#Qəzza hücumu

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı Misir və Qətər vasitəçilərinin təqdim etdiyi və HƏMAS-ın da qəbul etdiyi son təklifi rədd edib. İsrail İctimai Yayım Şirkətinin məlumatına əsasən, Netanyahu qismən razılaşmanı rədd edərək bütün girovların eyni anda azad olunmasını tələb edib və “Heç bir girovu arxada qoymayacağıq” - deyə bildirib.

Kardinal Pierbattista Pizzaballa qeyd edir ki, dövrümüzün ağrısı, "bizə sülh haqqında nə şirinləşdirilmiş və mücərrəd, buna görə də inandırıcı olmayan çıxışlar etməyə, nə də daha çox təhlil və ya ittihamlarla özümüzü məhdudlaşdırmağa imkan verir”. Əksinə, o təkid edərək deyir ki, "biz bu tezliklə bitməyi mümkün görünməyən faciənin içində imanlılar olaraq dayanmağa çağırılmışıq". Məryəm Ananın Səmaya Götürülməsi bayramında Abu Qoşdakı Benediktin monastırında keçirilən Messa zamanı Yerusəlimin Latın Patriarxı Vəhy kitabından bir parça üzərində dayanaraq düşüncələrini bölüşdü. O bildirdi ki, bu mətn “ağrılarla dolu bu aylar ərzində xristian icmasını dəfələrlə müşayiət edib və düşüncə mövzusu olub.”

Argentina mediasının məlumatına görə, Plaza de Mayo Təsis Xəttinin Anaları, Sülh və Ədalət Xidməti (Serpaj), Siyasi olaraq itkin düşənlərin və məhbusların ailələri və Argentina İnsan Haqları Liqası Netanyahunu “soyqırım, insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” törətməkdə ittiham edərək məhkəməyə müraciət edib. Şikayətdə İsrail hökumətinin Fələstin xalqına qarşı “sistematik qırğın siyasəti” yürüdərək onların yaşamaq, insan ləyaqəti və öz müqəddəratını təyinetmə hüququnu pozduğu bildirilib. Mətndə, Qəzzada on minlərlə insanın həlak olduğu, milyonlarla insanın didərgin düşdüyü, humanitar yardımların isə əngəlləndiyi vurğulanıb.

HƏMAS Qəzza zolağında atəşkəs barədə təklifə müsbət cavab verdiyini rəsmi olaraq təsdiqləyib. Müvafiq bəyanat HƏMAS-ın “Telegram” kanalında dərc olunub. “HƏMAS və digər fələstinli fraksiyalar Misir və Qətərdən ötən gün onlara təqdim edilən atəşkəs təklifinə razılıqlarını vasitəçilərə çatdırıblar”, – bəyanatda qeyd olunub.

HƏMAS Qəzza zolağında saxladığı israilli girovların yarısını müəyyən sayda fələstinli məhbusla mübadilə etməyə razılaşıb. Məlumata görə, mübadilə 60 günlük atəşkəs çərçivəsində həyata keçirilməlidir. Təklif həmçinin İsrail ordusunun Qəzzanın dərinliyindən geri çəkilməsini nəzərdə tutur ki, humanitar yardım anklava maneəsiz daxil ola bilsin.

Qəzza zolağında səhiyyə sistemi tamamilə iflic vəziyyətinə düşüb. Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 2023-cü ilin oktyabr ayından bəri bölgədə davam edən müharibə nəticəsində 1 500-dən çox tibb işçisi həlak olub. Hazırda Qəzzadakı təxminən 40 xəstəxanadan yalnız 15-i fəaliyyət göstərir və onların da əksəriyyəti qismən işləyir.

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzza şəhərinin hərtərəfli işğalı üçün plan hazırlayıb. Plana əsasən, təxminən 100 min əsgərin iştirakı ilə hücum həyata keçiriləcək və qoşunlara havadan dəstək veriləcək. Məqsəd əvvəlcə şəhəri mühasirəyə almaq, daha sonra isə tamamilə ələ keçirməkdir. İsrail mətbuatının yazdığına görə, Zamir planın mümkünlüyünü qiymətləndirmək üçün Qəzza zolağına da səfər edib. Artıq ordunun hücumlarını intensivləşdirdiyi şəhərdən mülki əhalinin çıxmağa başladığı bildirilir.

Fələstin Baş naziri Məhəmməd Mustafa, Qəzza zolağını idarə etmək üçün yaxın günlərdə müvəqqəti bir komitə elan ediləcəyini bildirib. Misirə rəsmi səfər edən Baş nazir Mustafa, Misirin Xarici İşlər naziri Bədr Əbdülati ilə birlikdə Misirlə Qəzza arasındakı Rəfah Sərhəd Qapısında mətbuat konfransı keçirib. O vurğulayıb ki, Rəfah keçid məntəqəsi Qəzza xalqı üçün bir yaşayış və nəfəs qapısı olmalıdır və İsrailin xalqı aclığa və zorla köçürməyə məruz qoyan siyasəti qəbuledilməzdir. “Beynəlxalq ictimaiyyət daha təsirli addımlar atmalı və İsraili blokada və aclıq siyasətini dayandırmağa məcbur etməlidir.” - deyə baş nazir qeyd edib.

İsrailin hücumları və blokadası nəticəsində aclıq yaşanan Qəzza zolağında son 24 saatda 2-si uşaq olmaqla 5 fələstinlinin daha aclıqdan həyatını itirdiyi, ümumi sayın 263-ə yüksəldiyi bildirilib. Qəzzə Səhiyyə Nazirliyinin Baş direktoru Munir əl-Burş verdiyi açıqlamada bölgədə aclıq səbəbilə həyatını itirənlərlə bağlı məlumat verib. Burş bildirib ki, İsrailin blokadası və hücumları altındakı Qəzzəyə qarşı tətbiq etdiyi aclıq siyasəti can almağa davam edir. Son 24 saatda 2-si uşaq olmaqla 5 fələstinli aclıq və qidalanma çatışmazlığı səbəbindən həyatını itirib. Burşun sözlərinə görə, 7 oktyabr 2023-cü ildən bəri Qəzzədə 112-si uşaq olmaqla 263 nəfər aclıqdan ölüb.

Yüz minlərlə insan Qəzzada müharibənin dayandırılması və girovların təhlükəsizliyinin təmin olunması tələbi ilə küçələrə çıxıb. Etirazlar ən çox Təl-Əvivin “Girov Meydanı”nda toplaşıb. Aksiya nəticəsində yollar, ofislər və universitetlər bağlanıb, gün ərzində azı 40 nəfər saxlanılıb. Çevik polis qüvvələri Netanyahunun Likud partiyasının qərargahı qarşısında keçirilən aksiyanı zorakılıqla dağıdıb. Müharibənin 22-ci ayı fonunda bu, ölkədə keçirilən ən böyük kütləvi nümayişlərdən biri olub.

ABŞ dövlət katibi Marko Rubio, 16 avqustda Qəzzalılara ziyarətçi vizalarının verilməsinin dayandırıldığını elan etdikdən sonra, bu qərarın yenidən nəzərdən keçiriləcəyini bildirib. Rubio, CBS News-a verdiyi müsahibədə, ABŞ-ın Qəzza xalqına verdiyi ziyarətçi vizalarının dayandırılması ilə bağlı danışıb. Rubio bildirib ki, yalnız Qəzzalı uşaqlara deyil, onlara müşayiət edən böyüklərə də viza verildiyini xatırladıb. Rubio, Konqresə təqdim olunan sübutlara əsasən, viza prosesi ilə əlaqəli olan bəzi qurumların HƏMAS-la güclü əlaqələrinin olduğunu iddia edərək, “HƏMAS-la dost münasibətdə olan qruplarla əməkdaşlıq etməyəcəyik.” - deyə qeyd edib.