#Humanitar fəlakət Qəzza

İsrail atəşkəsi pozaraq dünən axşam saatlarından etibarən Qəzzaya başladığı hücumlarda 24-ü uşaq olmaqla 63 fələstinlini qətlə yetirib. Səhiyyə rəsmiləri və hadisə şahidlərinin verdiyi məlumata görə, İsrailin hava hücumları zamanı “sarı xətt” adlandırılan ərazidə yerləşən evlər, bir mülki avtomobil, sığınacaq və xəstəxana hədəfə alınıb. Səhiyyə rəsmiləri və yerli mənbələr İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə hücumlarını davam etdirdiyini qeyd ediblər.

İsrail ordusu, 10 oktyabrdan etibarən qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, çəkilmədiyi Qəzza Zolağının şərqindəki bölgələrdə ayaqda qalan binaları dağıtmağa davam edir. Bölgədəki yerli mənbələrin AA müxbirinə verdiyi məlumata görə, İsrail ordusunun “sarı xətt” adlandırılan ərazi daxil olmaqla Qəzza Zolağının şərqində binaları partlatması böyük partlayış səslərinə səbəb olub.

Region hazırda əsrin ən böyük işğalı – Qəzzanın İsrail tərəfindən işğalı ilə üz-üzədir. Bu barədə İran Prezidenti Məsud Pezeşkian Tehranda keçirilən ECO Daxili İşlər Nazirlərinin 4-cü iclasında bildirib. Prezident çıxışında son iki ildə Qəzzada baş verənləri dünyada ən dəhşətli soyqırımı və insanlığa qarşı cinayət adlandırıb. ECO üzv ölkələri iqtisadi inkişaf üçün möhkəm infrastruktur yaratmalı, həmçinin regional sabitliyi təmin etməlidir. O, uzun fasilədən sonra keçirilən iclasın üzv ölkələrin əməkdaşlığı gücləndirmək əzmini göstərdiyini vurğulayıb və ECO Vision 2035 strategiyası ilə ECO polis qüvvəsi – ECOPOL-un yaradılmasının əhəmiyyətini qeyd edib.

Fələstin Baş naziri Məhəmməd Mustafa bəyan edib ki, Qəzzada atəşkəsin əldə olunması zəruridir, lakin bu, Fələstin probleminin əsasını həll etmək üçün kifayət deyil. Riyadda Asharq Al-Awsat qəzetinə verdiyi eksklüziv müsahibədə Mustafa vurğulayıb ki, atəşkəs razılaşması ilə Səudiyyə Ərəbistanı və Fransanın təşəbbüsü ilə qəbul edilən iki dövlətli həllə dair Nyu-York Bəyannaməsi “paralel istiqamətlər” təşkil edir. “Əsas məsələ,” deyə Mustafa qeyd edib, “Fələstin dövlətinin yaradılması və Nyu-York Bəyannaməsinin icrası yolu ilə beynəlxalq səviyyədə tanınmasıdır. Atəşkəs vacibdir, lakin təkbaşına yetərli deyil.”

Qəzza Bələdiyyəsi bölgədə 250 mindən çox ton zibilin yığılması, tullantı sularının küçələrə sızması və təmiz su çatışmazlığı səbəbilə Fələstin xalqının ciddi ekoloji və sağlamlıq riskləri ilə üzləşdiyini açıqlayıb. Bələdiyyənin sözçüsü Asim ən-Nəbih bildirib ki, İsrailin Qəzzada iki ildir davam edən soyqırımı nəticəsində bələdiyyəyə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların 85 faizindən çoxu sıradan çıxıb və nəticədə 250 min ton tullantı toplanıb.

ABŞ dövlət katibi Marko Rubio İsrailə səfəri zamanı bildirib ki, atəşkəs razılaşması çərçivəsində Qəzzada yaradılması planlaşdırılan beynəlxalq təhlükəsizlik qüvvəsi yalnız İsrailin “rahatlıqla əməkdaşlıq edə biləcəyi” ölkələrdən ibarət olmalıdır. Rubio qeyd edib ki, Qəzzada gələcək idarəçilik modeli hələ İsrail və tərəfdaş ölkələr arasında müzakirə edilməlidir, lakin bu prosesdə HƏMAS yer ala bilməz. Onun sözlərinə görə, Fələstin Muxtariyyətinin mümkün rolu da hələ müəyyən edilməyib.

Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndə müavini Aslı Güvən bildirib ki, beynəlxalq ictimaiyyət “Qəzzadakı atəşkəsin qorunması” məsələsini ən vacib prioriteti kimi görməlidir. Güvən, BMT Təhlükəsizlik Şurasının “Fələstin məsələsi də daxil olmaqla Yaxın Şərqdəki vəziyyət” mövzusunda keçirilən iclasında çıxış edib. Türkiyənin Qəzzada atəşkəsin əldə olunmasını məmnunluqla qarşıladığını bildirən Güvən, atəşkəs razılaşmasının “tam və dərhal həyata keçirilməsinə” çağırıb.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyi (UNRWA) bildirib ki, İsrailin uzunmüddətli hücumları nəticəsində Qəzza zolağı 61 milyon ton dağıntı ilə örtülüb. Qurumun ABŞ mərkəzli X sosial media platformasındakı paylaşımında, İsrailin iki il ərzində Qəzza zolağını mühasirədə saxlayaraq bombaladığı və bölgənin geniş hissələrinin yerlə-yeksan edildiyi vurğulanıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mənbələri, Qəzzada əldə olunan atəşkəs razılaşmasından sonra bölgədə təhlükəsizliyin təmin edilməsi üçün Beynəlxalq Sabitlik Gücünün (ISF) yaradılmasının planlaşdırıldığını açıqlayıb. Türkiyə MN-nin həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran nazirlik rəsmiləri, Qəzzada fəaliyyət göstərəcək bu qüvvədə Türk hərbçilərinin iştirak edib-etməyəcəyi barədə suallara cavab verib.

Fars Körfəzi Əməkdaşlıq Şurası (GCC) İsrail parlamentinin - Knessetin - Qərb sahilində İsrail suverenliyinin tətbiqinə dair qanun layihəsini ilkin oxunuşda təsdiqləməsini kəskin şəkildə pisləyib. Cümə axşamı yayılan bəyanatda GCC bu addımın bölgədə sabitlik və təhlükəsizliyi daha da pozduğunu bildirib. Təşkilatın baş katibi Casim əl-Budayvi bəyan edib ki, bu cür addımlar “beynəlxalq hüququn açıq şəkildə pozulması və beynəlxalq ictimaiyyətin ədalətli və hərtərəfli sülhə nail olmaq səylərinin aşkar şəkildə sarsıdılmasıdır”.