#Qəzza sakinlərinin köçü

İstanbul Cumhuriyyət Baş Prokurorluğu İsrailin Baş naziri Binyamin Netanyahu, müdafiə naziri İsrаel Katz, Nazir Tamara Ben Gvir, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir, İsrail Hərbi Dəniz Qüvvələri Komandanı David Saar Salama və digər yüksək rütbəli rəsmilər də daxil olmaqla ümumilikdə 37 nəfər barəsində “soyqırım” və “insanlığa qarşı cinayətlər” ittihamı ilə beynəlxalq axtarış qərarı çıxarıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi bəyan edib ki, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Vaşinqtonun Qəzza zolağı ilə bağlı təqdim etdiyi yeni qətnamə layihəsini dəstəkləyiblər. Məlumata görə, sənəd ikiillik keçid dövrü çərçivəsində Qəzzada beynəlxalq sabitləşdirmə qüvvəsinin yerləşdirilməsini və yeni idarəetmə orqanının — “Sülh Şurası”nın yaradılmasını nəzərdə tutur. Bu struktur vasitəsilə Qəzzaya nəzarətin HƏMAS-dan alınması və ərazinin tərksilah edilməsi planlaşdırılır.

İsrailin hücumları nəticəsində Qəzza zolağında evlərini tərk edən 75 minə yaxın fələstinlinin, əksəriyyəti zərər görmüş BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Bərpa Agentliyinə (UNRWA) məxsus 100-dən çox binada yaşadığı bildirilib. UNRWA-nın ABŞ mərkəzli X sosial media platformasındakı hesabında yayımlanan açıqlamada, İsrailin iki il ərzində Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində yerindən edilmiş fələstinlilərin vəziyyətinə diqqət çəkilib.

İsrail qüvvələri Suriya cənubundakı Qüneytara vilayətinin Əlcərf, Məşirfə və Um Batinə kəndlərinə daxil olaraq bir sıra evləri mühasirəyə alıb və axtarış aparıb. Suriya rəsmi xəbər agentliyi SANA bildirir ki, dörd hərbi maşın və iki tankdan ibarət İsrail patrulu Ədnaniyyə məntəqəsindən çıxaraq Məşirfə kəndi üzərindən Əlcərfə doğru hərəkət edib. Patrul Məşirfədə dayanaraq bir neçə evdə axtarış aparıb.

Fələstinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Riyad Mənsur İsrailin Qəzza zolağındakı atəşkəs razılaşmasını dəfələrlə pozduğunu bildirərək, razılaşmanın “son dərəcə kövrək” vəziyyətdə olduğunu vurğulayıb. Fələstinin rəsmi WAFA agentliyinin xəbərinə görə, Mənsur İsrailin Qəzzədə fələstinlilərə qarşı 700 gündən artıq davam edən hücumları ilə bağlı BMT baş katibi Antonio Quterreşə, BMT Təhlükəsizlik Şurasının sədrinə və BMT Baş Assambleyasının sədri Annalena Baerbocka məktublar göndərib.

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi basqınlarda 9 nəfəri saxladığı bildirilib. Yerli mənbələrin verdiyi məlumata görə, İsrail əsgərləri qərb sahilinin şimalında yerləşən Cenin şəhərinin cənubundakı Kabatiya qəsəbəsində bir evə basqın ediblər. Evdə axtarış aparan əsgərlər 3-ü qardaş olmaqla 4 nəfəri həbs ediblər. İsrail qüvvələri, həmçinin Kabatiyada evinə basqın etdikləri Məhəmməd Əbu ər-Rubu ağır şəkildə döyüblər.

Türkiyə Diyanət Fondu (TDV) Misir vasitəsilə 20 tır insani yardımı Qəzza Sektoruna göndərib. TDV, İsrailin iki ildən artıqdır ki, Qəzzanı blokadada saxlayaraq bombardman etdiyi bölgəyə yönəlmiş humanitar yardım kampaniyasını davam etdirir. TDV, ərzaq və təmizlik məhsullarından ibarət 20 tırı paytaxt Qahirədə keçirilən mərasimlə Qəzzaya göndərmək üçün əl-Əriş şəhərinə yola saldı. TDV Baş Direktoru İzani Turan mərasimdə çıxış edərək, bütün dünyanın uzun müddətdir Qəzzada baş verən insanlıq dramını izləməkdən başqa bir şey etmədiyini vurğulayıb. O, Türkiyənin xalqı, dövləti və QHT-ləri ilə həmişə Qəzzanın yanında olduğunu bildirib.

Qəzzada dağıntılar altında qalan israillilərin və fələstinlilərin cəsədlərinin axtarışı üçün bölgəyə göndərilən AFAD qrupuna İsrail tərəfindən hələ də giriş icazəsi verilməyib. Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, AFAD heyəti Misirin Rəfah sərhəd-keçid məntəqəsində gözləyir. “AFAD missiyası sərhəddə gözləyir. İsrail hələ də daxil olmağa icazə verməyib. Bu isə İsrailin atəşkəsin bütün maddələrinə əməl etmədiyini göstərir”, – məlumatda deyilir.

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) sözçüsü Tess İngram, Qəzzada elan olunan atəşkəsə baxmayaraq bölgəyə kifayət qədər humanitar yardımın çatmadığını və minlərlə uşağın aclıq içində yatdığını bildirib. “Atəşkəs təkbaşına qıtlığı bitirmir və ya bir ailənin sabah içməli suya çıxışı olacağı anlamına gəlmir. Ailələr hələ də sağ qalmaq uğrunda mübarizə aparır. İnsanların güvəndiyi sistemlər dağılıb, su və tibbi yardıma çıxış çox məhduddur.” - deyə İngram qeyd edib.

İsrail ordusu, 10 oktyabrdan etibarən qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, çəkilmədiyi Qəzza Zolağının şərqindəki bölgələrdə ayaqda qalan binaları dağıtmağa davam edir. Bölgədəki yerli mənbələrin AA müxbirinə verdiyi məlumata görə, İsrail ordusunun “sarı xətt” adlandırılan ərazi daxil olmaqla Qəzza Zolağının şərqində binaları partlatması böyük partlayış səslərinə səbəb olub.

Region hazırda əsrin ən böyük işğalı – Qəzzanın İsrail tərəfindən işğalı ilə üz-üzədir. Bu barədə İran Prezidenti Məsud Pezeşkian Tehranda keçirilən ECO Daxili İşlər Nazirlərinin 4-cü iclasında bildirib. Prezident çıxışında son iki ildə Qəzzada baş verənləri dünyada ən dəhşətli soyqırımı və insanlığa qarşı cinayət adlandırıb. ECO üzv ölkələri iqtisadi inkişaf üçün möhkəm infrastruktur yaratmalı, həmçinin regional sabitliyi təmin etməlidir. O, uzun fasilədən sonra keçirilən iclasın üzv ölkələrin əməkdaşlığı gücləndirmək əzmini göstərdiyini vurğulayıb və ECO Vision 2035 strategiyası ilə ECO polis qüvvəsi – ECOPOL-un yaradılmasının əhəmiyyətini qeyd edib.