#İsrail və Fələstin münaqişəsi 2025

Türkiyə Xarici İşlər Nazirliyi, İsrail Baş naziri Benyamin Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatına sərt reaksiya verərək, onun Fələstin xalqına qarşı törətdiyi cinayətləri ört-basdır etməyə çalışdığını bildirib. Nazirlikdən verilən yazılı açıqlamada, “Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatı keçmiş ağrılı hadisələrdən siyasi səbəblərə görə istifadə cəhdidir. Fələstin xalqına qarşı soyqırımda roluna görə mühakimə olunan Netanyahu, özünün və hökumətinin cinayətlərini ört-basdır etməyə çalışır. Tarixi və hüquqi faktlarla uyğun olmayan bu bəyanatı qınayır və rədd edirik,” ifadələri yer alıb.

İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına həyata keçirdiyi hücumlarda həlak olanların sayı son 24 saatda 75 nəfər artaraq 62 min 819 nəfərə çatıb. Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən itkilərlə bağlı son məlumatlar açıqlanıb. Son 24 saatda Qəzza zolağındakı xəstəxanalara 75 nəfərin nəəşi və 370 yaralı çatdırılıb. İsrail ordusunun 19 yanvarda əldə olunan atəşkəsi pozaraq 18 martdan bəri davam etdirdiyi hücumlar zamanı 10 min 975 fələstinlinin həyatını itirdiyi, 45 min 588 nəfərin isə yaralandığı bildirilib. Son 24 saatda humanitar yardım gözləyən insanlara qarşı həyata keçirilən hücumlarda 17 fələstinli həyatını itirib, 122 nəfər isə yaralanıb.

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), İsrailin 7 oktyabr 2023-cü ildən etibarən hücumlarını davam etdirdiyi Qəzzəyə humanitar yardım və ərzaq dəstəyi göstərməkdə davam edir. TİKA-dan əldə edilən məlumata görə, Qəzzəyə hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana TİKA davam edən ərzaq böhranına qarşı təcili humanitar yardım fəaliyyəti həyata keçirir. Bu çərçivədə TİKA 16 min 500-dən çox ailəyə ərzaq paketi, 160 min porsiya isti yemək təqdim edib. TİKA 3 mindən çox ailəyə çadır, yataq, yorğan və qış geyimləri yardımı göstərib, eyni zamanda Səhiyyə Nazirliyi və xəstəxanalara da çox sayda tibbi ləvazimat və dərman göndərib. TİKA-nın illərdir Qəzzədə həyata keçirdiyi yardım layihələri çərçivəsində inşa olunan bəzi binalar İsrailin davam edən hücumları nəticəsində zərər görüb. Bu tikililər arasında inşasına 2011-ci ildə başlanılan və 2015-ci ildə tamamlanan Fələstin-Türkiyə Dostluq Xəstəxanası da var. 180 çarpayılıq xəstəxana, Fələstinin ən böyük və müasir tədris və tədqiqat xəstəxanası kimi tanınırdı.

Fələstin Qeyri-Hökumət Təşkilatları Şəbəkəsi BMT Təhlükəsizlik Şurasını fələstinlilərə beynəlxalq qoruma təmin etməyə çağırıb. Çağırış, İsrailin Qəzzada mülki əhaliyə qarşı davam edən hücumları, mülki qurumların hədəfə alınması və BMT-nin bölgədə aclığın baş verdiyini rəsmən elan etməsi fonunda edilib.

Livan-Fələstin Dialoq Komitəsinin sədri səfir Ramiz Dəməşq yazılı açıqlamasında paytaxt Beyrutdakı Bürc əl-Bərəcinah Qaçqınlar Düşərgəsində silahların təhvil verilməsi prosesinin birinci mərhələsinin başladığını bildirib. Onun sözlərinə görə, bu addım dövlətin silah üzərində monopoliya qərarının icrası çərçivəsində həyata keçirilir. Dəməşq qeyd edib ki, proses qarşıdakı həftələrdə Bürc əl-Bərəcinah və digər düşərgələrdə də davam etdiriləcək. O, həmçinin silahların təhvilinin 21 may 2025-ci ildə Livan prezidenti Cozef Aun və Fələstin prezidenti Mahmud Abbas arasında keçirilən sammitdə qəbul olunmuş qərarların icrası ilə bağlı olduğunu vurğulayıb. Məlumata görə, geniş təhlükəsizlik tədbirlərinin görüldüyü proses çərçivəsində Livan ordusunun hərbi texnikası və əsgərləri düşərgəyə yerləşdirilib.

Qəzzada davam edən müharibə fonunda atəşkəs danışıqları yenidən gündəmə gəlib. Qətər, HƏMAS-ın Ərəb ölkələrinin təqdim etdiyi təklifə “olumlu cavab” verdiyini açıqlayaraq atəşkəsin təcili şəkildə təmin olunmasının vacibliyini vurğulayıb.

Fələstin Baş naziri Məhəmməd Mustafa, Qəzza zolağını idarə etmək üçün yaxın günlərdə müvəqqəti bir komitə elan ediləcəyini bildirib. Misirə rəsmi səfər edən Baş nazir Mustafa, Misirin Xarici İşlər naziri Bədr Əbdülati ilə birlikdə Misirlə Qəzza arasındakı Rəfah Sərhəd Qapısında mətbuat konfransı keçirib. O vurğulayıb ki, Rəfah keçid məntəqəsi Qəzza xalqı üçün bir yaşayış və nəfəs qapısı olmalıdır və İsrailin xalqı aclığa və zorla köçürməyə məruz qoyan siyasəti qəbuledilməzdir. “Beynəlxalq ictimaiyyət daha təsirli addımlar atmalı və İsraili blokada və aclıq siyasətini dayandırmağa məcbur etməlidir.” - deyə baş nazir qeyd edib.

İsrailin hücumları və blokadası nəticəsində aclıq yaşanan Qəzza zolağında son 24 saatda 2-si uşaq olmaqla 5 fələstinlinin daha aclıqdan həyatını itirdiyi, ümumi sayın 263-ə yüksəldiyi bildirilib. Qəzzə Səhiyyə Nazirliyinin Baş direktoru Munir əl-Burş verdiyi açıqlamada bölgədə aclıq səbəbilə həyatını itirənlərlə bağlı məlumat verib. Burş bildirib ki, İsrailin blokadası və hücumları altındakı Qəzzəyə qarşı tətbiq etdiyi aclıq siyasəti can almağa davam edir. Son 24 saatda 2-si uşaq olmaqla 5 fələstinli aclıq və qidalanma çatışmazlığı səbəbindən həyatını itirib. Burşun sözlərinə görə, 7 oktyabr 2023-cü ildən bəri Qəzzədə 112-si uşaq olmaqla 263 nəfər aclıqdan ölüb.

ABŞ dövlət katibi Marko Rubio, 16 avqustda Qəzzalılara ziyarətçi vizalarının verilməsinin dayandırıldığını elan etdikdən sonra, bu qərarın yenidən nəzərdən keçiriləcəyini bildirib. Rubio, CBS News-a verdiyi müsahibədə, ABŞ-ın Qəzza xalqına verdiyi ziyarətçi vizalarının dayandırılması ilə bağlı danışıb. Rubio bildirib ki, yalnız Qəzzalı uşaqlara deyil, onlara müşayiət edən böyüklərə də viza verildiyini xatırladıb. Rubio, Konqresə təqdim olunan sübutlara əsasən, viza prosesi ilə əlaqəli olan bəzi qurumların HƏMAS-la güclü əlaqələrinin olduğunu iddia edərək, “HƏMAS-la dost münasibətdə olan qruplarla əməkdaşlıq etməyəcəyik.” - deyə qeyd edib.