#İsrail və Fələstin münaqişəsi 2025

Fələstinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Riyad Mənsur İsrailin Qəzza zolağındakı atəşkəs razılaşmasını dəfələrlə pozduğunu bildirərək, razılaşmanın “son dərəcə kövrək” vəziyyətdə olduğunu vurğulayıb. Fələstinin rəsmi WAFA agentliyinin xəbərinə görə, Mənsur İsrailin Qəzzədə fələstinlilərə qarşı 700 gündən artıq davam edən hücumları ilə bağlı BMT baş katibi Antonio Quterreşə, BMT Təhlükəsizlik Şurasının sədrinə və BMT Baş Assambleyasının sədri Annalena Baerbocka məktublar göndərib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsrail rejiminin İordan çayının Qərb sahilinin ilhaqına dair Knessetdə qəbul etdiyi qətnaməni Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əks olunan prinsiplərin və məqsədlərin açıq şəkildə pozulması kimi qiymətləndirib və onu sərt şəkildə qınayıb. Bəqai bu qətnaməni sionist rejimin cinayətkar və müstəmləkəçi genişlənmə siyasəti yolunda atdığı növbəti addım adlandırıb. O vurğulayıb ki, bu siyasət səkkiz onillikdir fələstin xalqının öz müqəddəratını təyin etmə kimi fundamental hüququnun pozulmasına səbəb olur və beynəlxalq hüququn imperativ normalarını, xüsusilə də xalqların öz müqəddəratını təyin etmə hüququnu tapdalayır.

Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və Milli Təhlükəsizlik Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın Qətərin paytaxtı Dohada “HƏMAS” hərəkatının rəhbərləri ilə görüş keçiriblər. Danışıqlar zamanı Qəzza zolağında davam edən humanitar böhran, atəşkəsin davam etdirilməsi və bölgədə sabitliyin bərpası istiqamətində mümkün vasitəçilik addımları müzakirə olunub.

Səhiyyə Nazirliyi bəyan edib ki, cəsədlərin üzərində zorakılıq, işgəncə və uzun müddət bağlı saxlanılmış əl və göz izlərinə dair əlamətlər aşkar olunub. Hazırda nəşlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tibbi ekspertiza işləri davam etdirilir. Nazirlik yalnız 4 nəfərin kimliyinin ailələri tərəfindən təsdiqləndiyini açıqlayıb.

Almaniya Kansleri Fridrix Merts, İsrail ilə Fələstinli silahlı qruplaşma HƏMAS arasında atəşkəsin ratifikasiya edilməsindən sonra Qəzzaya dərhal humanitar yardım göndərəcəyini açıqlayıb. Merts X platformasında etdiyi paylaşımda, Almaniyanın Qəzzaya 29 milyon avro (təxminən 34 milyon dollar) dəyərində humanitar yardım göndərəcəyini bildirib.

HƏMAS hərəkatı yayımladığı bəyanatda Qəzzada atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib. Təşkilat bildirib ki, razılaşma müharibənin dayandırılması, işğalçı qüvvələrin çəkilməsi, humanitar yardımların girişinə icazə verilməsi və əsir mübadiləsini nəzərdə tutur.

HƏMAS, İsrailin mühasirə və hücumları altındakı Qəzza zolağına humanitar yardım aparmaq üçün yola çıxan Əzm Flotiliyasına İsrail ordusunun hücumunu pisləyib. HƏMAS tərəfindən yayımlanan açıqlamada, İsrail ordusunun Qəzzaya yardım çatdırmaq məqsədilə yola çıxan Əzm Flotiliyasındaki gəmilərə hücum etməsi, aktivistləri və jurnalistləri saxlaması "xəyanətkar hücum, quldurluq cinayəti və terror aktı" kimi qiymətləndirilib. Açıqlamada bildirilib ki, İsrail artıq 2 ildir Qəzzada soyqırım və aclıq siyasəti yürüdür və mühasirədə olan fələstinlilərə təcili humanitar yardım çatdırmaq üçün yola çıxan donanmadakı gəmilərə və beynəlxalq aktivistlərə hücum, "işğalçı İsrailin cinayətlər siyahısına əlavə olunub."