#İsrail ordusu

Yəmən Silahlı Qüvvələri İsrailə qarşı yeni hücum əməliyyatı həyata keçirdiklərini, işğal altındakı Yaffa bölgəsində bir neçə həssas hədəfin “Palestine-2” tipli çoxbaşlıqlı hipersəs ballistik raketlə vurulduğunu açıqlayıb. Yəmən qüvvələri Qırmızı dəniz və Ərəb dənizində fəaliyyət göstərən bütün mülki və hərbi şirkətləri, həmçinin həmin marşrutlardan keçən gəmiləri şəxsiyyətlərini açıqlamağa çağırıb. Əks halda onların hədəfə alınacağı və məsuliyyəti daşıyacaqları bildirilib.

İran Ordusunun Koordinasiya İşləri üzrə sədr müavini Həbibullah Səyyari bildirib ki, İsrail NATO və ABŞ dəstəyi olmadan hərbi əməliyyat aparmaq gücünə malik deyil. Tehranda çıxış edən Səyyari vurğulayıb ki, “qlobal təkəbbür” hələ də İrana qarşı mövqedədir, lakin İran İslam Respublikası kiçik düşmənlərlə deyil, imperializmə qarşı mübarizə aparmaqdan qürur duyur.

İsrailin müdafiə naziri İsrael Katz Suriyanın işğal altında saxlanılan Hermon dağından paylaşım edərək bölgədən geri çəkilməyəcəklərini açıqlayıb. İsrail ordusu, Suriyada Bəşşar Əsəd rejiminin devrilməsindən sonra qurulan yeni hakimiyyətə qarşı əməliyyatlara başlayıb. Bu əməliyyatlar nəticəsində sərhəd xəttində yerləşən bir sıra bölgələr işğal edilib. Onların arasında hərbi-strateji baxımdan xüsusi əhəmiyyətə malik Hermon dağı da var.

İsrail ordusu İvrit təqviminə görə yeni ilin başlanğıcı sayılan Roş Aşana bayramı münasibətilə 22–23 sentyabr tarixlərində ölkənin bütün bölgələrində yerləşən hərbi birləşmələrin gücləndirildiyini açıqlayıb. Ordunun yaydığı rəsmi bəyanatda qeyd olunub ki, vəziyyətin qiymətləndirilməsindən sonra müxtəlif bölgələrdə həm müdafiə, həm də hücum məqsədilə birliklər yüksək hazırlıq vəziyyətinə gətirilib və əlavə qüvvələrlə gücləndirilib.

HƏMAS-ın əlində saxlanılan israilli girovların ailələri baş nazir Benyamin Netanyahunun siyasətinə qarşı etirazlarını gücləndiriblər. Ailələr həmçinin Netanyahunun onlarla görüşməkdən imtina etdiyini və tələblərini dinləmədiyini bildiriblər. Onların sözlərinə görə, baş nazir görüş üçün qrafikində vaxt olmadığını bəhanə gətirib. Girov ailələri açıqlayıblar ki, yaxınlarının Qəzzaya aparılmasından 700 gün keçdiyi üçün Netanyahu ilə görüş tələb ediblər. Lakin bir müddət sonra onlara görüşün baş tuta bilməyəcəyi bildirilib. Ailələr baş naziri onlardan qaçmaqda ittiham edərək deyiblər: “İki ildir övladlarımızı laqeyd qoyduğu üçün artıq gözlərimizə baxa bilmir.”

Bu gün yüzlərlə fələstinli ailə Qəzza şəhərindən çıxmağa başlayıb. Bəziləri yük maşınlarına minib, digərləri isə piyada hərəkət edib. AzerVoice-un məlumatına görə, İsrail ordusu dəfələrlə şəhərdən təxliyə elan etsə də, sakinlərin çoxu başqa gedəcək yerlərinin olmadığını bildirir. Onların sözlərinə görə, İsrail cənubda köçmələrini istədiyi ərazilərə də dəfələrlə zərbələr endirib. Xatırladaq ki, İsrail ordusunun sözçüsü Avixay Edri liman ərazisi və Ər-Rimal məhəlləsinin sakinlərini dərhal cənubdakı “humanitar zona”ya getməyə çağırıb. Lakin fələstinlilər orada artıq çadır qurmaq üçün boş yer qalmadığını deyirlər. Edri 250 mindən çox Qəzza sakininin şəhəri tərk etdiyini bildirsə də, Qəzza mülki müdafiə xidməti bu rəqəmin əslində təxminən 68 min olduğunu açıqlayıb.

İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 62 nəfər həlak olub. Bu barədə fələstinli mənbələr məlumat yayıb. Bildirilib ki, İsrailin Qəzza şəhərinin cənub-şərqində yerləşən Sabra məhəlləsinə endirdiyi zərbələrdə aralarında yardım paylama məntəqələrində çalışan 7 nəfərin də olduğu azı 62 mülki şəxs həyatını itirib, çoxlu sayda insan yaralanıb. İsrail ordusu həmçinin Qəzza şəhərinin cənub-qərbində yerləşən Baş Prokurorluq binasına üç hava zərbəsi endirib. Nəticədə bina tamamilə dağılıb. Hücumlar zamanı fələstinlilərin evləri, əvvəlki bombardmanlardan evsiz qalanların sığındığı məkanlar da hədəfə alınıb. Bu səhərə qədər Qəzza şəhərində bir yaşayış evi, üç sığınacaq və 20-dən çox bina yerlə-yeksan edilib.

Qəzza əhalisi uzun müddətdir gigiyenik şəraitin olmaması səbəbindən müxtəlif dəri xəstəliklərindən əziyyət çəkirdi. İndi isə eyni infeksiyalar İsrail ordusunun əsgərlərinə də yayılıb. Cümə günü ön cəbhəyə göndərilən yüzlərlə nizami və ehtiyat hərbçi qaşınmadan şikayətlənib, bədənlərində yaralar əmələ gəlib. “Yedioth Ahronoth” qəzetinin dərc etdiyi fotolarda əsgərlərin bədənində açıq yaralar görünür. Onların sözlərinə görə, səbəb bit, taxtabiti, digər həşərat sancmaları, üfunətli qoxu və dayanıqsız sularla bağlıdır. Bir əsgərin atası deyib: “Oğlum əvvəlcə bu əziyyəti gizlətmişdi. Ailəlikcə istirahətə çıxanda təsadüfən bədənindəki yaraları gördük. Bu dəhşətli idi. Övladlarımız qaşınmadan yata bilmir. Bu, Qəzzanın başqa bir lənəti kimi geri dönür.”

İsrail ordusunun Yəmənin paytaxtı Səna və Cövf şəhərlərinə endirdiyi hava hücumlarında həlak olanların sayı 46 nəfərə yüksəlib. Husilərin nəzarətində olan rəsmi SABA xəbər agentliyinin məlumatına görə, 10 sentyabrda İsrail ordusu tərəfindən həyata keçirilən hücumlarla bağlı ölən və yaralananların sayı yenilənib. İsrailin Yəməndəki hücumlarında 35 nəfər həlak olub, 131 nəfər yaralanıb.