İsrailin “Haaretz” qəzeti yazır ki, ordu Qəzza şəhərini işğal etmək üçün həm çağırışçı əsgərlərin, həm də binaların dağıdılması üçün zəruri olan buldozerlərin çatışmazlığından əziyyət çəkir. Çərşənbə günü İsrail ordusu Qəzza şəhərinin tam işğalı üçün “Gideon Arabaları - 2” adlı əməliyyata start verib. Qəzet yazır ki, ilkin açıqlamalarda çağırılan ehtiyat əsgərlərin əksəriyyətinin İordan çayının Qərb sahili və İsrailin şimalında (Livan və Suriya istiqamətində) xidmət edən nizami qüvvələrin yerini alacağı bildirilmişdi. Lakin indi ən azı üç ehtiyat briqadasının birbaşa Qəzzada yerləşdirilməsi planlaşdırılır.
#Qəzza hücumu
Almaniyanın xarici işlər naziri Yohan Vadeful bu gün İsraili Qəzza şəhərinə hücum planlarını dayandırmağa çağırıb və bu addımın humanitar vəziyyəti ciddi şəkildə pisləşdirəcəyi barədə xəbərdarlıq edib. Vadeful bu barədə israilli həmkarı Gideon Saar ilə telefon danışığından sonra “X” sosial şəbəkəsində paylaşım edib. O, Qəzza zolağına daha çox humanitar yardımın çatdırılmasının zəruriliyini vurğulayıb və Almaniyanın daimi sülh üçün iki dövlətli həll prinsipinə sadiq qaldığını qeyd edib.
Tunisli rejissor Kauzer Ben Haniyanın çəkdiyi “Hind Rəcəbin Səsi” filmi Venesiya Film Festivalında premyerasını edib və festivalın tarixində ən uzun sürən – 22 dəqiqəlik alqışla qarşılanıb. Tamaşaçılar filmin nümayişi zamanı Fələstin bayraqlarını qaldıraraq “Free Palestine” şüarları səsləndiriblər. Sənədli film 2024-cü ildə Qəzzada İsrail ordusu tərəfindən vəhşicəsinə öldürülən 5 yaşlı Hind Rəcəbin real hekayəsini ekrana daşıyır. Əsər, mülki əhalinin faciəsini və uşaqların müharibənin ən böyük qurbanlarına çevrildiyini bütün dünyaya çatdırmağı hədəfləyir.
Dünyanın bir çox ölkəsində yeni tədris ili başlayarkən, İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlar səbəbindən bölgədə təhsil sistemi demək olar ki, tamamilə iflic olub. Qəzzada məktəblər və sinif otaqları ya sığınacaq mərkəzlərinə çevrilib, ya da dağıdılıb. Qəzzadakı Hökumət Mediya Ofisinin rəhbəri İsmayıl Sevabitenin sözlərinə görə, İsrailin ardıcıl hücumları nəticəsində artıq üçüncü ildir ki, təxminən 785 min şagird təhsildən məhrum qalıb. O bildirib ki, təxminən 25 min müəllim də işləyə bilmir, çünki İsrailin hücumları nəticəsində təhsil infrastrukturu tamamilə dağıdılıb.
İsrailin hücumları və blokadası səbəbiylə aclığın yaşandığı Qəzzada aclıqdan ölənlərin sayı son 24 saatda 3 nəfər artaraq 131-i uşaq olmaqla 370-ə çatıb. Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Bildirilib ki, bölgədə uzun müddətdir davam edən ərzaq çatışmazlığı və yardım qıtlığı nəticəsində ölüm halları kritik həddə çatıb. Açıqlamaya görə, 2023-cü il 7 oktyabrdan bu günədək Qəzzada aclıqdan ölənlərin ümumi sayı 370 nəfərə yüksəlib. Onlardan 131-i uşaqlardır. Beynəlxalq ictimaiyyətin diqqətini çəkən bu vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi Qida Təhlükəsizliyi Mərhələ Təsnifatı (IPC) tərəfindən yayımlanan son hesabatda, 15 avqust 2025 tarixindən etibarən Qəzzada aclığın ən yüksək – fəlakət səviyyəsi olan 5-ci mərhələyə çatdığı sübutlarla təsdiqlənib.
İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlar nəticəsində azı 20 fələstinli həyatını itirib. Ölənlər arasında qadınlar və uşaqlar da var. Xəstəxana mənbələri və şahidlərinin məlumatına görə, İsrail ordusu Qəzza şəhərinin şimalı ilə yanaşı, cənub, mərkəz və digər bölgələrdəki yaşayış evlərini, aşevlərini, çadırları və yardım gözləyən insanları hədəf alıb. Qəzza şəhərinin cənubunda yerləşən Tel əl-Heva məhəlləsindəki Əbu Mazin döngəsi yaxınlığında məcburi köçkünlərin yaşadığı çadırlara edilən hücum nəticəsində 3-ü uşaq, 1-i qadın olmaqla 5 nəfər həlak olub. Saldırının ardından çadırda yanğın baş verib.
İsraildə minlərlə etirazçı Baş nazir Benyamin Netanyahunun Qərbi Qüdsdəki iqamətgahı qarşısında toplanaraq, hökumətdən Qəzza zolağında dərhal atəşkəsə getməyi və əsir mübadiləsi razılaşmasını imzalamağı tələb edib. Qəzzada HƏMAS tərəfindən saxlanılan israilli əsir Nimrod Cohenin anası Viki Cohen, aksiyada etdiyi çıxışında Netanyahudan, əsirlərlə həmrəyliyi simvolizə edən sarı lent rəmzini yaxasından çıxarmağı tələb edib. “Netanyahu, bizimlə olduğunu söyləməyi dayandır. Əgər həqiqətən bizimlə olsaydın və bizi önəmsəsəydin, bu gün oğlum evdə olardı,” – deyə Cohen bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu "kafir" adlandırıb. Ərdoğan bu ifadəni Beştepe Mədəniyyət Mərkəzində çıxışı zamanı səsləndirib. “Biz dünyadakı bütün müsəlmanlara dərin məhəbbət bəsləyirik. Bu səbəbdən Fələstində baş verənlərə və Netanyahu adlanan kafirin zülmünə əsla biganə qala bilmərik” – deyə, Türkiyə prezidenti vurğulayıb.
HƏMAS-ın hərbi qolu olan “İzzəddin əl-Qəssam Briqadaları”, İsrail ordusunun Qəzza zolağında “Gideon arabaları” əməliyyatının ikinci mərhələsinə başlamasına cavab olaraq yeni əməliyyata başlayıb. Bu əməliyyata “Musanın Dəyənəyi” adı verilib. İlk hücumlar İsrail ordusunun əməliyyata başladığını elan etdiyi vaxtla eyni anda Qəzza zolağının şimalındakı Zeytun məhəlləsi və Cəbəliyyə düşərgəsində həyata keçirilib.
Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, Qəzza zolağındakı vəziyyət dəhşətlidir və bölgədə yaranan aclıq insan tərəfindən yaradılmış süni aclıqdır. O qeyd edib ki, Qəzzadakı hadisələrlə bağlı dünya liderləri ilə danışıqlar aparır və atəşkəsin əldə olunması, bölgəyə humanitar yardımın çatdırılması və girovların azad olunması istiqamətində səylər göstərir. Baş nazir həmçinin iki dövlətli həll yoluna aparacaq sülh planı üzərində də işlədiklərini vurğulayıb.
İsrailin baş naziri Benyamin Netanyahu Belçikanın baş naziri Bart de Viveri “zəif lider” adlandırıb. Netanyahu bu ifadəni Belçikanın digər Avropa ölkələrinin nümunəsini izləyərək Fələstin dövlətini tanımaq niyyətinə görə işlədib. Netanyahunun ofisinin yaydığı bəyanatda deyilir: “Belçika baş naziri de Viver zəif liderdir. O, İsrailin hesabına radikal islamçı terroru sakitləşdirməyə çalışır. Terror timsahını bəsləyərək onun Belçikanı udmasını gecikdirəcəyinə ümid edir. İsrail buna razı olmayacaq və özünü müdafiə etməyə davam edəcək.”
İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağında “Gideon Arabaları” əməliyyatının ikinci mərhələsinin başladığını elan edib. O bildirib ki, əməliyyatın məqsədi müharibənin hədəflərinə çatmaq üçün döyüşlərin intensivləşdirilməsi və hərbi manevrlərin dərinləşdirilməsidir. “Əsirlərin geri qaytarılması həm mənəvi, həm də milli vəzifədir. Biz HƏMAS-ın əsas dayaq nöqtələrinə zərbələr endirməyə davam edəcəyik və onun hər yerdə sıxışdırıldığını hiss etməsinə səbəb olacağıq” – deyə, Zamir vurğulayıb.