#Vaşinqton

ABŞ Prezidenti Donald Trampı Dünya İqtisadi Forumu çərçivəsində İsveçrənin Davos şəhərinə aparan “Air Force One” təyyarəsi texniki nasazlıq səbəbilə havaya qalxdıqdan qısa müddət sonra geri qayıdıb. Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə açıqlamasında bildirib ki, uçuşdan az sonra təyyarədə elektrik sistemində kiçik texniki problem aşkarlanıb. Onun sözlərinə görə, təhlükəsizlik protokollarına uyğun olaraq uçuş dərhal dayandırılıb və təyyarənin geri qayıtmasına qərar verilib.

İsrail və ABŞ arasında “Pax Silica” təşəbbüsü çərçivəsində süni intellekt və kritik texnologiyalar sahəsində strateji əməkdaşlıq başlanıb. İsrail Baş nazirlik ofisinin açıqlamasına görə, əməkdaşlıq süni intellekt, yüksək informasiya infrastruktur, enerji texnologiyaları, kosmik texnologiyalar, yarımkeçirici materiallar və yeni nəsil istehsal texnologiyaları kimi sahələrdə birgə tədqiqat, investisiya və ticariləşdirmə fəaliyyətlərini əhatə edəcək.

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib. Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın konkret sahələr üzrə dərinləşdirilməsi məsələləri müzakirə olunub. Yılmaz bildirib ki, danışıqlar zamanı iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.

İran ABŞ Prezidenti Donald Trampın mümkün hərbi müdaxilə ilə bağlı açıqlamaları fonunda əksər uçuşlar üçün bağladığı hava məkanını yenidən açıb. ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) yaydığı bildirişlərə əsasən, İran hava məkanı cümə axşamı əksər kommersiya reysləri üçün müvəqqəti olaraq bağlanıb. Məhdudiyyətlər İran Mülki Aviasiya Təşkilatının (CAO) əvvəlcədən verdiyi xüsusi icazə olmadan həyata keçirilən bütün uçuşlara şamil olunub.

İran və İsrail Rusiyanın vasitəçiliyi ilə gizli kanallar vasitəsilə bir-birinə qarşı hücum etməmək barədə razılaşma əldə ediblər. Məlumata görə, İranda dekabrın sonlarında başlayan etirazlardan bir neçə gün əvvəl İsrail rəsmiləri Rusiya kanalı vasitəsilə Tehrana mesaj göndərərək bildiriblər ki, İsrail ilk hücuma məruz qalmadığı halda İrana zərbə endirməyəcək. İran tərəfi də eyni kanalla cavab verərək, hücumdan çəkinəcəyini bildirib.

İran ABŞ-ın ölkəyə mümkün hərbi müdaxiləsi halında regionda yerləşən ABŞ hərbi bazalarına zərbələr endirə biləcəyi barədə ABŞ qoşunlarına ev sahibliyi edən qonşu dövlətləri xəbərdar edib. Məlumata əsasən, ABŞ-ın regiondakı əsas hərbi obyektlərindən biri olan Qətərdəki Əl-Udeyd aviabazasında xidmət edən bəzi amerikalı personalın təhlükəsizlik məqsədilə bazanı tərk etməsi tövsiyə olunub. Diplomatlar bu addımı “mövqe dəyişikliyi” kimi qiymətləndirib və hələlik genişmiqyaslı hərbi evakuasiya əlamətlərinin müşahidə olunmadığını bildiriblər.

Qətərin sabiq baş naziri və xarici işlər naziri Həmd bin Cəssim bin Cabir Al Sani ABŞ ilə İran arasında mümkün hərbi qarşıdurmanın region üçün ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. O, Vaşinqton və Tehran arasında ciddi və qısa danışıqların vacibliyini vurğulayaraq, hərbi eskalasiyanın Yaxın Şərqin sabitliyini təhlükə altına atacağını bildirib. Sabiq baş nazir İran daxilində sabitliyin pozulmasının nəticələri bəlli olmayan xaosa yol aça biləcəyini qeyd edib. Açıqlama regional gərginliyin artdığı bir dövrdə yayımlanaraq sosial şəbəkələrdə geniş və ziddiyyətli müzakirələrə səbəb olub.

Ermənistan Xarici İşlər Nazirliyi “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin icra qaydasını müəyyən edən sənədi dərc edib. Sənəd Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Marko Rubio arasında ötən gün Vaşinqtonda keçirilmiş görüşün yekunlarına əsasən təqdim olunub.

ABŞ hökuməti İranda davam edən etirazlar və təhlükəsizlik risklərinin artması fonunda ölkədə olan ABŞ vətəndaşlarına təcili xəbərdarlıq edib. Məlumatda qeyd olunur ki, təhlükəsizlik şəraiti imkan verdiyi halda, ABŞ vətəndaşları quru yolu ilə Türkiyə və ya Ermənistan ərazisinə keçməyi nəzərdən keçirməlidirlər. Bildirişdə Türkiyə ilə sərhəddə yerləşən Gürbulak, Kapıköy və Esendere gömrük-keçid məntəqələrinin açıq olduğu xüsusi vurğulanıb.

2026-cı il yanvarın 7-də ABŞ hərbçilərinin Rusiya bayrağı altında üzən “Marinera” adlı neft tankerini ələ keçirməsi sadəcə diplomatik qalmaqal deyil. Bu hadisə beynəlxalq nizamın yeni mərhələyə keçdiyini, burada hüquqla güc arasında tarazlığın pozulduğunu və İkinci Dünya müharibəsindən bəri ilk dəfə qlobal dəniz hüququnun sınağa çəkildiyini göstərir. Bir baxışda bu, sanki hüquqi səlahiyyətlərlə sanksiya siyasəti arasındakı ziddiyyət təsiri bağışlayır. Amma əslində söhbət ABŞ hegemonluğunun sərhədlərinin yoxlanılmasından, Rusiyanın isə öz bayrağını yalnız rəmzi deyil, həm də institusional səviyyədə qorumaq gücündən gedir.

İranın ali rəhbəri Ayətullah Əli Xamenei ölkədə davam edən etiraz aksiyalarına münasibət bildirərək ABŞ Prezidenti Donald Trampın açıqlamalarını sərt şəkildə tənqid edib. 86 yaşlı İran lideri çıxışında bildirib ki, Vaşinqton Tehran üzərində təzyiq dili ilə danışmamalıdır və ABŞ rəhbərliyi əvvəlcə öz daxili problemlərinə fokuslanmalıdır.