İsrailin Baş naziri Benyamin Netanyahu cümə günü bəyan edib ki, İsrail ordusu Qəzzanı tərk etməyəcək və Həmas hərəkatına silahı yerə qoymağa məcbur etmək üçün təzyiqi davam etdirəcək. Netanyahu bildirib ki, bütün israilli girovlar yaxın günlərdə azad ediləcək.
#Qəzza müharibəsi
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli, İsrail tərəfindən ələ keçirilən Əzm Donanmasına aid qayıqlarda olan 18 Türk vətəndaşının bu gün günortadan sonra xüsusi təyyarə reysi ilə ölkəyə gətiriləcəyini açıqlayıb. Keçeli sosial media hesabında paylaşdığı məlumatda qeyd edib. “İsrail tərəfindən ələ keçirilən Əzm Donanmasına aid texnikalarda olan 18 vətəndaşımız, təşkil olunan xüsusi təyyarə reysi ilə bu gün günortadan sonra ölkəmizə gəlir. Həmin reys vasitəsilə ümumilikdə 21 ölkədən 94 fəal təxliyə olunur.”
İsrail ordusu atəşkəsin qüvvəyə minməsinə baxmayaraq, Qəzza zolağının müxtəlif bölgələrinə hücumlarını davam etdirir. Hadisə şahidlərindən əldə edilən məlumata görə, İsrail ordusuna məxsus qırıcı təyyarələr və artilleriya birlikləri bu gecə atəşkəs razılaşması təsdiqləndikdən sonra səhər saatlarında Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin şərq hissəsini hədəfə alıblar.
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) mənbələri, Türkiyənin Qəzzada yaradılacaq beynəlxalq müşahidə qüvvəsində yer alıb-almayacağı ilə bağlı açıqlama verib. Nazirlik, Türk Silahlı Qüvvələrinin barışın bərqərar olunması və qorunmasında böyük təcrübəyə sahib olduğunu və üzərinə düşəcək hər cür vəzifəyə hazır olduğunu bildirib. Prezident Rəcəb Tayyib Ərdoğanın, HƏMAS ilə İsrail arasında əldə edilən atəşkəs razılaşmasının yerində tətbiqini izləyəcək beynəlxalq qüvvədə Türkiyənin də iştirak edəcəyini açıqlamasının ardından, Ankara hökumətinin bu prosesə necə töhfə verəcəyi diqqət mərkəzinə çevrilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı bəyan edib ki, Türkiyə Qəzza zolağının yenidən qurulmasına və atəşkəsin yerinə yetirilməsinə nəzarət mexanizminə fəal şəkildə töhfə verəcək. Ərdoğan vurğulayıb ki, İsrail Qəzzaya humanitar yardımın daxil olmasına icazə verməli, hücumlarını dərhal dayandırmalı və imzalanmış razılaşmada nəzərdə tutulan xətlərə geri çəkilməlidir.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qəzzada əldə olunmuş və tezliklə qüvvəyə minməsi gözlənilən atəşkəs razılaşmasının bölgə xalqları üçün "ədalət və sabitlik dolu bir gələcək ümidi qapısını araladığını" bildirib. Sisi yazılı açıqlamasında Şarm əl-Şeyxdə razılaşmaya gəlindiyini xatırladaraq, dünyanın bu anla “sülh iradəsinin zəfərini təcəssüm etdirən tarixi bir hadisəyə” şahidlik etdiyini qeyd edib.
HƏMAS hərəkatından bir mənbə Frans Press agentliyinə açıqlamasında bildirib ki, Misirdə aparılan dolayı danışıqlar nəticəsində İsraillə əldə olunan razılaşmanın birinci mərhələsi Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi ilə yanaşı, İsrail həbsxanalarında olan 2000-dən çox fələstinli məhbusun azad olunmasını nəzərdə tutur.
Misirdə aparılan atəşkəs danışıqları nəticə verib. İsrailin iki ildir davam edən soyqırımı ilə üzləşən Qəzzada atəşkəsin qüvvəyə mindiyi elan olunub. HƏMAS məsələ ilə bağlı yaydığı açıqlamada vasitəçilik edən ölkələrə təşəkkür edib. “Qətər, Misir və Türkiyədəki vasitəçi qardaşlarımızın səylərini böyük təşəkkürlə qarşılayırıq. Həmçinin müharibənin tamamilə dayandırılmasını və işğalçı İsrailin Qəzza zolağından tam şəkildə geri çəkilməsini hədəfləyən ABŞ Prezidenti Donald Trampın səylərini də yüksək qiymətləndiririk,” – deyə bəyanatda bildirilib.
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas Qəzzada atəşkəs planının ilk mərhələsinin təsdiqlənməsini “əhəmiyyətli diplomatik uğur” və “gerçək bir fürsət” kimi qiymətləndirib və Aİ-nin bu prosesi dəstəkləməyə hazır olduğunu bir daha vurğulayıb. Kallas, atəşkəs planının ilk mərhələsinin qəbulundan sonra ABŞ mənşəli X sosial media platformasında paylaşım edərək bunun vacib bir irəliləyiş olduğunu bildirib.
İsrail ordusu qarşıdakı günlərdə Qəzza zolağından çıxış prosesinə başlamağa hazırlaşır. Məlumata əsasən, ordu atəşkəs qüvvəyə minənədək “zəruri olmayan fəaliyyətləri” dayandıracaq. Eyni zamanda, ordunun “müharibənin bitməsinə qədər qalan saatlarda tamamlayıcı zərbələr” endirəcəyi, bu hücumların son günlərdə müəyyən edilən “əhəmiyyətli hədəflərə” yönələcəyi bildirilib. Digər tərəfdən, Qəzza Mülki Müdafiə Xidməti bu gün səhər İsrailin bölgənin müxtəlif hissələrinə bir neçə hava zərbəsi endirdiyini təsdiqləyib. Qurumun rəsmisi Məhəmməd əl-Muğayr Frans Press agentliyinə açıqlamasında deyib.
Qəzza Mülki Müdafiə Xidməti cümə axşamı səhər saatlarında İsrail ordusunun bölgənin müxtəlif hissələrinə bir neçə hava zərbəsi endirdiyini təsdiqləyib. Bu hücumlar ABŞ prezidenti Donald Trampın İsrail ilə HƏMAS arasında atəşkəs razılaşmasının əldə edildiyini elan etməsindən dərhal sonra baş verib. Frans Press agentliyinə açıqlama verən Qəzza Mülki Müdafiə Xidmətinin nümayəndəsi Məhəmməd əl-Muğayr bildirib: “Bu gecə Qəzzədə atəşkəs təklifinə dair razılaşma elan olunduqdan sonra bir neçə partlayış baş verib, xüsusilə Şimali Qəzza bölgəsində.”
BMT-nin Baş katibi Antonio Quterreş İsraillə HƏMAS arasında Qəzzada atəşkəs planının ilk mərhələsinin razılaşdırılmasını müsbət dəyərləndirib. BMT Baş katibinin sözçülüyü vasitəsilə yayılan yazılı açıqlamada Quterreş bildirib ki, ABŞ Prezidenti Donald Trampın təklifi əsasında əldə olunan razılaşma həm atəşkəsin təmin olunması, həm də girovların azad edilməsi baxımından mühüm addımdır.