bu iddiasına əsas kimi ötən cümə günü ölkənin şimal-şərqindəki Həsəkə şəhərində keçirilən konfransı göstərib.