#İsrail və HƏMAS müharibəsi

İsrailin Dohada HƏMAS liderlərinə qarşı həyata keçirdiyi hücum bütün ərəb və islam dövlətlərinə müharibə elan etmək anlamına gəlir. Bu barədə HƏMAS-ın siyasi bürosunun üzvü Fauzi Barxum bildirib. “İsrailin törətdiyi bu cinayət sadəcə Qətərə hücum deyil, həm də bütün ərəb və islam ölkələrinə müharibə elanıdır və regionun sabitliyinə ciddi təhdid yaradır” – deyə, Barxum qeyd edib. Onun sözlərinə görə, İsrailin hücumu nəticəsində HƏMAS-ın Qəzza zolağındakı lideri Xalil əl-Heyyanın həyat yoldaşı, gəlini və nəvələri yaralanıblar. Əl-Heyyanın vəziyyəti barədə isə məlumat verilməyib.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), terrorçu İsrailin Qətərdə Həmasın danışıqlar heyətini hədəfə aldığı hücuma dair açıqlama verib. Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və sözçüsü Tuğamiral Zəki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat konfransında bu açıqlamanı səsləndirib. “İsrail, Qətərə qarşı həyata keçirdiyi alçaq hücumla bölgədə hüquq tanımayan, beynəlxalq normaları ayaqlar altına alan hücumlarına bir yenisini əlavə etmişdir. Bu hücum qarşısında bütün imkanlarımızla Qətərin yanında olduğumuzu bir daha vurğulayırıq.”- deyə Aktürk qeyd edib.

İsrailin Baş naziri Benyamin Netanyahu, Qətərin HƏMAS rəsmilərini ölkədən çıxarmadığı təqdirdə yenidən hücum edəcəkləri ilə hədələyib. İsrail Baş Nazirlik Ofisinin ABŞ mərkəzli X sosial media platformasındakı rəsmi hesabından yayımlanan video müraciətində qeyd olunur. "Ya onları ölkədən çıxarırsınız, ya da ədalətə təhvil verirsiniz. Əgər bunu etməsəniz, biz edəcəyik." - deyə Netenyahu qeyd edib. Netanyahu həm Qətərə, həm də HƏMAS nümayəndələrinin olduğu bütün ölkələrə səsləndiyini bildirib. O, HƏMAS-ın 2023-cü il 7 oktyabr tarixində həyata keçirdiyi gözlənilməz hücumu 11 Sentyabr terror hücumları ilə müqayisə edərək, Dohaya qarşı edilən hücumu haqlı çıxarmağa çalışıb.

BMT Təhlükəsizlik Şurası sentyabrın 10-da keçirəcəyi iclasda İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi hücumu müzakirə edəcək. Bununla bağlı məlumatı sentyabr ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edən Cənubi Koreyanın daimi nümayəndəliyi yayıb. “Gündəliyin ‘Yaxın Şərqdə vəziyyət’ bəndi üzrə iclas sabah saat 15:00-da (Bakı vaxtı ilə 23:00-da) keçiriləcək” – deyə nümayəndəlik jurnalistlərə açıqlama verib.

Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi, doktor Mustafa Bərğuti bəyan edib ki, İsrailin Dohada HƏMAS nümayəndə heyətini hədəfə alan hücumu “dönüş nöqtəsi”dir və çox təhlükəli nəticələrə gətirib çıxaracaq. O bildirib ki, İsrailin əsl siması üzə çıxdı – razılaşmaya mane olan tərəf fələstinlilər deyil, məhz İsraildir və o, hər dəfə qəsdən gərginliyi artırır. Qətər dövləti isə HƏMAS-ın Siyasi Bürosunun bir neçə üzvünün yaşayış yerlərinə edilən İsrail hücumunu pisləyib və bu məsuliyyətsiz davranışa göz yummayacağını vurğulayıb.

İsrailin Dohada HƏMAS rəhbərliyinə aid yaşayış yerlərinə endirdiyi hava zərbəsi Qəzzada davam edən müharibənin gedişatında təhlükəli bir dönüş nöqtəsi oldu. Bu hadisə Vaşinqtonun müttəfiqi və İsraillə fələstinli qruplar arasında ənənəvi vasitəçi sayılan Qətəri ilk dəfə bu qədər birbaşa və görünməmiş şəkildə qarşıdurmanın mərkəzinə gətirdi. Doha baş verənləri “qorxaq hücum” adlandıraraq HƏMAS-ın Siyasi Bürosuna aid rəhbərlərin yaşayış yerlərinin hədəfə alındığını açıqladı. İsrail isə bunun “HƏMAS terror rəhbərliyinə” qarşı həyata keçirilmiş əməliyyat olduğunu bildirdi və bunu hərəkatın kadrlarını harada olurlarsa, orada izləyib məhv etmək kampaniyasının davamı kimi təqdim etdi.

İsrailin Dohaya endirdiyi hava zərbəsi nəticəsində Qətər təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub, bir neçəsi isə yaralanıb. Bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, ilkin məlumata əsasən, daxili təhlükəsizlik qüvvələrinin hərbi qulluqçusu – onbaşı Bader Saad Məhəmməd əl-Xumeydi əd-Dusari xidməti vəzifəsini yerinə yetirərkən hücumun hədəfi olan obyektdə həyatını itirib. Hadisə zamanı bir neçə təhlükəsizlik əməkdaşı da xəsarət alıb.

Qətər Daxili İşlər Nazirliyi İsrailin Dohadakı HƏMAS rəhbərlərinə qarşı həyata keçirdiyi hücumdan sonra hadisələrin gedişatını diqqətlə izlədiyini və bütün zəruri tədbirləri gördüyünü bildirib. Bu barədə nazirliyin verdiyi açıqlamada qeyd olunur. “Səlahiyyətli orqanlar hədəf bölgəni araşdırmaqda və təhlükəsizliyi təmin etməkdə davam edir. Daxili İşlər Nazirliyi daxili təhlükəsizlik qüvvələri ilə birlikdə hadisələrin gedişatını diqqətlə izləyir və vətəndaşların, eləcə də sakinlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür” - deyə, açıqlamada vurğulanıb.

İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə qarşı təşkil etdiyi hücumdan sonra İsraildən Türkiyəyə qarşı təhdid xarakterli açıqlamalar səsləndirilib. Tez-tez Türkiyə əleyhinə açıqlamalar verən israilli jurnalist, İvrit Universitetinin müəllimi Meir Masri sosial şəbəkədə paylaşım edib. Paylaşımda “Bugün Qətər, sabah Türkiyə”, - deyə qeyd olunub və Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və İranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyyənin fotosu yer alıb.

Birləşmiş Ərəb Əmirlikləri İsrailin Dohada HƏMAS rəhbərliyinə qarşı həyata keçirdiyi hücumu qətiyyətlə pisləyib və bunu Qətərə qarşı “qorxaq hücum” adlandırıb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Bəyanata görə, BƏƏ-nin baş nazir müavini və xarici işlər naziri şeyx Abdullah bin Zayed Al Nəhyan İsrailin Qətər dövlətinə qarşı törətdiyi bu hücumu sərt şəkildə qınayıb. O, hücumun Qətərin suverenliyinin kobud şəkildə pozulması, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olması, həmçinin regional və beynəlxalq təhlükəsizlik üçün məsuliyyətsiz eskalasiya yaratdığını vurğulayıb.

Səudiyyə Ərəbistanı bütün imkanlarını Qətərə dəstək üçün səfərbər edir. Bu sözləri Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri şahzadə Məhəmməd bin Salman Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığında deyib. O, Qətərin təhlükəsizliyini qorumaq, suverenliyini müdafiə etmək məqsədilə gördüyü tədbirləri tam şəkildə dəstəkləyir.

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Dohadakı HƏMAS liderlərini hədəf aldığı hücumu pisləyib. Bu barədə nazirliyin yaydığı bəyanatda deyilir. “İsrailin Qətərin paytaxtı Dohada HƏMAS-ın danışıqlar heyətinə qarşı həyata keçirdiyi hücumu qətiyyətlə lənətləyirik. Atəşkəs danışıqları davam edərkən HƏMAS müzakirə heyətinin hədəf alınması, İsrailin müharibəni davam etdirmək niyyətində olduğunu göstərir" - deyə, bəyanatda vurğulanıb.