Qəzza Zolağında iki ilə yaxın davam edən müharibə dövründə İsrail ordusunun “insani yardım” adı altında yaradılan paylama mərkəzlərində 2 min 614 fələstinlini öldürdüyü bildirilib. İsrail və ABŞ tərəfindən yönləndirilən Qəzza Humanitar Yardım Fondu (GHF) dünən fəaliyyətlərini dayandırdığını açıqladıqdan sonra, Qəzza Səhiyyə Nazirliyinin Baş direktoru Münir əl-Burş mövzu ilə bağlı bəyanat yayıb. Burş bildirib ki, yardım bölgələri əslində “ölüm tələsi”nə çevrilib və bu çərçivədə 2 min 614 nəfər döyüş meydanında deyil, qida və su tapmağa çalışdıqları vaxt öldürülüb.
#Qəzza sakinlərinin köçü
Atəşkəsə baxmayaraq Qəzza şəhərinin şərqindəki yaşayış binalarını partladaraq dağıdan İsrail ordusu, Xan Yunis şəhərinin şərq bölgələrinə də hücum həyata keçirib. Şahidlərinin verdiyi məlumata görə, İsrail ordusu Qəzza şəhərinin şərqində yerləşən Şucaiyyə məhəlləsində işğal etdiyi ərazilərdə çox sayda binanı partladaraq yerlə-yeksan edib. İsrail əsgərləri həmçinin Qəzza zolağının cənubunda yerləşən Xan Yunisin şərq bölgələrini artilleriya atəşi ilə bombalayıb.
HƏMAS bildirib ki, İsrail ordusu Qəzzədəki atəşkəs razılaşmasını sistemli şəkildə pozur və vasitəçilərə dərhal müdaxilə, ABŞ-a isə İsrailin öhdəliklərini yerinə yetirməsini tələb etmək çağırışı edib. Açıqlamada qeyd olunub ki, İsrail ordusu Sarı Xətt boyunca hər gün qərbə doğru irəliləyərək işğalını genişləndirir. Bu səbəbdən bölgədə yeni kütləvi köçlər baş verir, Qəzzə Səhrasının şərq hissələrinə edilən hava hücumları və artilleriya atəşləri isə atəşkəsin açıq şəkildə pozulması deməkdir.
İsrail rəhbərliyinin Qəzza Zolağında əldə edilən atəşkəs anlaşmasının ikinci mərhələsinin icrası üçün xüsusi qrup yaratmaq qərarı verdiyi bildirilib. Təhlükəsizlik Kabinetinin dünən axşam keçirilən iclasının nəticəsi olaraq Qəzzadakı atəşkəsin ikinci mərhələsinin həyata keçirilməsi üçün bir qrupun yaradılması qərara alınıb
Avropa İttifaqı Komissiyasının Bərabərlik, Hazırlıqlılıq və Krizis İdarəçiliyi üzrə üzvü Hadja Lahbib Qəzzadakı humanitar vəziyyətin sürətlə pisləşdiyini bildirərək, yardımların siyasiləşdirilməsinə qarşı xəbərdarlıq edib. Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri toplantısı çərçivəsində çıxış edən Lahbib, bölgədəki əsirlərin evlərinə dönməsinə baxmayaraq humanitar böhranın daha da ağırlaşdığını deyib. “Son daşqınlardan sonra və yaxınlaşan qış aylarının təsiri ilə fələstinlilər həm donur, həm islanır, həm də aclıq çəkir.” - deyə o qeyd edib.
Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumlarında son 24 saatda 33 nəfərin öldüyünü və ölü sayının 69 min 546-ya yüksəldiyini açıqlayıb. Ölənlər arasında 12 uşaq və 8 qadın var, 88 nəfər yaralanıb. Hücumlarda dağıntılar altından çıxarılan meyitlərin sayı 572-dir. 2023-cü il Oktyabr ayından bəri davam edən İsrail hücumlarında yaralıların sayı 170 min 833-ə çatıb. Beynəlxalq mediaya görə, ABŞ və Misir vasitəsilə 9-10 Oktyabr tarixlərində İsrail və Həmas arasında Qəzza üçün atəşkəs planı razılaşdırılıb. Lakin İsrail ordusu atəşkəsə baxmayaraq ara-sıra hücumlara davam edir.
Fələstin Təhsil Nazirliyi Dünya Uşaq Hüquqları Günü ilə bağlı açıqlamasında İsrailin Qəzza üzərindəki 2 ildən artıq davam edən hücumlarında 19 min məktəblinin öldüyünü, 28 minə yaxın uşağın isə yaralandığını bildirib. Hücumlarda yüzlərlə məktəb və uşaq bağçası dağıdılıb və ya zərər görüb. Nazirlik, İsrailin işğal etdiyi Şərqi Qüds və Qərbi Şeria ərazilərində də Fələstinli uşaqlara qarşı zorakılığın davam etdiyini vurğulayıb. Beynəlxalq ictimaiyyətə Fələstinli uşaqların qorunması və təhsil imkanlarının yaxşılaşdırılması üçün dərhal addımlar atılması çağırışı edilib.
Birləşmiş Millətlər Təşkilatının rəsmiləri bildiriblər ki, Qəzzada güclü yağışlar, su basqınları və soyuq hava humanitar böhranı daha da ağırlaşdırır və bölgəyə daha çox yardımın çatdırılması üçün məhdudiyyətlərin təcili şəkildə aradan qaldırılması vacibdir.
Beynəlxalq yardım təşkilatları, Qəzzada ilk güclü qış yağışlarının təsirini göstərməsindən sonra İsrailə daha çox çadır və təcili humanitar yardımın daxil olmasına icazə verilməsini tələb edib. Təşkilatlar bildirirlər ki, dörddə bir milyondan çox ailə təcili sığınacaq dəstəyinə ehtiyac duyur. Hücumlar ikinci ilinə daxil olur, əhali əksəriyyətlə məcburi köçkün vəziyyətindədir və Qəzza xalqının çoxu çadırlarda yaşayır. Cümə günü başlayan qış fırtınasından sonra yaranan daşqın, tullantı suları ilə qarışmış yağış suları səbəbindən ciddi epidemik risk yaradıb.
Dünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Qəzzada müalicə üçün bölgədən çıxarılmaq üçün tibbi təxliyə gözləyərkən həyatını itirən xəstələrin sayı 900-ü ötüb. ÜST-ün məlumatına görə, hələ də 16 min 500 xəstə təxliyə üçün təsdiq gözləyir; onların arasında təcili tibbi təxliyəyə ehtiyacı olan 4 min uşaq var. Təşkilat xəbərdarlıq edib ki, kritik vəziyyətdə olan xəstələrin təxliyəsində hər bir gecikmə “praktik olaraq ölüm hökmü” deməkdir. ÜST-ün Baş Direktoru Tedros bütün sərhəd keçidlərinin dərhal açılmasını və Qəzzadan və Qəzzaya tibbi və humanitar hərəkətə tam azadlıq verilməsini tələb edib. Keçidlərin bağlanması və xəstələrin hərəkətinə qoyulan məhdudiyyətlər səhiyyə sisteminin çökməsinə və ağır hallarının sürətlə artmasına səbəb olub.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qəzzadaki kövrək atəşkəsin dəfələrlə pozulmasına baxmayaraq, hələ də qüvvədə olduğunu bildirərək ikinci mərhələ danışıqları üçün yolun açılmasına çağırış edib. Quterreş bu fikirləri Nyu-Yorkdakı BMT Baş Qərargahında Afrika İttifaqı ilə BMT arasında keçirilən yüksək səviyyəli görüşdən sonra Afrika İttifaqı Komissiyasının sədri Mahmud Ali Yussuf ilə birgə mətbuat konfransında səsləndirib.
İsrail hökuməti bəyan edib ki, çərşənbə günü Qəzza zolağının şimalında yerləşən “Zikim” sərhəd-keçid məntəqəsi humanitar yardım maşınlarının bölgəyə daxil olması üçün açılıb. Bu, iki il davam edən müharibənin ağır nəticələrindən əziyyət çəkən Qəzza sakinlərinə yardım məqsədi daşıyır. İsrail Müdafiə Nazirliyinə tabe olan Hökumət Fəaliyyətlərinin Koordinasiyası İdarəsi (COGAT) bildirib ki, bu yardımlar BMT və beynəlxalq təşkilatlar tərəfindən çatdırılacaq və bütün yük maşınları “dəqiq təhlükəsizlik yoxlamalarından” sonra buraxılacaq.