İsrail gec-tez ədalət qarşısında cavab verəcək. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Jandarma və Sahil Təhlükəsizlik Akademiyasının Məzuniyyət mərasimində çıxış edərkən deyib. "Bu gün, xüsusilə Qəzzada baş verən hadisələr hər birimizi dərindən kədərləndirir. Məzlum bir xalqın beynəlxalq ictimaiyyətin gözü qarşısında soyqırıma məruz qalması insanlıq üçün ağır bir faciədir. Sionist cinayət şəbəkəsinin (İsrail - red.) davam edən hücumları isə ictimaiyyətdə qəzəb doğurur. Gücə arxalanaraq zorakılıq törədənlər mütləq məğlub olacaq və gec-tez ədalət qarşısında cavab verəcək" - deyə, Ərdoğan bildirib.
#Qəzzanın işğalı
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, İsrailin Qəzza zolağına hücumu, soyqırım siyasəti, aclıq vasitəsilə göstərdiyi təzyiqlər və bölgədəki ümumi vəziyyət barədə məlumat vermək məqsədilə parlamenti avqustun 29-da fövqəladə iclasa çağırıb. Bildirilib ki, Kurtulmuşun çağırışı, icra orqanının TBMM Daxili Nizamnaməsinin 59-cu maddəsinin ikinci bəndinə əsaslanan tələbinin qarşılanması məqsədilə, Konstitusiyanın 93-cü və Daxili Nizamnamənin 7-ci maddələrinə uyğun olaraq həyata keçirilib. İclasın avqustun 29-da, yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 15:00-da) keçiriləcəyi bildirilib.
Böyük Britaniyada 22 qeyri-hökumət təşkilatı (QHT) hökuməti Qəzzadakı mülki əhalinin soyqırımında iştirak edən şirkətlərə qarşı tədbir görməyə çağırıb. Bununla bağlı aralarında "Amnesty International" və Silah Ticarətinə Qarşı Kampaniyanın (CAAT) da olduğu 22 QHT Qəzzaya dair birgə bəyanat yayıb.
2023-cü il 7 oktyabrdan bu yana İsrailin Qəzza zolağına davamlı şəkildə həyata keçirdiyi intensiv hücumlar nəticəsində yaranan ağır dağıntılar havadan görüntülənib. Görüntülər Qəzzaya havadan humanitar yardım atan bir təyyarədən çəkilib və Amerikanın X (əvvəlki Twitter) sosial media platformasında paylaşılıb. Kadrlarda, 22 aya yaxındır davam edən İsrail hücumlarının yaratdığı böyük miqyaslı dağıntı və xarabalıqlar diqqət çəkir. Qəzzanın şimalında yerləşən Beyt Hanun və Beyt Lahiyə bölgələrində demək olar ki, ayaqda qalan bina qalmayıb. Eyni şəkildə, Cibaliya bölgəsində də vəziyyət son dərəcə ağırdır. Görüntülərdə həyat əlamətinin qalmadığı bu bölgənin tamamilə boz tonlara büründüyü müşahidə olunur.
İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına həyata keçirdiyi hücumlarda həlak olanların sayı son 24 saatda 75 nəfər artaraq 62 min 819 nəfərə çatıb. Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən itkilərlə bağlı son məlumatlar açıqlanıb. Son 24 saatda Qəzza zolağındakı xəstəxanalara 75 nəfərin nəəşi və 370 yaralı çatdırılıb. İsrail ordusunun 19 yanvarda əldə olunan atəşkəsi pozaraq 18 martdan bəri davam etdirdiyi hücumlar zamanı 10 min 975 fələstinlinin həyatını itirdiyi, 45 min 588 nəfərin isə yaralandığı bildirilib. Son 24 saatda humanitar yardım gözləyən insanlara qarşı həyata keçirilən hücumlarda 17 fələstinli həyatını itirib, 122 nəfər isə yaralanıb.
İsrailin hücumları və blokadası səbəbindən aclıq yaşanan Qəzza zolağında son 24 saat ərzində daha 3 fələstinli həyatını itirib. Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamada aclıqdan ölənlərlə bağlı son məlumatlar paylaşılıb. Açıqlamada bildirilib ki, İsrailin intensiv hücumları və blokadası altındakı Qəzza zolağında aclığın can almağa davam etdiyi, son 24 saat ərzində 3 fələstinlinin daha aclıq və yetərsiz qidalanma səbəbilə həyatını itirdiyi vurğulanıb. Nazirlik qeyd edib ki, Qəzza zolağında 7 oktyabr 2023-cü ildən bu günə qədər aclıqdan həyatını itirənlərin sayı 117-si uşaq olmaqla 303 nəfərə çatıb. Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi "İnteqrə olunmuş Qida Təhlükəsizliyi Fəallıq Sınıflandırması"nın (IPC) yayımladığı son hesabatda 15 avqust 2025 tarixinə olan məlumata görə Qəzzə şəhərindəki aclığın fəlakət səviyyəsi olan 5-ci səviyyəyə çatdığı elmi sübutlarla təsdiqlənib.
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), İsrailin 7 oktyabr 2023-cü ildən etibarən hücumlarını davam etdirdiyi Qəzzəyə humanitar yardım və ərzaq dəstəyi göstərməkdə davam edir. TİKA-dan əldə edilən məlumata görə, Qəzzəyə hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana TİKA davam edən ərzaq böhranına qarşı təcili humanitar yardım fəaliyyəti həyata keçirir. Bu çərçivədə TİKA 16 min 500-dən çox ailəyə ərzaq paketi, 160 min porsiya isti yemək təqdim edib. TİKA 3 mindən çox ailəyə çadır, yataq, yorğan və qış geyimləri yardımı göstərib, eyni zamanda Səhiyyə Nazirliyi və xəstəxanalara da çox sayda tibbi ləvazimat və dərman göndərib. TİKA-nın illərdir Qəzzədə həyata keçirdiyi yardım layihələri çərçivəsində inşa olunan bəzi binalar İsrailin davam edən hücumları nəticəsində zərər görüb. Bu tikililər arasında inşasına 2011-ci ildə başlanılan və 2015-ci ildə tamamlanan Fələstin-Türkiyə Dostluq Xəstəxanası da var. 180 çarpayılıq xəstəxana, Fələstinin ən böyük və müasir tədris və tədqiqat xəstəxanası kimi tanınırdı.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə xarici işlər nazirləri iclasından sonra qəbul edilən birgə bəyanatda İsrailin mövqeyi kəskin şəkildə pislənib və bütün dövlətlərə fələstinlilərə qarşı təcavüzün davam etməsinin qarşısını almaq üçün hüquqi və praktik addımların atılmasına dair çağırış edilib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən iclasın yekununda vurğulanıb ki, İsrailin Qəzza zolağına hücumun başlanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq vasitəçilərin sülh təşəbbüslərinə cavab verməkdən imtina etməsi, əməliyyatları genişləndirməkdə israrı və atəşkəs çağırışlarını qulaqardına vurması qəbuledilməzdir.
İslam Müqavimət Hərəkatı (HƏMAS) İsrailin baş naziri, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan Benyamin Netanyahunu vasitəçilərin atəşkəs sazişi əldə etmək cəhdlərini pozmaqda ittiham edib. Hərəkat bildirib ki, Netanyahunun HƏMAS-ın vasitəçilərin təklifini qəbul etməsindən sonra belə Qəzzanın işğal planlarını təsdiqləməsi onun hər hansı razılaşmanı əngəlləməkdə israrlı olduğunu göstərir.
HƏMAS hərəkatı vasitəçilərin təklifini qəbul etdikdən sonra İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzada işğal planı ilə razılaşmaya mane olduğunu açıqlayıb. Hərəkatın bəyanatında Netanyahunun məhbus mübadiləsi və atəşkəs razılaşmalarına əsas maneə olduğu vurğulanıb. “Biz qismən razılaşmanı qəbul etdik və hərtərəfli razılaşmaya hazır olduğumuzu nümayiş etdirdik, lakin Netanyahu bütün həll yollarını rədd edir”, – deyə HƏMAS bəyan edib. Qruplaşma Netanyahunun hər dəfə razılaşma yaxınlaşanda yeni şərtlər irəli sürdüyünü və danışıqları gecikdirdiyini bildirib. Bəyanatda həmçinin İsrailin soyqırım və aclıq siyasətinə qarşı rəsmi və ictimai təzyiqlərin artırılmasına çağırış edilib.
Malayziyanın baş naziri Ənvər İbrahim Qəzza xalqına dəstək məqsədilə yeni yardım paketi elan edib. Ənvər İbrahim Malayziyanın Qəzzadakı fələstinlilərə təxminən 23,6 milyon ABŞ dolları dəyərində əlavə yardım göstərəcəyini açıqlayıb. Baş nazir həmçinin ölkədə fəaliyyət göstərən iri şirkətləri Qəzzanın yenidən qurulmasına dəstək verməyə çağırıb.
Son 24 saat ərzində İsrailin Qəzza zolağına qarşı həayat keçirdiyi hücumlarda həlak olanların sayı 62 min 686 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, son sutka ərzində Qəzza zolağındakı xəstəxanalara 64 nəfərin meyiti və 278 yaralı gətirilib. İsrail ordusunun yanvarın 19-da əldə olunan atəşkəsi pozaraq martın 18-dən bəri həyata keçirdiyi hücumlarda 10 min 842 fələstinlinin həlak olduğu, 45 min 910 nəfərin isə yaralandığı qeyd olunub.