#ABŞ Kubanı razılaşmaya çağırdı

Kuba Prezidenti Miqel Dias Kanel ABŞ-ın Kubaya qarşı hərbi hücum ehtimalının gündəmdə olduğunu bildirib. Paytaxt Havanada Kuba İnqilabının "sosialist xarakterinin" elan edilməsinin 65-ci ildönümü münasibətilə çıxış edən Kanel ABŞ ilə yaşanan gərginliyə toxunub. Kanel ABŞ-ın Kubaya hərbi müdaxilə ehtimalını vurğulayaraq qeyd edib ki, ölkəsi müharibə istəmir, lakin vəzifələri müharibənin qarşısını almaq üçün hazırlıqlı olmaq və əgər bu qaçılmaz olarsa, qalib gəlməkdir.

ABŞ Prezidenti Donald Tramp Kuba ilə danışıqların aparıldığını bəyan edib. Ağ Evin rəhbəri Kubanı Vaşinqtonla razılaşma əldə etməyə çağırıb və ölkədə iqtisadi vəziyyətin pisləşməsi fonunda humanitar fəlakət riski olduğunu vurğulayıb. Onun sözlərinə görə, embarqo qüvvədə qalır, ölkədə neft və maliyyə çatışmazlığı mövcuddur.