#HƏMAS

ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzzada dərhal, şərtsiz və daimi atəşkəs tələb edən qətnamə layihəsini veto edib. Qətnamə eyni zamanda İsraildən humanitar yardımların qarşısındakı bütün məhdudiyyətləri qaldırmağı və HƏMAS da daxil olmaqla fələstinli qrupların əlində saxlanılan girovların azad edilməsini tələb edirdi. Qətnamə layihəsi Şuranın 15 üzvündən seçilmiş 10 üzv tərəfindən hazırlanmışdı və səsvermədə 14 lehinə, 1 əleyhinə nəticə əldə olunmuşdu. ABŞ-ın vetosu sənədin qəbulunu əngəllədi. Bu, Qəzza müharibəsi başlayandan bəri Vaşinqtonun altıncı veto qərarıdır.

İsrailin Baş naziri Benyamin Netanyahu, bir həftə əvvəl Dohada həyata keçirilən hava hücumundan sonra Qətərə qarşı “sözlü” hücumlarını artırıb. Yedioth Ahronoth və Maariv qəzetlərinin məlumatına görə, Netanyahu Qüdsün qərbində yerləşən ofisində mətbuat konfransı keçirib. Netanyahu bildirib ki, Qətərə qarşı sərt tənqidlər səsləndirib və "bunları müharibə zamanı ifadə etdiyini" deyib. "Qətər istəsəydi, çox daha güclü təzyiq göstərə bilər və oğurlanan bütün vətəndaşlarımızın (israilli əsirlərin) azad olunmasına yardımçı ola bilərdi" deyə iddia edən Netanyahu, Qətərin HƏMAS-la əlaqəli olduğunu, HƏMAS-ı dəstəklədiyini, ona ev sahibliyi etdiyini və maliyyələşdirdiyini bildirib.

İsrail Baş naziri Benyamin Netanyahu bazar günü bəyan edib ki, ABŞ dövlət katibi Marko Rubionun İsrailə səfəri iki ölkə arasındakı “ittifaqın və dostluğun gücünü” nümayiş etdirir. Bu açıqlama, İsrailin Dohada HƏMAS rəsmilərini hədəf aldığı zərbədən bir neçə gün sonra gəlib. Müşahidəçilərə görə, Rubionun səfərinin əsas məqsədi Vaşinqtonun İsrailə dəstəyini göstərməkdir. Bu, ərəb ölkələrinin geniş şəkildə Qətəri dəstəklədiyi, eyni zamanda Dohada keçirilən ərəb-islam sammitinin fonunda baş verir.

İran prezidenti Məsud Pezeşkian bazar ertəsi Dohada keçiriləcək fövqəladə sammitdən əvvəl çıxış edərək İslam ölkələrini İsraillə münasibətləri kəsməyə çağırıb. Pezeşkian bildirib ki, İsrail “heç bir hüquqi çərçivəni tanımır, qanunlara hörmət etmir” və İslam ölkələri birlik və həmrəyliyi qorumaq üçün bu “saxta rejimlə” əlaqələrini kəsə bilərlər. Dohada keçirilən fövqəladə ərəb-islam sammiti öncəsi danışan İran lideri ümid etdiyini bildirib ki, görüş İsrailə qarşı praktik addımlar barədə nəticə verəcək. O əlavə edib ki, “sionist rejim” yalnız Fələstində deyil, bir sıra İslam ölkələrinə qarşı da təcavüzkar hərəkətlər edib.

Tramp tez-tez dünyanın diqqətini çəkən təxribatçı açıqlamalar verməyi sevir. Məsələn, ABŞ-ın Qəzza zolağına tam nəzarət edəcəyi və orada “Qəzza Rivyerası” adlı cazibədar bölgə quracağı fikri kimi. Digər tərəfdən isə o, çox vaxt nümayişkaranə addımlar atır: iyun ayında İrana qarşı həyata keçirilən qəfil hücum və ya bu ay Venesuelalı narkotik tacirlərinə qarşı təşkil edilən əməliyyat kimi. Lakin bu addımları strateji nəticələr doğuran ardıcıl siyasət kimi qəbul etmək düzgün olmaz.

Misir, İsrailin Dohaya endirdiyi hava zərbəsinə cavab olaraq təhlükəsizlik sahəsində Tel-Əvivlə koordinasiyanı məhdudlaşdırmaq qərarına gəlib. Misir rəsmiləri İsrailə açıq mesaj göndərərək bildiriblər ki, ölkə ərazisində oxşar hücumların həyata keçirilməsi silahlı cavabla qarşılanacaq. “HƏMAS liderlərinin həyatına Misir torpaqlarında ediləcək hər hansı sui-qəsd, dövlətimizin suverenliyinin pozulması və İsrailin müharibə elan etməsi kimi qəbul ediləcək. Biz də tərəddüd etmədən cavab tədbirləri görəcəyik.” - deyə qeyd edilib.

Ərdoğan bu gün İslam Əməkdaşlıq Təşkilatı–Ərəb Liqası Fövqəladə Zirvə Toplantısında iştirak etmək üçün Qətərə gedir. Prezident Ərdoğan İsrailin qətliam xarakterli hücumlarının dayandırılması ilə bağlı mesajlarını paytaxt Dohada keçiriləcək zirvə toplantısında verəcək. Türkiyə Prezidenti Ərdoğan Qətərə yola düşəcək. İsrail təxminən 2 ildir Qəzzanı qan içində qoyur. Region ölkələri İsrailin sərhəd tanımayan hücumlarından narahatdır.

İraqın baş naziri Məhəmməd Şiə əs-Sudani tərəfindən “İsrailə qarşı ərəb–islam ittifaqı qurmaq” çağırışı, İsrailin müxtəlif istiqamətlərdə davam edən hücumlarının yaratdığı böyük təhlükələr fonunda, o cümlədən Qətərin paytaxtı Dohanın hədəfə alınması səbəbilə, iraqlılar arasında müsbət əks-səda doğurub. Sudani televiziya açıqlamalarında “İsrailin Qətəri hədəf almasının beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu” bildirib, “İsrailə qarşı siyasi, təhlükəsizlik və iqtisadi islam ittifaqı qurmağın vacibliyini” vurğulayıb.

HƏMAS-ın əlində saxlanılan israilli girovların ailələri baş nazir Benyamin Netanyahunun siyasətinə qarşı etirazlarını gücləndiriblər. Ailələr həmçinin Netanyahunun onlarla görüşməkdən imtina etdiyini və tələblərini dinləmədiyini bildiriblər. Onların sözlərinə görə, baş nazir görüş üçün qrafikində vaxt olmadığını bəhanə gətirib. Girov ailələri açıqlayıblar ki, yaxınlarının Qəzzaya aparılmasından 700 gün keçdiyi üçün Netanyahu ilə görüş tələb ediblər. Lakin bir müddət sonra onlara görüşün baş tuta bilməyəcəyi bildirilib. Ailələr baş naziri onlardan qaçmaqda ittiham edərək deyiblər: “İki ildir övladlarımızı laqeyd qoyduğu üçün artıq gözlərimizə baxa bilmir.”

Dohada Ərəb Dövlətləri Liqasına (ƏDL) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə qapalı iclası keçirilir. İclas İsrailin HƏMAS-ın Dohadakı iqamətgahına endirdiyi hava zərbəsinə həsr olunub. İclasın əsas məqsədi İsrailin HƏMAS siyasi bürosunun üzvlərinə qarşı hücumu ilə bağlı vahid mövqenin formalaşdırılmasıdır.