#Ərəb dövlətləri və Qəzza

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus xəbərdarlıq edib ki, Qəzza zolağı “nəsillər boyu davam edəcək” miqyasda səhiyyə fəlakəti yaşayır. Tedros “BBC” telekanalına açıqlamasında bildirib ki, Qəzza əhalisinin mürəkkəb ehtiyaclarını qarşılamaq üçün humanitar yardımların miqyası kəskin şəkildə artırılmalıdır. O, Qəzzada atəşkəsin əldə edilməsini alqışlasa da, atəşkəsdən sonra artan yardımın hələ də səhiyyə sisteminin bərpası üçün kifayət etmədiyini vurğulayıb.

Böyük Britaniya Müdafiə Nazirliyi bəyan edib ki, kiçik sayda britaniyalı hərbi planlaşdırma zabitləri Qəzzada sabitliyin təmin edilməsinə yönəlmiş səylərə dəstək məqsədilə İsrailə göndərilib. Onlar ABŞ-ın rəhbərlik etdiyi birgə əməliyyat qrupuna qoşulublar. ABŞ, Misir və Qətər bu həftə İsrail və “HƏMAS” arasında atəşkəs sazişinin ilkin mərhələlərinin möhkəmləndirilməsi və ABŞ prezidenti Donald Trampın 20 maddəlik müharibəyə son qoyma planının həyata keçirilməsi üçün intensiv vasitəçilik aparır.

Fələstin Təhsil və Tədris Nazirliyi bildirib ki, 2023-cü ilin oktyabrından bəri İsrailin Qəzza və İordan çayının Qərb sahilinə (Yəhuda və Samariyaya) həyata keçirdiyi hücumlar nəticəsində 20 min 58 şagird həyatını itirib, 31 min 139 şagird isə yaralanıb. Nazirliyin yayımladığı rəsmi açıqlamaya görə, 7 oktyabr 2023-cü ildən etibarən İsrailin Qəzzada həyata keçirdiyi hava və quru əməliyyatlarında 19 min 910 şagird həlak olub, 30 min 97 nəfər yaralanıb.

Qətər dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani İsraili Qəzza zolağında soyqırım törətməkdə ittiham edib. O bildirib ki, bölgədə baş verənlər “bütün beynəlxalq qanun və normaların açıq şəkildə pozulmasıdır.” Əmir bu fikirləri çərşənbə axşamı günü Qətər Şura Məclisinin yeni iclas ilinin açılışında səsləndirib. O vurğulayıb ki, “Qəzza sektoru vahid Fələstin dövlətinin ayrılmaz hissəsidir” və Qətər İsrailin davamlı hücumlarını, eləcə də atəşkəs razılaşmalarının təkrar pozulmasını qəti şəkildə pisləyir.

Misir, İsrail və Həmasa Şarm əl-Şeyx şəhərində imzalanan Qəzzada atəşkəs sazişinə əməl etməyə çağırıb. Misir Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, nazir Bədr Əbdülati Fransa xarici işlər naziri Jan-Noel Barro və Danimarka xarici işlər naziri Lars Lökke Rasmussenlə telefonla danışıb. Əbdülati qeyd edib ki, Şarm əl-Şeyx şəhərində imzalanan Qəzzada atəşkəs razılaşmasına tərəflərin əməl etməsi son dərəcə vacibdir.

Qəzza Səhiyyə Nazirliyi İsrail ordusunun atəşkəsin qüvvəyə minməsindən sonra da davam edən hücumları nəticəsində 23 fələstinlinin həlak olduğunu, 122 nəfərin isə yaralandığını açıqlayıb. Nazirliyin məlumatına görə, İsrail ordusunun atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlarda 381 nəfər dağıntılar altından çıxarılıb. Qəzza zolağında hələ də minlərlə insanın dağıntılar altında qaldığı bildirilir.

İsrail ordusunun Qəzza zolağında atəşkəs qüvvəyə minsə də, evlərinə qayıtmağa çalışan fələstinlilərə atəş açması nəticəsində 3 nəfər həlak olub. Fələstinin rəsmi WAFA xəbər agentliyinin məlumatına görə, İsrail əsgərləri Qəzzə şəhərinin şimalında, evlərinə dönmək istəyən mülki şəxsləri hədəf alıb. Məlumata əsasən, İsrail ordusu atəşkəs razılaşmasına baxmayaraq, şəhərin Əş-Şucaiyyə məhəlləsində evlərini görməyə gələn fələstinlilərə pilotsuz uçuş aparatlarından (PUA) atəş açıb. Hadisə nəticəsində 3 nəfər həyatını itirib.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza məsələsi onun təşəbbüsü ilə hazırlanmış Yaxın Şərq sülh planının yalnız bir hissəsidir və əsas məqsəd bölgədə davamlı sülhə nail olmaqdır. Tramp bu fikirləri İsrailə səfəri və Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Sülh Sammitində iştirakından sonra “Truth Social” platformasında paylaşdığı bəyanatda səsləndirib. “Qəzza yalnız missiyanın bir hissəsidir. Əsas məsələ Yaxın Şərqdə sülhü təmin etməkdir. İndi bölgə uğrunda çox çalışmış ölkələr birləşərək bu işi tamamlamaq məcburiyyətindədirlər,” – deyə Tramp qeyd edib.

Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzədəki vəziyyət, Həmas və ABŞ Prezidenti Donald Trampla aparılan danışıqlar barədə ətraflı məlumat verib. Ərdoğan bildirib ki, Türkiyə illərdir Qəzzədə qan tökülməsinin dayandırılması və fələstinlilərin təhlükəsizliyinin təmin olunması üçün çalışır. “Fələstinlilər yaxşı bilirlər ki, Türkiyə onların maraqlarını qoruyur və müdafiə edir. Qəzzədə baş verən faciənin dayandırılması üçün daim səylər göstəririk. HƏMAS-la mütəmadi əlaqədəyik və Fələstinin gələcəyi üçün ən düzgün addımların hansı olmalı olduğunu izah edirik.”-deyə Ərdoğan bildirib.