#HƏMAS

İsrailin Baş naziri Benyamin Netanyahu, Qətərin HƏMAS rəsmilərini ölkədən çıxarmadığı təqdirdə yenidən hücum edəcəkləri ilə hədələyib. İsrail Baş Nazirlik Ofisinin ABŞ mərkəzli X sosial media platformasındakı rəsmi hesabından yayımlanan video müraciətində qeyd olunur. "Ya onları ölkədən çıxarırsınız, ya da ədalətə təhvil verirsiniz. Əgər bunu etməsəniz, biz edəcəyik." - deyə Netenyahu qeyd edib. Netanyahu həm Qətərə, həm də HƏMAS nümayəndələrinin olduğu bütün ölkələrə səsləndiyini bildirib. O, HƏMAS-ın 2023-cü il 7 oktyabr tarixində həyata keçirdiyi gözlənilməz hücumu 11 Sentyabr terror hücumları ilə müqayisə edərək, Dohaya qarşı edilən hücumu haqlı çıxarmağa çalışıb.

ABŞ Prezidenti Donald Tramp, İsrailin Qətərin paytaxtı Dohada HƏMAS liderliyini hədəf alması ilə bağlı açıqlama verərək, hadisədən “heç məmnun olmadığını”, lakin hücumu rəsmi şəkildə qınamaqdan imtina etdiyini bildirib.HƏMAS açıqlamasında bəzi yüksək vəzifəli rəhbərlərin sağ qaldığını, lakin aralarında təşkilatın Qəzza rəhbəri və baş müzakirəçi Xalil əl-Həyyənin oğlu, üç mühafizəçisi və ofis müdiri də olmaqla beş nəfərin öldüyünü açıqlayıb.

“Yedioth Ahronoth” qəzeti İsrailin Qəzzaya qarşı apardığı müharibəyə dair beynəlxalq miqyasda aparılan kampaniyanı təhlil edərək yazıb ki, bu kampaniya artıq yalnız İsrailin Qəzzadakı fəaliyyətlərinə deyil, ümumilikdə onun mövcudluğuna qarşı yönəlib. Qəzetin yazarı Ben-Dror Yemini məqaləsində HƏMAS-ın “çox uğurla həyata keçirdiyi” və İsraili diplomatik təcridə, həmçinin sürətlə genişlənən boykotlara sürükləyən “mənfi təbliğat”ından xəbərdarlıq edib. Onun fikrincə, baş nazir Benyamin Netanyahunun hökuməti beynəlxalq aləmdə yaranmış ciddi siyasi zərəri görməməzlikdən gələrək İsraili təhlükəli iflas həddinə aparır.

Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi, doktor Mustafa Bərğuti bəyan edib ki, İsrailin Dohada HƏMAS nümayəndə heyətini hədəfə alan hücumu “dönüş nöqtəsi”dir və çox təhlükəli nəticələrə gətirib çıxaracaq. O bildirib ki, İsrailin əsl siması üzə çıxdı – razılaşmaya mane olan tərəf fələstinlilər deyil, məhz İsraildir və o, hər dəfə qəsdən gərginliyi artırır. Qətər dövləti isə HƏMAS-ın Siyasi Bürosunun bir neçə üzvünün yaşayış yerlərinə edilən İsrail hücumunu pisləyib və bu məsuliyyətsiz davranışa göz yummayacağını vurğulayıb.

İsrailin Dohada HƏMAS rəhbərliyinə aid yaşayış yerlərinə endirdiyi hava zərbəsi Qəzzada davam edən müharibənin gedişatında təhlükəli bir dönüş nöqtəsi oldu. Bu hadisə Vaşinqtonun müttəfiqi və İsraillə fələstinli qruplar arasında ənənəvi vasitəçi sayılan Qətəri ilk dəfə bu qədər birbaşa və görünməmiş şəkildə qarşıdurmanın mərkəzinə gətirdi. Doha baş verənləri “qorxaq hücum” adlandıraraq HƏMAS-ın Siyasi Bürosuna aid rəhbərlərin yaşayış yerlərinin hədəfə alındığını açıqladı. İsrail isə bunun “HƏMAS terror rəhbərliyinə” qarşı həyata keçirilmiş əməliyyat olduğunu bildirdi və bunu hərəkatın kadrlarını harada olurlarsa, orada izləyib məhv etmək kampaniyasının davamı kimi təqdim etdi.

Qəzza münaqişəsinin həlli üzrə danışıqlar, Qətərin vasitəçi rolunu oynadığı proses, İsrailin Dohaya endirdiyi zərbədən sonra dayandırılıb. Bu barədə ölkənin baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani açıqlama verib. “Qəzza ilə bağlı danışıqlar prosesinin uğurlu alınması üçün bütün səylərimizi göstərdik. Qəzzaya qarşı təcavüzün dayandırılması üçün əlimizdən gələni etdik. Hazırkı danışıqlara gəldikdə isə, bu gün şahidi olduqlarımızdan sonra onların davam edə biləcəyinə inanmıram” - deyə o, Dohada keçirilən mətbuat konfransında bildirib.

İsrailin Dohaya endirdiyi hava zərbəsi nəticəsində Qətər təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub, bir neçəsi isə yaralanıb. Bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, ilkin məlumata əsasən, daxili təhlükəsizlik qüvvələrinin hərbi qulluqçusu – onbaşı Bader Saad Məhəmməd əl-Xumeydi əd-Dusari xidməti vəzifəsini yerinə yetirərkən hücumun hədəfi olan obyektdə həyatını itirib. Hadisə zamanı bir neçə təhlükəsizlik əməkdaşı da xəsarət alıb.

Qətər Daxili İşlər Nazirliyi İsrailin Dohadakı HƏMAS rəhbərlərinə qarşı həyata keçirdiyi hücumdan sonra hadisələrin gedişatını diqqətlə izlədiyini və bütün zəruri tədbirləri gördüyünü bildirib. Bu barədə nazirliyin verdiyi açıqlamada qeyd olunur. “Səlahiyyətli orqanlar hədəf bölgəni araşdırmaqda və təhlükəsizliyi təmin etməkdə davam edir. Daxili İşlər Nazirliyi daxili təhlükəsizlik qüvvələri ilə birlikdə hadisələrin gedişatını diqqətlə izləyir və vətəndaşların, eləcə də sakinlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür” - deyə, açıqlamada vurğulanıb.

İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə qarşı təşkil etdiyi hücumdan sonra İsraildən Türkiyəyə qarşı təhdid xarakterli açıqlamalar səsləndirilib. Tez-tez Türkiyə əleyhinə açıqlamalar verən israilli jurnalist, İvrit Universitetinin müəllimi Meir Masri sosial şəbəkədə paylaşım edib. Paylaşımda “Bugün Qətər, sabah Türkiyə”, - deyə qeyd olunub və Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və İranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyyənin fotosu yer alıb.

Birləşmiş Ərəb Əmirlikləri İsrailin Dohada HƏMAS rəhbərliyinə qarşı həyata keçirdiyi hücumu qətiyyətlə pisləyib və bunu Qətərə qarşı “qorxaq hücum” adlandırıb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Bəyanata görə, BƏƏ-nin baş nazir müavini və xarici işlər naziri şeyx Abdullah bin Zayed Al Nəhyan İsrailin Qətər dövlətinə qarşı törətdiyi bu hücumu sərt şəkildə qınayıb. O, hücumun Qətərin suverenliyinin kobud şəkildə pozulması, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olması, həmçinin regional və beynəlxalq təhlükəsizlik üçün məsuliyyətsiz eskalasiya yaratdığını vurğulayıb.