#Hürmüz Boğazında böyük qumar: Xarq adası İranın taleyini həll edəcəkmi?

İranın kiçik Xark adası bir tərəfdən ABŞ və İsrail, digər tərəfdən isə İran arasında davam edən müharibənin gedişatı ilə bağlı Qərbdə aparılan müzakirələrin mərkəzində dayanır. Bir sıra Qərb qəzetlərinin bu adanı və onun əhəmiyyətini işıqlandırması göstərir ki, bura ABŞ-İran münaqişəsində həlledici nöqtələrdən birini təmsil edə bilər.

ABŞ Prezidenti Donald Tramp administrasiyası İranla müharibənin yekun hədəfləri barədə ziddiyyətli bəyanatlar versə də, üç həftəlik intensiv bombardmanların xəritəsi real mənzərəni ortaya qoyur. ABŞ və İsrailin vurduğu 7 800-dən çox hədəf İranın hərbi gücünün məhv edilməsindən tutmuş, rejim daxilində çevrilişə zəmin hazırlanmasına qədər geniş bir spektri əhatə edir.