#Qəzza hücumu

Böyük Britaniya və 21 beynəlxalq tərəfdaş İsrailin Fələstin torpaqlarındakı işğalı dərinləşdirəcək “E1 layihəsi”nə verdiyi təsdiqi kəskin şəkildə pisləyib və bu qərarın dərhal ləğv edilməsinə çağırış edib. Bu barədə Böyük Britaniya, Kanada və Avropa İttifaqının da daxil olduğu 22 tərəfdaş ölkə birgə bəyanat yayıb.

Məlumata görə, təşkilata üzv ölkələrin xarici işlər nazirləri İsrailin hücumlarını və Qəzzanı tam işğal etməyə dair planlarını müzakirə edəcəklər. İclasda İsrailin həyata keçirdiyi işğal, kütləvi qətl, blokada, aclıq təhlükəsi və əhalinin məcburi köçürülməsi kimi beynəlxalq hüquqa zidd addımlarına qarşı ortaq mövqenin müəyyənləşdirilməsi nəzərdə tutulur.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, hətta HƏMAS razılaşmaya razılıq versə belə, İsrail ordusu Qəzzaya nəzarəti ələ alacaq. “Biz bunu hər halda edəcəyik, bunda heç bir şübhə yoxdur. HƏMAS Qəzzada qalmayacaq. Müharibənin sonuna yaxınlaşırıq. Bu, İran və onun vasitəçilərini də əhatə edən yeddi cəbhədə aparılan müharibədir” – deyə Netanyahu qeyd edib.

BMT baş katibi Antonio Quterreş İsrailin Qəzza şəhərinə qarşı genişmiqyaslı hərbi hücum başlatdığı bir vaxtda bölgədə dərhal atəşkəs elan olunmasına çağırıb. Quterreş bildirib ki, Qəzzada hərbi əməliyyatların davam etməsi böyük insan itkilərinə və geniş dağıntılara səbəb olacaq.

Misir ordusu İsrailin Qəzzanı işğal etmə planlarına qarşı Sina səhrasında misilsiz hərbi hazırlıq keçirib. Yüksək rütbəli hərbi mənbənin sözlərinə görə, prezident Əbdülfəttah əs-Sisinin birbaşa tapşırığı ilə Qəzza sərhədinə əlavə 40 min əsgər yerləşdirilib. Bu rəqəm 1979-cu il Misir–İsrail Sülh Müqaviləsi ilə icazə verilən həddən demək olar ki, iki dəfə çoxdur.

İsrail ordusu Qəzza şəhərinə hücumun ilkin mərhələsinə başlayıb. Bu barədə İsrail ordusunun sözçüsü Efi Dferin yerli mediaya açıqlama verib. “Qəzza şəhərində HƏMAS-a qarşı zərbələrimizi daha da gücləndirəcəyik. Hazırlıq əməliyyatlarına start vermişik. Girovların azad olunması üçün siyasi rəhbərliyin göstərişlərinə uyğun şərait yaradacağıq”, – deyə o bildirib.

İsrail ordusunun bu gün səhər saatlarında Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində 33 fələstinli həlak olub, onlarla insan isə yaralanıb. Xəstəxana mənbələri və şahidlərin açıqlamalarına görə, hücumlar məcburi köçkünlərin və humanitar yardım gözləyən insanların yerləşdiyi çadır və evləri hədəfə alıb. Qəzza şəhərinin Şati Qaçqınlar Düşərgəsində bir ailənin 5 üzvü, İslam Universiteti yaxınlığında isə aralarında uşaqların da olduğu 4 nəfər ölüb. İsrail ordusunun Cibaliya Nezler qəsəbəsindəki hücumu nəticəsində isə 3 fələstinli həlak olub, 10 nəfər yaralanıb. Eyni zamanda, Qəzzanın Zeytun və Sabra məhəllələrində mülki evlərin bombalanması nəticəsində azyaşlı uşaqlar da daxil olmaqla çoxsaylı itkilər qeydə alınıb. Nusairat qaçqın düşərgəsinə hücumlarda isə yardım gözləyən insanlara atəş açılıb və ümumilikdə 8 nəfər həlak olub.

Livanın baş naziri Navaf Salam İsrailin baş naziri Benyamin Netanyahunun qondarma “Böyük İsrail” bəyanatlarını rədd edib və bu açıqlamaların ərəb ölkələrinin milli təhlükəsizliyinə birbaşa təhdid olduğunu bildirib. Əmmanda İordaniya kralı II Abdullah və hökumət rəsmiləri ilə görüşən Salam qeyd edib ki, Livan digər ərəb və islam ölkələri ilə birlikdə Netanyahunun “Böyük İsrail” planını qətiyyətlə rədd edir. Onun sözlərinə görə, İsrailin bəyanatları beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Baş nazir həmçinin Qəzzada davam edən zorakılıqları, məcburi köçkün siyasətini və fələstinlilərə qarşı qətliamları pisləyərək, beynəlxalq ictimaiyyəti Fələstin xalqını qorumağa çağırıb. İordaniya kralı II Abdullah isə görüş zamanı Livanın təhlükəsizliyi və suverenliyinin qorunmasında dəstəyini ifadə edib, iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.

İsrail bir neçə aydır Qəzza zolağına çadırların gətirilməsinə icazə vermir. Bu isə müharibənin və mühasirənin davam etdiyi bir vaxtda, xüsusilə də Qəzza şəhərində mülki əhalinin təxliyə əmrləri fonunda baş verir. Bunu BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsinin (OCHA) sözçüsü Yens Lark Cenevrədə keçirdiyi mətbuat konfransında deyib.