#Sudan ordusu və RSF münaqişəsi

Sudanda Sürətli Dəstək Qüvvələrinin rəhbəri Məhəmməd Hamdan Daqalu üç aylıq humanitar atəşkəs elan edib. RSF-nin sosial media hesabında yayımlanan videoda Daqalu bildirib ki, müharibə xalqı yorub, insanların əzabları artıb və qan tökülməsinin dayandırılması təxirə salınmaz bir vəzifəyə çevrilib. O əlavə edib ki, milli məsuliyyət və ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə dördlü mexanizm (ABŞ, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri), Afrika Birliyi və Şərqi Afrikada Hökumətlərarası İnkişaf Təşkilatının beynəlxalq səylərinə cavab olaraq atəşkəs elan olunur.

Sudan ordusu ilə Sürətli Dəstək Qüvvələri (RSF) arasında davam edən münaqişə artıq yalnız döyüş meydanlarında və dağıdılmış şəhərlərdə deyil, həm də beynəlxalq məhkəmələrdə davam edir. Hər iki tərəf 2023-cü ilin aprelində başlayan müharibədən bəri törədilən cinayət və insan hüquqları pozuntularına görə bir-birini ittiham edir. Bu dönüşüm – silahlı qarşıdurmadan hüquqi və diplomatik müstəviyə keçid – münaqişənin hərbi aspektləri ilə yanaşı, hüquqi və siyasi mübarizənin də sərtləşdiyini göstərir və gələcək güc balansını müəyyən edə bilər.

Sudanın mərkəzində yerləşən Kordofan bölgəsində aclıq və kəskin qida çatışmazlığı səbəbindən bir ay ərzində 23 uşaq həyatını itirib. Sudan Həkimlər Şəbəkəsi ölümlərin 20 oktyabr–20 noyabr tarixləri arasında mühasirədə olan Kadugli şəhəri və Dilling qəsəbəsində qeydə alındığını bildirib. Ölkədə 30 aydan çoxdur davam edən və ordunun Sürətli Dəstək Qüvvələri (RSF) ilə toqquşması nəticəsində yaranan müharibə humanitar vəziyyəti kəskin şəkildə pisləşdirib. BMT-nin məlumatına görə, müharibə 40 min insanın ölümünə səbəb olub, 14 milyondan çox insan evlərini tərk etməyə məcbur qalıb və ölkənin geniş hissələrində aclıq hökm sürür.

Türkiyə bölgədə baş verən prosesləri diqqətlə izləyir, mümkün dəstək variantları dəyərləndirilir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudandakı hazırkı vəziyyəti şərh edərkən deyib. Ekspertlərə görə, Türkiyə ilkin mərhələdə neytral diplomatiya yürüdüb, humanitar kanalları açıq saxlayıb və səfirliyin fəaliyyətini Port Sudanda davam etdirib. Həmçinin son dövrdə Ankaranın siyasi mövqeyinin Sudan ordusuna daha yaxın olduğu qeyd olunur.

Sudanın Humanitar Yardım Komissiyasının Komissarı Selva Adem bildirib ki, Türkiyə heç bir şəxsi maraq daşımır, yalnız Sudandakı qardaşlarına humanitar yardım göstərdiyini bilirlər. Selva Adem, Sürətli Dəstək Qüvvələrinin (RSF) hücumları və toqquşmalar səbəbilə Şimali Darfur və Şimali Kordofan bölgələrindən əl-Dəbbe və əl-Ubeyd şəhərlərinə sığınan on minlərlə insanın təcili yardıma ehtiyacı olduğunu qeyd edib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanın Darfur bölgəsinin ən böyük şəhəri Faşirin Sürətli Dəstək Qüvvələri (RSF) tərəfindən ələ keçirilməsindən sonra qadınlar və uşaqlar da daxil olmaqla mülki şəxslərə qarşı zorakılığın davam etdiyi barədə xəbərdarlıq edib. BMT Baş Katibinin sözçü müavini Farhan Haq gündəlik mətbuat konfransında Sudandakı vəziyyəti şərh edib. O bildirib ki, Faşir şəhərində və ətrafında qadınlar, uşaqlar və digər dinc sakinlər hələ də zorakılığa məruz qalır.

Sudan Həkimlər Birliyi ölkənin qərbində yerləşən Şimali Darfur əyalətinin paytaxtı Faşir şəhərində 177 min nəfərin hələ də mühasirədə qaldığını və ölənlərin sayının minlərlə olduğunu bildirib. Birlikdən yayılan açıqlamada, Sürətli Dəstək Qüvvələrinin (RSF) şəhəri ələ keçirməsindən sonra Faşirdə baş verən “vəhşi qırğın və humanitar fəlakət” kəskin şəkildə pislənib. Bəyanatda vurğulanıb ki, Faşirdə baş verənlər “soyqırım, sistematik etnik təmizləmə və tammiqyaslı müharibə cinayətidir.”