#İran-ABŞ münasibətləri

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə İranın Xarici İşlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən əldə edilən məlumata görə, tərəflər regional sabitlik üçün kritik əhəmiyyət kəsb edən məsələləri ətraflı müzakirə ediblər. Danışıqlar zamanı əsas diqqət İran və ABŞ nümayəndə heyətləri arasında davam edən sülh müzakirələrinə və bu prosesdəki son vəziyyətə yönəlib.

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Hörmüz boğazını blokadaya almaq cəhdini təhlükəli və məsuliyyətsiz addım kimi qiymətləndirib. Nazirliyin sözçüsü Quo Ciakun Pekində keçirilən mətbuat konfransında bildirib ki, tərəflər arasında müvəqqəti atəşkəs qüvvədə olduğu bir vaxtda ABŞ-ın hərbi gücünü artırması və boğazı hədəf alması gərginliyi daha da yüksəldir. Sözçü vurğulayıb ki, bu addım yalnız qarşıdurmanı dərinləşdirir və regionda onsuz da kövrək olan atəşkəs rejimini təhlükə altına qoyur.

İranın Daxili İşlər naziri İskəndər Mumini ölkənin sərhəd bölgələrində vəzifə yerinə yetirən vilayət rəhbərlərinə müraciət edib. Nazir 16 sərhəd valisindən ABŞ-ın dəniz blokadası təhdidini təsirsiz hala gətirmək üçün onlara verilən səlahiyyətlərdən tam istifadə etmələrini istəyib. Mumini bildirib ki, vilayət rəhbərlərinə əlaqədar nazirliklərlə koordinasiyalı şəkildə hərəkət edərək əsas ehtiyac mallarının idxal və ixracı prosesini sürətləndirməlidirlər.

İranın Xarici İşlər Nazirliyi bazar ertəsi günü nazir Abbas Əraqçinin Səudiyyə Ərəbistanının Xarici İşlər naziri ilə telefon əlaqəsi saxladığını açıqlayıb. İran Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı Abbas Əraqçi Pakistanda (İslamabad) keçirilən İran-ABŞ danışıqlarının gedişatı və əldə olunan son məqamlar barədə Səudiyyəli həmkarını ətraflı məlumatlandırıb.

İran və ABŞ nümayəndə heyətləri bu gün İslamabadda iki raunddan ibarət danışıqlar aparıblar. Bu barədə İranın Dövlət Televiziya və Radio Şirkəti xəbər verib. Məlumata əsasən, tərəflər arasında üçüncü görüşün axşam saatlarında keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Pakistanın vasitəçiliyi ilə keçirilən bu müzakirələrdə İran heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf, ABŞ heyətinə isə vitse-prezident Ceyms Devid Vens başçılıq edir.

Fransa Prezidenti Emmanuel Makron şənbə günü Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon əlaqəsi saxlayaraq, İslamabadda davam edən İran-ABŞ sülh danışıqlarını müzakirə etdiyini açıqlayıb. Liderlər bölgədəki vəziyyətlə bağlı sıx təmasda qalmaq barədə razılığa gəliblər. "X" sosial platformasındakı paylaşımında Makron atəşkəsə verdiyi dəstəyi yenidən ifadə edib. Fransa lideri vurğulayıb ki, hazırkı atəşkəsə tam əməl olunmalı və bu proses gecikmədən Livanı da əhalə etməlidir. Makron, həmçinin regiondakı humanitar və iqtisadi sabitlik üçün Livanın təhlükəsizliyinin vacibliyini qeyd edib.

İran Prezidenti Məsud Pezeşkian Pakistanın vasitəçiliyi ilə keçirilən ABŞ-İran müzakirələrinə dair mühüm açıqlamalar verib. Prezident İslamabaddakı diplomatik prosesin gedişatından asılı olmayaraq, ölkə daxilində xidmətlərin fasiləsiz davam edəcəyini vurğulayıb. Pezeşkian hazırda Pakistanda olan yüksək səviyyəli İran nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirib: "Pakistandakı heyətimiz bütün varlığı ilə İranın maraqlarını qoruyur və bu istiqamətdə cəsurca danışıqlar aparır". O bildirib ki, diplomatik komanda Tehranın milli təhlükəsizlik və iqtisadi maraqlarından geri addım atmadan müzakirələri davam etdirir.

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında davam edən gərginliyin azaldılması üçün həyata keçirilən vasitəçilik səylərinin kritik həddə çatdığını elan edib. Baş nazir tərəflərin hərbi ritorikanı diplomatik dialoqla əvəz etməyə hazır olduqlarını və bu istiqamətdə güclü siyasi iradə nümayiş etdirdiklərini bildirib. Şahbaz Şərif rəsmi açıqlamasında hər iki tərəfin danışıqlara tam hazır olduğunu vurğulayıb: "Sabah, şənbə günü həm ABŞ, həm də İran nümayəndə heyətləri Pakistanda olacaqlar. Biz bu tarixi görüşün uğurla nəticələnməsi və ixtilafların müzakirə yolu ilə həll edilməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik".

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Livan Prezidenti Cozef Aun ilə telefon danışığı apararaq, İsrailin Livana endirdiyi hava zərbələrini kəskin şəkildə pisləyib. Əmir Qətərin Livanın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı hər hansı müdaxiləni qətiyyətlə rədd etdiyini bildirib. Qətər Rəsmi Xəbər Agentliyinin (QNA) məlumatına görə, tərəflər Livandakı son hərbi gərginliyin ölkə və regionun sabitliyinə təsirlərini müzakirə ediblər.