#Qəzza müharibəsi

Qəzza hökumətinin media ofisi son üç gündə gözlənilən 1800 yardım maşınından cəmi 250-nin bölgəyə buraxıldığını bildirib. Rəsmi açıqlamada bu vəziyyətin İsrailin “aclıq və xaos yaratmaq” siyasətinin tərkib hissəsi olduğu vurğulanıb. Məlumata görə, son 25 gündə Qəzzaya 2187 yardım maşını daxil olub, halbuki bu müddətdə 18 min yük maşınının daxil olması lazım idi. Həmçinin, İsrail qüvvələrinin sərhəd keçidlərini bağlaması və müxtəlif maneələr yaratması səbəbindən humanitar təşkilatların fəaliyyəti xeyli məhdudlaşdırılıb.

Misir ordusu İsrailin Qəzzanı işğal etmə planlarına qarşı Sina səhrasında misilsiz hərbi hazırlıq keçirib. Yüksək rütbəli hərbi mənbənin sözlərinə görə, prezident Əbdülfəttah əs-Sisinin birbaşa tapşırığı ilə Qəzza sərhədinə əlavə 40 min əsgər yerləşdirilib. Bu rəqəm 1979-cu il Misir–İsrail Sülh Müqaviləsi ilə icazə verilən həddən demək olar ki, iki dəfə çoxdur.

İsrail ordusu Qəzza şəhərinə hücumun ilkin mərhələsinə başlayıb. Bu barədə İsrail ordusunun sözçüsü Efi Dferin yerli mediaya açıqlama verib. “Qəzza şəhərində HƏMAS-a qarşı zərbələrimizi daha da gücləndirəcəyik. Hazırlıq əməliyyatlarına start vermişik. Girovların azad olunması üçün siyasi rəhbərliyin göstərişlərinə uyğun şərait yaradacağıq”, – deyə o bildirib.

İsrail bir neçə aydır Qəzza zolağına çadırların gətirilməsinə icazə vermir. Bu isə müharibənin və mühasirənin davam etdiyi bir vaxtda, xüsusilə də Qəzza şəhərində mülki əhalinin təxliyə əmrləri fonunda baş verir. Bunu BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsinin (OCHA) sözçüsü Yens Lark Cenevrədə keçirdiyi mətbuat konfransında deyib.

HƏMAS Qəzza zolağında atəşkəs barədə təklifə müsbət cavab verdiyini rəsmi olaraq təsdiqləyib. Müvafiq bəyanat HƏMAS-ın “Telegram” kanalında dərc olunub. “HƏMAS və digər fələstinli fraksiyalar Misir və Qətərdən ötən gün onlara təqdim edilən atəşkəs təklifinə razılıqlarını vasitəçilərə çatdırıblar”, – bəyanatda qeyd olunub.

HƏMAS Qəzza zolağında saxladığı israilli girovların yarısını müəyyən sayda fələstinli məhbusla mübadilə etməyə razılaşıb. Məlumata görə, mübadilə 60 günlük atəşkəs çərçivəsində həyata keçirilməlidir. Təklif həmçinin İsrail ordusunun Qəzzanın dərinliyindən geri çəkilməsini nəzərdə tutur ki, humanitar yardım anklava maneəsiz daxil ola bilsin.

Qəzza zolağında səhiyyə sistemi tamamilə iflic vəziyyətinə düşüb. Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 2023-cü ilin oktyabr ayından bəri bölgədə davam edən müharibə nəticəsində 1 500-dən çox tibb işçisi həlak olub. Hazırda Qəzzadakı təxminən 40 xəstəxanadan yalnız 15-i fəaliyyət göstərir və onların da əksəriyyəti qismən işləyir.

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzza şəhərinin hərtərəfli işğalı üçün plan hazırlayıb. Plana əsasən, təxminən 100 min əsgərin iştirakı ilə hücum həyata keçiriləcək və qoşunlara havadan dəstək veriləcək. Məqsəd əvvəlcə şəhəri mühasirəyə almaq, daha sonra isə tamamilə ələ keçirməkdir. İsrail mətbuatının yazdığına görə, Zamir planın mümkünlüyünü qiymətləndirmək üçün Qəzza zolağına da səfər edib. Artıq ordunun hücumlarını intensivləşdirdiyi şəhərdən mülki əhalinin çıxmağa başladığı bildirilir.

Fələstin Baş naziri Məhəmməd Mustafa, Qəzza zolağını idarə etmək üçün yaxın günlərdə müvəqqəti bir komitə elan ediləcəyini bildirib. Misirə rəsmi səfər edən Baş nazir Mustafa, Misirin Xarici İşlər naziri Bədr Əbdülati ilə birlikdə Misirlə Qəzza arasındakı Rəfah Sərhəd Qapısında mətbuat konfransı keçirib. O vurğulayıb ki, Rəfah keçid məntəqəsi Qəzza xalqı üçün bir yaşayış və nəfəs qapısı olmalıdır və İsrailin xalqı aclığa və zorla köçürməyə məruz qoyan siyasəti qəbuledilməzdir. “Beynəlxalq ictimaiyyət daha təsirli addımlar atmalı və İsraili blokada və aclıq siyasətini dayandırmağa məcbur etməlidir.” - deyə baş nazir qeyd edib.