#humanitar böhran

Livanın cənubunda yerləşən Sur şəhərində yayılan son məcburi köçürülmə əmri əhali arasında ciddi narahatlıq və təşvişə səbəb olub. Məlumatlara görə, son günlər intensivləşən hücumların daha sıx məskunlaşmış yaşayış məntəqələrinə yaxınlaşması şəhərdə gündəlik həyata də təsir göstərib. Bölgədə humanitar vəziyyətlə bağlı narahatlıqlar artmaqda davam edir.

Livanın cənubunda və digər bölgələrində təhlükəsizlik vəziyyəti daha da gərginləşərkən, İsrailin yeni köçürmə əmrləri diqqət mərkəzinə çevrilib. Son məlumatlara görə, Beyruta genişmiqyaslı hücumların məhdudlaşdırılması fonunda İsrailin fərqli təzyiq üsullarına üstünlük verməyə başladığı bildirilir. Bu vəziyyət onsuz da ağır olan humanitar və köçkün probleminin daha da dərinləşməsi ilə bağlı narahatlıqları artırır.

Livanın Səhiyyə Nazirliyi İsrail hücumları nəticəsində martın 2-dən indiyədək azı 3 123 nəfərin öldüyünü açıqlayıb. Rəsmi məlumatlara görə, yaralıların sayı 9 506 nəfəri keçib. Müşahidəçilər bildirirlər ki, bölgədə davam edən hücumlar humanitar vəziyyəti daha da ağırlaşdırır. Xüsusilə yaşayış məntəqələri, infrastruktur və mülki əhalinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır.

BMT-nin Livan üzrə humanitar koordinatoru İmran Riza bildirib ki, atəşkəsə baxmayaraq İsrail hücumları nəticəsində Livanda mülki itkilər artır. Hava zərbələri və dağıntılar humanitar vəziyyəti ağırlaşdırır, ailələrin dağılması və insanların davamlı qorxu şəraitində yaşamasına səbəb olur.

Avropa İttifaqının böhranların idarə olunması üzrə komissarı Hadja Lahbib Livan əhalisinin yarıdan çoxunun humanitar yardımdan asılı vəziyyətdə olduğunu bildirib.Beyrutda Livan Prezidenti Josef Aun ilə görüşdən sonra danışan Aİ rəsmisi qeyd edib ki, martın 2-dən başlayan müharibə dövründə Avropa İttifaqı Livana 100 milyon avro yardım ayırıb və humanitar yüklərlə altı təyyarə göndərib. Yeddinci yardım təyyarəsinin isə yaxın günlərdə ölkəyə çatacağı gözlənilir.

Türkiyənin AFAD və Türk Qızılayı tərəfindən hazırlanan, daxilində 730 ton humanitar yardım olan gəmi Livanın paytaxtı Beyrutun limanına çatıb. İsrailin hücumları nəticəsində ölkə daxilində bir milyondan çox insanın (əhalinin təxminən 20%-i) didərgin düşməsi fonunda göndərilən bu yardım paketinə 7 min 200 çadır, 10 mindən çox qida bağlaması, 28 min ədyal və minlərlə gigiyena dəsti daxildir. Yardımların Livan Yüksək Yardım Komitəsinə təhvil verilərək qısa müddətdə sığınacaq mərkəzlərində və ondan kənarda yaşayan ehtiyac sahibi ailələrə paylanması planlaşdırılır.

Qəzza zolağının şimalında su çatışmazlığı kəskinləşib və minlərlə insan içməli suya çıxışdan məhrum olub. Cəbaliya qəsəbəsində yerləşən “Əl-Həsən” su təmizləmə stansiyasının tam dayanması nəticəsində 15 mindən çox sakin əsas su mənbəyini itirib. Yerli mənbələrə görə, stansiya texniki xidmət və ehtiyat hissələrinin çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb.